ABŞ və Qərb nə qədər təzyiq göstərməyə çalışsa da, rəsmi Ankaranı məmnun etmədən Türkiyəni İsveçin NATO üzvlüyünün ratifikasiyasına məcbur buraxmaq mümkün görünmür... Ona görə də, bu məsələnin ən qısa zamanda həlli üçün Ağ Ev ilk növbədə Türkiyənin bütün tələblərinə maksimum səviyyədə həssas yanaşmaq məcburiyyətində qala bilər...
Ukrayna savaşının davam etdiyi bir situasiyada NATO genişlənmə prosesində də israrlı mövqe tutur. Ötən il bu hərbi-siyasi alyansın tərkibinə yeni bir dövlət də daxil oldu. Rəsmi Ankara Türkiyə ilə anlaşmanı böyük ölçüdə icra etmiş Finlandiyanın NATO-ya üzvlüyünü parlamentdə ratifikasiya etdi. Bununla NATO dövlətlərinin ümumi sayı 31 oldu. Və bu sıraya daha bir şimal ölkəsinin - Finlandiyanın qonşusu İsveçin də qatılması gözlənilir.
Halbuki, İsveç elə sərhəd qonşusu Finlandiya ilə eyni vaxtda da NATO sıralarına qatılmaq şansına malik idi. Ancaq İsveçin PKK terrorçularına qucaq açması, bu cinayətkarları rəsmi Ankaraya təhvil verməkdən yayınması, eləcə də Türkiyəyə qarşı hərbi ticarət embarqosu tətbiq etməsi ucbatından bu şansin reallaşması baş tutmadı. Rəsmi Ankara sadalanan problemlərin həllinə qədər İsveçin NATO üzvlüyünü bloklamaq niyyətində prinsipial davranmaqda qərarlıdır. Və Qərbin bu məsələdə xüsusi canfəşanlıq etməsi də Türkiyəni mövqeyində yumşalmaya yönəltmək üçün yetərli görünmür.
Ona görə də, ABŞ və Qərb İsveçin NATO üzvlüyünü tezləşdirmək üçün Türkiyənin bəzi tələblərinə həssas yanaşmaq məcburiyyətində qala bilər. Halbuki, NATO-nun baş katibi Yens Stoltenberq son açıqlamasında bu məsələnin 2024-cü ildə pozitiv planda nizamlana biləcəyinə ümidlərini itirmədiyini də qətiyyən gizlətməyib. Onun fikrincə, İsveç Türkiyə qarşısında götürdüyü öhdəlikləri artıq yerinə yetirib və iyul ayına qədər bu məsələnin həlli mümkün ola bilər.
Ancaq İsveçin NATO üzvlüyü qarşısında digər önəmli faktorların təsiri də olmamış deyil. Belə ki, mövcud situasiyada İsveçin NATO-ya üzvlük məsələsinin necə həll ediləcəyi indi daha çox ABŞ-ın davranışlarından da asılı olacaq. Çünki bu problemin həlli yalnız İsveç və Türkiyənin arasında olan anlaşmaya bağlı deyil. Yəni, Ağ Ev də rəsmi Ankaranın bəzi önəmli tələblərini yerinə yetirməli olacaq.
Rəsmi Ankaranın Ağ Evdən əsas tələbi isə məhz Türkiyəyə "F-16" döyüş təyyarələrinin satışı barədə razılaşmanın icrası ilə bağlıdır. Bayden administrasiyası ABŞ Konqresinin Türkiyə əleyhinə mövqeyini bəhanə edərək, həmin anlaşmanın icrasını gecikdirir. Buna cavab olaraq, prezident Rəcəb Tayyib Ərdoğan da Bayden administrasiyasının İsveçin NATO üzvlüyünü tezləşdirmək çağırışına "Onlara xatırladıram ki, Türkiyənin də parlamenti var" mesajını göndərmişdi. Ona görə də, əgər, ABŞ İsveçin NATO üzvlüyündə israrçıdırsa, Türkiyənin "F-16" döyüş təyyarələrini göndərməlidir. Əks halda, bu məsələ hələ uzun müddət həll edilməmiş qala bilər.
Onu da qeyd etmək lazımdır ki, bir müddət öncə rəsmi Ankara Türkiyə parlamentinin komissiyasında İsveçin NATO üzvlüyünə razılıq verməklə, ABŞ-a növbəti dəfə pozitiv mesaj göndərib. Yəni, rəsmi Ankara bu məsələni Türkiyə parlamentində ratifikasiya etməyə hazırdır. Ancaq buna baxmayaraq, ABŞ-ın öz hərbi-ticari öhdəliklərini gec icra etməsi İsveçin NATO üzvlüyünü də ləngidir.
Digər tərəfdən, Ağ Evin bu dəfə Türkiyəni aldatmaq şansı da demək olar ki, yoxdur. Çünki Türkiyənin Qərbdəki ən yaxın dostu Macarıstan da İsveçi NATO-nun qapıları ağzında saxlayır. Yəni, Türkiyə və Macarıstan bu məsələdə ortaq hərəkət edir. Halbuki, İsveç üçün NATO üzvlüyü indi əvvəlkindən daha çox önəm daşıyır. Çünki Rusiyanın Ukrayna savaşında təşəbbüsü ələ keçirməsi Avropada xof yaratmağa başlayıb. İsveç isə məhz bu səbəbdən Rusiyanın Ukrayna savaşında qələbəsinə qədər NATO-nun "təhlükəsizlik çətiri" altına sığınmağa can atır.
Maraqlıdır ki, NATO rəhbərliyi də Türkiyə-ABŞ ziddiyyətlərinin İsveçin quruma üzvlüyü qarşısında əsas əngəllərdən biri olduğunu etiraf etməyə başlayıb. Hər halda, bu məsələ ilə bağlı açıqlama verərkən, NATO-nun baş katibi Yens Stoltenberq də Türkiyə və ABŞ arasındakı "F-16" danışıqlarına işarə edib. Onun fikrincə, "F-16" probleminin həlli rəsmi Ankaranın İsveçin NATO üzvlüyü şərtləri sırasına daxil edilən növbəti tələbidir.
Məsələ ondadır ki, son illərdə rəsmi Ankaranın NATO üzrə bəzi müvafiqləri, xüsusilə də, ABŞ və Almaniya Türkiyəyə münasibətdə silah satışını məhdudlaşdırıb. Əsas bəhanə kimi isə Türkiyənin NATO-ya əsas rəqib olan Rusiyadan "S-400" raket kompleksləri alması göstərilir. Halbuki, rəsmi Ankara bu addımı məhz NATO ölkələrinin Türkiyəyə hava hücumundan müdafiə sistemlərinin satışından imtinası qarşılığında atmaq məcburiyyətində qalmışdı. Yəni, bəhanə kimi istifadə olunan bu məsələdə də birbaşa günahkar elə ABŞ və Qərbdir.
Bütün bunlara baxmayaraq, ABŞ və Qərb Türkiyə ilə hərbi-siyasi müttəfiqlikdən imtina etmək şansından da hələlik uzaqdır. Çünki Türkiyə Avropanın təhlükəsizlik sistemində böyük əhəmiyyətə malik dövlətdir. Çünki Türkiyənin Qara dəniz hövzəsindəki strateji-coğrafi mövqeyi vazkeçilməz faktordur. Üstəlik, Türkiyə həm də İraq və Suriya ilə sərhədlərə malik olması ilə də Avropanın təhlükəsizlik sistemində cəlbedici dövlət rolunu oynayır.
Məsələ ondadır ki, rəsmi Ankara həmin coğrafi məkanda Avropa üçün real təhlükə mənbəyi sayılan İŞİD və digər terrorçu qruplaşmalar ilə birbaşa mübarizə aparır. Eyni zamanda, NATO da beynəlxalq terrorizmə qarşı mübarizədə məhz Türkiyənin hərbi infrastrukturundan vaxtaşırı istifadə edir. Türkiyə ordusunun NATO-da ABŞ-dan sonra ikinci ən güclü hərbi kontingent olması da bu hərbi-siyasi alyansı rəsmi Ankaraya möhtac buraxır. Və bütün bunlara əlavə olaraq, NATO-dan üzv dövlətlərin xaric edilmə mexanizmlərinin olmaması da Qərbin Türkiyədən asılılığını artırır.
Göründüyü kimi, ABŞ və Qərb nə qədər təzyiq göstərməyə çalışsa da, rəsmi Ankaranı məmnun etmədən Türkiyəni İsveçin NATO üzvlüyünün ratifikasiyasına məcbur buraxmaq mümkün görünmür. Ona görə də, bu məsələnin ən qısa zamanda həlli üçün ilk növbədə Türkiyənin tələblərinə maksimum səviyyədə həssas yanaşmaq lazım gələcək. Yəni, indiki halda, Türkiyəyə "F-16" satışı ilə bağlı anlaşma ətrafında yaranmış böhran müəyyən mənada, İsveçi vurmuş olur. Və İsveçin NATO üzvlüyündə israrlı olan ABŞ-ın bu böhranı mümkün qədər sürətlə həll etməsi önəmlidir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"
Media Qrupu
Paylaş: