Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 22-də İraqa gözlənilən səfəri zamanı 30-a yaxın hökumətlərarası sazişin imzalanması planlaşdırılır.
Bu barədə “Report” “Hürriyyət” qəzetinə istinadən xəbər verir.
Qeyd edilir ki, ən mühüm razılaşmalar Şimali İraqın terrorçu PKK-dan təmizlənməsi üzrə birgə səylərə aid olacaq.
Nəşrin məlumatına görə, Bağdad və Ərbildə aparılan danışıqlarda İraq Kürdüstanında terrorizmlə mübarizə üzrə birgə Əməliyyat Mərkəzinin strukturu və fəaliyyət göstərməsi, İraqın şimalında 30-40 km dərinliyə qədər daimi türk bazalarının yaradılması və PKK-nın əsas bazalarının yerləşdiyi Xakurk, Metin, Zap və Qara rayonlarında təhlükəsizlik zonalarının yaradılması da müzakirə olunacaq.
Türkiyədə Ərdoğanın İraqa səfəri cənub sərhədlərində terrorçuların problemini nəhayət həll etmək üçün əvvəlcədən elan edilmiş planlar kontekstində böyük diqqət çəkir. Yerli mətbuatın yazdığına görə, Ərdoğanın İraqa səfərindən sonra Türkiyə ordusu qonşu ölkənin şimalında böyük sərhəd əməliyyatı keçirə bilər. Daha əvvəl bildirilib ki, yayda Türkiyə İraqla bütün sərhəd xəttini nəzarətə götürəcək.
Paylaş: