ABŞ dövlət katibi Antoni Blinken növbəti Yaxın Şərq turu çərçivəsində ilk olaraq Türkiyəyə səfər edib. Dünən İstanbula gələn Blinken bu gün Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ilə görüşəcək. Blinkenin Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul ediləcəyi gözlənilir.
Ovqat.com-un məlumatına görə, Blinkenin səfərinin əsas məqsədi İsveçin NATO-ya üzvlüyü və Türkiyəyə 40 ədəd F-16 qırıcısının satışını müzakirə etməkdir. Bundan əlavə, keçiriləcək görüşlərdə Azərbaycan-Ermənistan gərginliyi da masaya yatırıla bilər.
İsveç və F-16-lar məsələsi
Məlum olduğu kimi, ABŞ Türkiyəyə İsveçin NATO-ya daxil olmasına razılıq verməsi üçün təzyiq göstərir. Türkiyə isə bunun qarşılığında özünün havadan müdafiə gücünü artırmaq üçün ondan F-16-ların satılmasını tələb edir.
Antoni Blinken, 7 oktyabrda başlayan İsrail-HƏMAS müharibəsindən sonra dördüncü Yaxın Şərq turuna çıxıb və səfərə Türkiyədən başlayıb. İsrail-Fələstin müharibəsi başlayandan bəri bu, Blinkenin Türkiyəyə ikinci səfəridir. İlk səfər ötən il noyabr ayının 6-da baş tutmuşdu. Həmin səfər zamanı Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan ölkənin başqa şəhərində olduğundan onunla görüşməmişdi. Təbii ki, bu arqument İsraili açıq şəkildə dəstəkləyən Blinkenlə görüşməməyin səbəbindən çox, bəhanəsinə oxşayırdı. Çünki həmin vaxt Türkiyədə olan Ərdoğan asanlıqla İstanbula gəlib ABŞ-lı qonağı ilə görüşə bilərdi.
ABŞ Dövlət Departamentinin açıqlaması: “İkitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə edəcək”
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller iki gün əvvəl keçirdiyi mətbuat konfransında Blinkenin Türkiyə səfərinə də diqqət ayırıb. O, qeyd edib ki, Blinken səfər çərçivəsində Türkiyə həmsöhbətləri ilə ikitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə edəcək və bu kontekstdə Türkiyənin ratifikasiya prosesində atacağı və İsveçin NATO-ya daxil olmasına gətirib çıxaracaq son addımları nəzərdən keçirəcək.
Türkiyənin “eyni zamanlı addım” strategiyasına qarşı ABŞ-ın “əvvəl addımı sən at” tələbi
Türkiyəyə səfər etməzdən əvvəl Blinken İsveçin Xarici İşlər naziri Tobias Billström ilə də telefon danışığı aparıb və ABŞ-ın bu ölkənin "daha çox gecikmədən" ittifaqa qoşulmasına güclü dəstəyini təsdiqləyib.
Qeyd edək ki, Türkiyə Prezidenti Ərdoğan ötən ilin iyul ayında Vilnüsdə keçirilən NATO samitində ABŞ-lı həmkarı Co Baydenlə görüşmüş və iki tərəf bəzi razılığa gəlmişdi. Razılığa əsasən, Türkiyə İsveçin NATO-ya daxil olması qarşısındakı vetosunu qaldıracaq, ABŞ isə bunun əvəzində ona F-16 təyyarələrinin satışına izn verəcəkdi. Razılaşmaya uyğun olaraq, Türkiyə Prezidenti oktyabrın 25-də İsveçin NATO-ya üzvlüyü barədə qərar lahiyəsini Türkiyə parlamentinin Xarici İşlər Komissiyasına göndərdi. 26 dekabrda isə parlament komissiyası bu layihəni təsdiqlədi. Hazırda Vaşinqton yanvarın 16-da öz işinə başlayacaq Türkiyə Böyük Millət Məclisinin İsveçin NATO-ya üzv olmasına ən qısa müddətdə son razılığını verəcəyini və Ərdoğanın onu ratifikasiya edəcəyini gözləyir. Bununla da İsveçi NATO-nun 32-ci üzvünə çevirərək Rusiyaya qarşı daha bir təsirli basqı aləti əldə etməyə çalışır.
Türkiyə isə ABŞ-dan almaq istədiyi 40 yeni F-16 qırıcısının satışını İsveçlə "sinxronlaşdırmaq” niyyətindədir və Bayden administrasiyasının bu məsələyə müdaxilə etməsini gözləyir. Dekabrın 15-də Ərdoğan və Bayden arasında aparılan telefon danışığında bu iki prosesin eyni anda həyata keçirildiyinin müzakirə olunması və ABŞ prezidentinin Türkiyəyə F-16 satışına güclü dəstəyini təsdiqlədiyi barədə məlumatlar mediaya sızdırılmışdı.
Ankaranın israrla tələb etdiyi "eyni zamanlı addım" prinsipində əsaslandığı bir neçə manevr imkanları var: İsveçin NATO-ya üzvlüyü əvvəl parlamentdə təsdiq olunmalı, sonra isə Prezident tərəfindən ratifikasiya edilməlidir. Yekun razılaşmanın hansı mərhələdə tamamlanacağı isə bəlli deyil. Görünür, Blinken də öz tərəf-müqabilləri ilə söhbətində bunu müəyyənləşdirməyə çalışacaq.
Ankara ABŞ prezidentindən F-16 satışına dair rəsmi bəyanat gözləyir
Ankaranın Vaşinqtondan xüsusi gözləntiləri var. Bu da ondan ibarətdir ki, Prezident Bayden yanvarın 9-da qanunvericilik fəaliyyətinə başlayacaq ABŞ Konqresi Türkiyəyə F-16-nın satılması barədə lazımi təkliflər paketi göndərsin və bu prosesdə ilk addımı atsın. ABŞ Qanunvericiliyinə əsasən, Konqres 15 gün ərzində bu təklifə etiraz etməsə, Amerika rəhbərliyi satış prosedurlarını həyata keçirməyə başlaya bilər.
Problemin Qəzza düyünü
Məsələ burasındadır ki, Ərdoğanın Qəzza savaşı başlayandan bəri dəfələrlə HƏMAS-ı "müqavimət təşkilatı" adlandımasından sonra ABŞ Konqresində yəhudi lobbisinin də təsiri ilə anti-türk atmosferi daha da güclənib. Ağ ev də məhz bu amili nəzərə alıb prezident seçkiləri ərəfəsində yəhudi lobbisini narazı salmamaq üçün Konqresə təklif göndərməyə istəksiz yanaşır və ilk addımı Türkiyənin atmasını, yəni İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsini istəyir. Söz verir ki, əgər Türkiyə bu addımı atarsa, Ağ evdə ona F-16 təyyarəsinin satılmasını “güclü şəkildə dəstəkləyəcək”. Blinkenin İstanbuldakı görüşündə bunu təkrarlayacağı və prosesin başa çatmasının Türkiyə-ABŞ münasibətlərinə müsbət təsir göstərəcəyi fikrini çatdıracağı gözlənilir. Vaşinqtonun bu səylərinə baxmayaraq, “ilk addımı sən at” təklifi Türkiyənin “eyni zamanlı addımlar” prinsipinə uyğun deyil və ABŞ yetkilisi bu israrını davam etdirərsə, İsveçin NATO-ya üzvlüyü də təhlükəyə düşəcək.
Regional münaqişələr
İstanbuldakı danışıqlarda Qəzzada davam edən münaqişələr, Ukraynadakı müharibə, Qafqazdakı hadisələr və Kipr məsələsinin də müzakirə ediləcəyi gözlənilir.
Qəzza məsələsi
İsrailin mülki şəxslərə hücumlarına mane olmadığına və atəşkəs istəmədiyinə görə ABŞ-ı kəskin tənqid edən Türkiyə üçüncü ayına qədəm qoyan müharibənin ən qısa müddətdə sona çatması üçün Vaşinqtona təzyiq göstərir və onu savaşın bitməsindən dərhal sonra iki dövlətli həll istiqamətində addımlar atmağa çağırır. Ərdoğan və Hakan Fidanın Blinkenə Türkiyənin bu barədə fikirlərini çatdıracağı və Qəzzada müharibə bitməsə, bütün bölgəyə yayılacağına dair ciddi narahatlıqlarını bölüşəcəyi gözlənilir.
PKK və İŞİD məsələsi
Türkiyənin üzərində duracağı digər bir vacib mövzu terrorizmə qarşı mübarizədir. Ankara, Vaşinqtonun əksəriyyəti PKK-çılardan təşəkkül tapan Suriya Demokratik Qüvvələrinə (SDQ) İŞİD-lə mübarizə adı altında hərbi və siyasi dəstək verdiyindən narahatdır və bunu bütün platformalarda dilə gətirir. Türkiyə Suriyanın şimalında fəaliyyət göstərən və SDQ-nin əsas bazasını təşkil edən YPG-ni “PKK-nın Suriya bölməsi” adlandırır və buna görə də onun "terror təşkilatı" kimi tanınmasını istəyir. Lakin bu mövzuda müttəfiqlərindən müsbət cavab almır. Ərdoğan və Fidanın Blinkenə bu istiqamətdə mesajlarını təkrarlayacağı gözlənilir.
Azərbaycan-Ermənistan münaqişəsi
Blinken və Türkiyə yetkililəri arasında aparılacaq müzakirələrdə Azərbaycan-Ermənistan münaqişəsinin də yer alacağı gözlənilir. Cənubi Qafqazın bu iki dövlətinin sülhə yaxınlaşması, vasitəçisiz danışıqlara başlaması və birgə bəyanatlar verməsi, özəlliklə Ermənistan hakimiyyətinin Azərbaycan-Türkiyə ittifaqından gələn təhdidləri bəhanə edib getdikcə Rusiyaya yaxınlaşması Vaşinqton tərəfindən ciddi şəkildə izlənilir. Erməni lobbisinin güclü olduğu bu ölkədə seçki ərəfəsində daxili təzyiq faktorlarının da işə düşməsi ehtimalı Vaşinqtonu narahat etməyə bilməz. Odur ki, Ağ ev bu münaqişənin həllində önəmli rol oynamağa, bir növ Cənubi Qafqazın “yüyənini” öz əlinə almağa çalışır. Cənubi Qafqazın Orta Asiya ilə Avropa arasında birləşdirmə nöqtəsi olduğunu nəzərə alsaq, Vaşinqtonun region ilə bağlı strategiyasının geostrateji önəmini də anlaya bilərik.
Ukrayna və Qara dəniz məsələsi
Blinkenin Türkiyə səfərində Ukrayna məsələsinin də ələ alınacağı gözlənilir. Məlum olduğu kimi, ABŞ daxili siyasi rəqabət nəticəsində Ukraynaya silah verilməsini faktiki olaraq dayandırıb. Buna baxmayaraq, onun strateji müttəfiqi Böyük Britaniya və Avropa dövlətləri Rusiyanın getdikcə artan hücumlarının qarşısının alınmasında və onu Qara dənizdə sıxışdırmaq siyasətlərini davam etdirirlər. Hətta Böyük Britaniyanın Ukraynaya iki “minaaxtaran” gəmi görmək istəməsi ilə bağlı iddialar var. Onun bu istəyinin qarşısında isə Türkiyənin Montro Konvensiyasına əsaslanaraq Aralıq dənizindən Qara dənizə keçid yollarını bağlaması dayanır. Artıq bir çox Avropa nəşrlərində “minaaxtaran” gəmilərin hərbi yox, mülki texnika olduğu və Montro Konvensiyasının bu gəmilərə tətbiq olunmaması barədə yazılar dərc edilir. Görünən budur ki, Qərb dövlətlərinin Türkiyədən əsas istəklərindən biri də boğazların bu tip gəmilərə açılması olacaq. Böyük ehtimalla Blinkenin Türkiyə səfərində bu məsələ də gündəmin əsas maddələrindən birinə çevriləcək.
ABŞ dövlət katibi Blinkenin İstanbuldan sonrakı dayanacağı Krit adası olacaq. ABŞ Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, Blinken Yunanıstandakı təmaslarında Ukraynaya Rusiya və gəmiçilik təhlükəsizliyi ilə bağlı dəstək məsələlərini müzakirə edəcək.
Blinkenin Yunanıstan səfəri çərçivəsində ölkənin Baş naziri Kiryakos Mikotakis və xarici işlər naziri Giorgos Herapetritis ilə görüşəcəyi gözlənilir. Blinken həmçinin yanvarın 11-dək davam edəcək Yaxın Şərq turunda İordaniya, Qətər, Birləşmiş ərəb əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, İordan çayının şərq hissəsi və Misirə də gedəcək.
Ovqat.com
Paylaş: