Xəbər lenti

ABŞ rəsmiləri Nigeri İrana uran yataqlarına çıxış imkanı verən razılaşmaya hazırlaşmaqda ittiham edib.

Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, bu ittiham Nigerin ABŞ-la hərbi razılaşmanı pozmasına səbəb ola bilər.

Qeyd olunub ki, martın ortalarında ABŞ nümayəndə heyəti, o cümlədən dövlət katibinin Afrika məsələləri üzrə köməkçisi Moll Fi və ABŞ Silahlı Qüvvələrinin Afrika Komandanlığının rəhbəri Maykl Lenqli Nigerə gəlib. Səfər zamanı onlar Niger və İran arasında uran hasilatı məsələsində əməkdaşlıqdan narahat olduqlarını bildiriblər.

WSJ-nin yazdığına görə, İran-Niger danışıqları fevral ayında yaxşı irəliləyiş əldə edib. Mənbələrdən birinin məlumatına görə, tərəflər ilkin razılaşmanı imzalayıblar. Digər iki həmsöhbət isə sövdələşmənin yekunlaşmadığını qeyd edir.

Digər tərəfdən, Niger hökuməti martın 17-də ABŞ-la hərbi əməkdaşlıq müqaviləsini dərhal ləğv etdiyini açıqlayıb. Rejimin sözçüsü polkovnik Amadu Abdraman bildirib ki, ABŞ nümayəndə heyəti diplomatik protokola əməl etməyib və heyətinin tərkibi, gəliş tarixi və gündəliyi barədə Nigerə məlumat verməyib. 

Onun sözlərinə görə, danışıqlarda hakimiyyətin orduya verilməsi, iki ölkə arasında hərbi əməkdaşlıq və terrorçularla mübarizədə tərəfdaşların seçilməsi müzakirə olunub.

Məlumata görə, müqavilə ABŞ ordusunun və Müdafiə Nazirliyinin mülki işçilərinin ölkədə qalmasına icazə verir. Nigerin şimalında Amerikanın dron bazası və minə yaxın hərbi qulluqçu var. Bazanın tikintisinə 100 milyon dollara yaxın vəsait ayrılıb.




Ana səhifəyə qayıt        Baxış: 3 420          Tarix: 18-03-2024, 13:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma