Xəbər lenti

 

Qasım Süleymani sui-qəsdindən sonra İraqda yeni situasiya yarandı. İraq şiələrinin ABŞ əleyhinə ritorika mənimsəməsi, ölkə parlamentinin xarici əsgərlərin İraqdan çıxarılması barədə qərar qəbul etməsi, ardından “Sədr” Hərəkatının bir milyondan artıq insanın iştirakı ilə etiraz aksiyası keçirməsi Vaşinqtonu bölgəylə bağlı yeni siyasətlərə yönəlmək məcburiyyətində qoyur. Hazırkı situasiyada ilk ağla gələn isə İraqın etnik və məzhəbi özəllikləri ilə oynanılmasıdır. Yeni sitasiyada ABŞ üçün ən optimal siyasət Kürdüstan məsələsinin yenidən qabardılması və Bağdada kürd kartı ilə təzyiq göstərmək ola bilər. Şimali İraq Kürd Muxtariyyətinin rəsmi Bağdadın ABŞ əsgərlərini ölkədən çıxarmaq qərarına sərt təpki göstərməsi də bu ehtimalı gücləndirir.

İraqda yaranmış yeni situasiyada kürdlər necə bir mövqe tutacaqlar? 2017-ci ildə olduğu kimi yenidən müstəqillik arzusuna düşə bilərlərmi?

Muxtariyyətin prezidenti Nəçirvan Bərzaninin Yaxın Şərqin taleyinə işıq tutan müsahibəsini Ovqat.com oxucularına təqdim edirik.

  

- İnqilab Keşikçiləri Komandirləri Kasım Süleymani və Əbu Mehdi əl-Mühəndisin ABŞ tərəfindən öldürülməsi ilə yeni ilə çox isti bir giriş üşün münbit şərait yaratdı. Bu durum ümumilikdə İraqda və xüsusilə İraq Kürdüstanda güc balansına necə təsir edəcək? İraq parlamenti hökuməti İraqdan ABŞ qoşunlarını göndərməyə çağırdı. Baş nazir Adil Əbdül Mehdi ABŞ-dan qoşunların çıxarılması üçün bir mexanizm yaratmasını istədi. ABŞ qüvvələri həqiqətən geri çəkilib öz ordusunu Şimali İraqda yerləşdirmək istəsə nə olacaq?

- Bu hadisə İraqda və ABŞ-da həssaslıq dalğasına səbəb oldu. Bu duyğular bütün tərəflərin ilk reaksiyasını təyin etdi. Bura İraq parlamentinin və İraqın Baş nazirinin reaksiyası da daxildir. Eyni şəkildə, Vaşinqtonun parlamentdə və hökumətdə nə olursa olsun ABŞ qoşunlarının İraqda qalacağına dair reaksiyası da o anın istiliyi ilə izah edilə bilər. İndiki şəraitdə duyğusallığı bir tərəfə buraxmaq və ağıllı addımlar atmaq hər kəsin prioriteti olmalıdır. İndi nə olursa-olsun vəziyyətə nəzarət etmək lazımdır.

Fikrimizcə, İraq Parlamenti düzgün bir qərar verməyib, kürdlər və sünnilər (sünni ərəblər nəzərdə tutulur) bu qərarda iştirak etməyib Üstəlik, bu qərar mənfi presedent yaradır. Qərar bu ölkənin əsas elementlərindən olan kürdlər və sünnilərlə məsləhətləşmədən şiə bloku tərəfindən qəbul edildi. Razılığa əldə edilmədən çox kritik addım atıldı və bu qərar İraq Konstitusiyasının ruhuna ziddir. Bu, indi və ya gələcəkdə İraq üçün yaxşı heç nə vəd etmir.

 

- Niyə səs verməkdən boyun qaçırırsınız?

- Əvvəlcə veriləcək sual budur: ABŞ qüvvələri niyə buradadır? ABŞ qüvvələri 2014-cü ildə İŞİD Bağdada yaxınlaşarkən İraq hökumətinin dəvəti və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının tövsiyəsilə bölgəyə gəldi. İkincisi, ABŞ və koalisiya qüvvələrinin vəzifəsi İŞİD-ə qarşı mübarizəni dəstəkləmək olduğundan, İraqdakı mövcud vəziyyət bu qüvvələrin ölkədən çıxarılmasına əsas verirmi?

Kürd Muxtariyyəti olaraq cavabımız aydındır: Xeyr. Bütün kəşfiyyat məlumatları İŞİD-in gündən-günə İraqdakı hədəflərə yenidən hücum təşkil etdiyini göstərir. Buna görə ABŞ qüvvələrinin indiyə qədər qalması İraq Kürdüstanı ilə yanaşı bütün İraqın da maraqlarına uyğundur.

-Ancaq Bağdad hökuməti ABŞ qüvvələrini ölkədən çıxarmaq üçün İranın böyük təzyiqi altındadır. Eyni zamanda, prezident Tramp Avropaya İranla nüvə sazişini pozmaq üçün təzyiq göstərir. Buna görə gərginlik yenidən yüksələ bilər. Kürd Muxtariyyəti bu vəziyyətdə nə edəcək?

   

-Bir neçə gün əvvəl Baş nazir Adil Abdul Mehdinin ziyarətində bu məsələnin münaqişə yolu ilə deyil, dialoq yolu ilə həll etmək istədiyini müşahidə etdik. ABŞ və koalisiya qüvvələrinin gələcək mövcudluğu üçün yeni bir düstur və ya yeni bir konfiqurasiya tapmaq gündəmdədir.

-Yəni bu güclər qalacaq?

-Bəli. ABŞ və koalisiya qüvvələrinin mövcudluğunun bütün İraq üçün əvəzsiz olduğuna inanırıq.

-İraq Baş naziri də bununla razıdır?

-Bəli. Mövcud vəziyyət, əlbəttə ki, onu narahat edir, lakin praqmatik bir insandır və bu qüvvələrin İraqda mövcudluğunu yenidən müəyyənləşdirmək və yenidən qurmaq istəyir. Hesab edirəm ki, İraq-ABŞ münasibətləri media vasitəsi ilə tənzimlənməməlidir. Bu, proseslərə kömək etmir.

-Ancaq İraq Baş nazirinin özü şəxsən ABŞ qüvvələrinin ayrılmasını tələb edirdi. Sizcə, bunu İranın təzyiqi ilə edir?

-İraq Baş naziri olaraq, düşünürəm ki, onun gileylənmək hüququ var. Baş nazirin xəbəri olmadan hava limanına yaxın bir ərazidə İraq ərazisində belə bir vacib əməliyyatın aparılması şübhəsiz ki, Bağdadın mənfi reaksiyasına səbəb oldu.

-Nə baş nazir, nə də İraq hökumətinin digər üzvləri və ya Kürd Muxtariyyətinin əməliyyatdan əvvəlcədən xəbərdar olmadığını söyləyirsiniz?

 

- Bəli, bunu deyirəm. Məlumat yoxdu. Heç bir əməkdaşlıq yox idi. İndi ən yaxşısı, İraq və ABŞ arasında ABŞ hərbi mövcudluğunun gələcək formatı ilə bağlı ciddi bir dialoqun başlanmasıdır. Heç kim media üzərindən “qumbara” atmamalıdır.

-Ancaq İranın Bağdadı əks istiqamətə çəkəcəyi açıq-aşkar görünür. İranın ABŞ-dan qisas almağa çalışmasını və Ərbildəki hərbi bazanı raket hücumuna məruz qoymasını necə qiymətləndirirsiniz?

- İraq rəhbərliyi ölkənin maraqlarını, təhlükəsizliyini və sabitliyini hər şeydən üstün tutmalıdır. Bu raket hücumuyla İran İraqın hər yerinə vurmaq niyyətində və gücündə olduğu mesajını açıq şəkildə verdi.

“Biz İrandan qorxmuruq”

-Bir də diplomatik atəş açıldığını gördük. İranın Ərbildəki baş konsulu Kürd Muxtariyyətinin Qasım Süleymaninin öldürülməsinə kifayət qədər reaksiya verməməsindən şikayətləndi. Aydındır ki, İranın sizdən gözləntiləri var, amerikalıların da gözləmələri var. Bağdaddakı səfirliyə hücumdan sonra verdiyiniz ifadədən məmnun qalmadılar. Özünüzü kifayət qədər sıxılmış hiss etməlisiniz.

-Kürdüstanda İraqın İran-ABŞ-ın hesablaşdığı döyüş bölgəsi olmasını istəmirik. İraqın ABŞ ilə əlaqələri çox vacibdir. Ancaq İran qədim zamanlardan bəri qonşumuzdur. Baş nazir Mehdi vəzifəyə başladığı gündən İran-ABŞ qarşıdurmasına sürüklənməməyə çalışır.

 

- Ancaq sürükləndi.

- Bəli.

- İrandan qorxursunuz?

- Xeyr, biz İrandan qorxmuruq, amma ona hörmət edirik.

- Vitse-prezident Mayk Pens noyabr ayında buraya gələndə sizi prezident Trampla Ağ Evdə görüşməyə dəvət etdi. Bildiyimə görə, dekabr və ya yanvar ayında Vaşinqtona getməyiniz gözlənilirdi. Nə oldu? İndi Vaşinqton və Tehran arasında seçim etmək çətinliyi ilə üz-üzəsiniz?

- Xeyr. Dəvət qüvvədə qalır, lakin tarixi hələ təyin edilməyib. Dəvət göndəriləndə hadisələrdən heç biri – nə Süleymana sui-qəsd və nə də Baş nazir Əbdül Mehdinin istefası olmamışdı. ABŞ bizi İraqın bir hissəsi kimi görür və bu şəkildə bizimlə münasibət qurur.

- Doğrudur, amma bəzi mülahizələrə görə, sizin ABŞ-a dəvət edilmənizin səbəbi oktyabr ayında Suriyalı kürdlərə hücum edən Türk qüvvələrinə yol açan Trampın bu qərara qəzəblənən Konqresi sakitləşdirməkdir. Onlar əslində Suriya Demokratik Güclərinin (SDG) komandiri Mazlum Kobanini dəvət etmək istəyirmişlər, amma Türkiyə elə sərt reaksiya göstərdi ki, sizin üzərinizdə dayanmalı oldular.

- Hər kəs öz maraqlarını düşünür. Onların maraqları bunu tələb edə bilər və bizim də öz maraqlarımız var.

 

Şəkildə: Bərzani Davosda ABŞ prezidenti ilə görüşdü


- Bütün bunlardan sonra Davosda prezident Trampla görüşəcəksiniz?

- Xarici işlər nazirimizdən soruşmalıyam. Trampın Davosa gələcəyi də bəlli deyil, amma Davosda vitse-prezident Pens ilə görüşəcəyəm.

-Qasım Süleymaninin ölümündən sonra meydana gələn situasiyanın Vaşinqtonu Kürd Muxtariyyəti ilə münasibətlərini yenidən baxmağa məcbur etdiyini və strateji tərəfdaş statusunuzu artırdığını söyləmək olarmı?

- Qanuni və konstitusiya statusu ilə Kürd Muxtariyyəti İraq məsələsində özünəməxsus əhəmiyyətə malikdir. Ancaq hazırkı vəziyyətdə ABŞ-ın İraqa qarşı siyasəti vahid İraq siyasətidir.

- Bu həm də sizin siyasətinizdir?

Bərzani: Bəli.

-Yəni özünüzü Vaşinqton və Bağdad arasında potensial vasitəçi kimi görürsünüz?

- Əlbəttə, belə görürük və rolumuzu yerinə yetirəcəyik. Baxışımız budur ki, bizim bu rolu üzərimizə götürməyimiz və Vaşinqton-Bağdad münasibətlərində sabitliyin qoruması vacibdir

-Bəs Vaşinqtonla Tehran arasında necə, vasitəçi olarsınız?

- Biz bölgədəki sabitliyə və barışa töhfə vermək üçün təvazökar imkanlarımız daxilində əlimizdən gələni etməyə hazırıq.

- Tezliklə Tehrana səfəriniz gözlənilirmi?

- Belə bir dəvət var, amma hələ tarix müəyyənləşdirilməyib.

 

Şəkildə: Davos, Ermənistan prezidenti  Armen Sarkisyanla görüş


- Rusiyanın bölgədəki roluna gəlsək, Prezident Putin Suriyada və indi Liviyada fövqəladə fəallıq göstərir. Rusiya İraqda hansı rol oynaya bilər?

- Rusiyanın bu bölgədə əhəmiyyətli bir rol oynadığı aydındır. Bunu Suriyada, Liviyada görürük. Rusiya İraqla yaxşı münasibətdədir.

-Və?

- Bu qədər.

-2019-cu ilin mart ayında demişdiniz ki, SDG (PKK-nın dominantlıq etdiyi Suriya Demokratik Gücləri) Suriya rejimi ilə ən qısa müddətdə anlaşmalıdır. SDG Suriya hökuməti ilə görüşür, lakin Suriya hökumətinin siyasi hüquqları, konstitusiya zəmanətləri ilə əlaqəli siyasi status baxımından kürdlərə hər hansı bir şey vermək istəməsinin ən kiçik bir əlaməti yoxdur. İndi SDG üçün məsləhətiniz nə olacaq?

- Məsləhətim yenə eynidir.

- Yəni tam təslimiyyətimi qəbul etsinlər?

- Prinsipcə, Suriyadakı kürd məsələsinin Suriya sərhədləri daxilində həll edilməli olduğuna inanırıq. Bəli, əlbəttə, Şam rejiminin daha yumşaq davranmasının lazım olduğuna inanıram. Suriyadakı kürdlər Suriyanın bir hissəsidir. Təəssüf ki, Baaz (Bəşər Əsədin partiyası) zehniyyəti hələ də bir maneə kimi qarşıda dayanır. Yenə də ruslar bu münasibətlərdə fərq yarada bilər. Bir müddət əvvəl Lavrovla görüşümdə xüsusi olaraq xahiş etdim ki, rejimlə kürdlər arasında razılıq əldə olunmasına çalışsınlar. Hesab edirəm ki, prezident Putin bu məsələdə daha çox cəhd etməlidir.

“Kürdlər Türkiyəni qıcıqlandırmaq üçün əllərindən gələni etdilər”

- Amma rusların Suriyada kürdlərin maraqlarına zidd olacaq şəkildə Türkiyə əməkdaşlıq etdiyini görürük.

- Keçmişdə, bu gün və gələcəkdə olan və olacaq tövsiyələrimiz Suriyalı kürdlərə rejimlə anlaşması üçün bir yolun tapmasına xidmət edir. Mən onlara dəfələrlə demişəm ki, Qəndildə PKK ilə əlaqələrini kəsin.

Bu mümkündürmü?

 

- Mənim fikrimcə, SDG Türkiyəni təhrik edəcək hər şeyi edir. Dərhal Türkiyə sərhədində PKK bayraqları və Abdullah Öcalanın nəhəng posterlərini asmaq kimi ...

- Lakin Türkiyənin şimal-şərq Suriyadakı hərəkatını başlatdığı 9 oktyabr əvvəlində SDG Türkiyəyə bir çox güzəştlərə getdi; Türkiyə-ABŞ hərbi qüvvələrinin ortaq post-patrul dövriyyəsini qəbul etdi və hərbi güclərini sərhəddən çəkdi. Bunları təhrikedici "təxribat" kimi qiymətləndirmək çətindir. Əksinə ...

-O günlərdə iş-işdən keçmişdi. Bu gün gördüyümüz nəticəsində önləmək üçün onlara illərlə PKK-yla əlaqələrini kəsməyi, Türkiyənin qayğılarını anlamağa çalışmalarını söylədik.

-Qəndillə əlaqələri kəsmək nə deməkdir? Suriyadakı kürd rəhbərliyinin bir çox üzvü PKK hərəkatının bir hissəsidir və hələ də Öcalanı simvolik bir lider olaraq görür.

- Bütün təlimatları PKK-dan alırdılar və bu da məlum bir həqiqətdir.

- Hələ də PKK-dan təlimat alırlar?

-Bəli, amma daha az dərəcədə. Bütün hallarda etmələri lazım olan şey Türkiyəni və beynəlxalq cəmiyyəti PKK-nın bir parçası olmadıqlarına inandırmaqdır. Bu mümkün olmasa, vəziyyətin yaxşılaşacağına inanmıram.

- Türkiyə ilə sizin əlaqələriniz nə vəziyyətdədir?

-Türkiyə əlaqələrimiz daim önəmli oldu. Türkiyə yaxşı əlaqələrimiz var. Kürd Muxtariyyətinin Baş naziri [Məsrur ​​Bərzani] prezident Erdoğan ilə çox müsbət bir görüş keçirdi. Bu istiqamətdə getməyə davam edəcəyik.

- İraqın ABŞ və İranın döyüş poliqonu olmasını istəmədiyinizi söylədiniz. Lakin İraq Kürdüstani hal-hazırda Türkiyə ilə PKK-nın döyüş poliqonu vəziyyətindədir. Türkiyə ilə kürdlər arasında sülh prosesinin yenidən başlaması üçün bir ümid var mı?

- İraq Kürdüstanının qonşularımıza qarşı hücum meydanı olmasına icazə verə bilmərik. Əvvəl-axır Türkiyədəki bu problemin sülh yoluyla həll edilməsi lazımdır. Hər dəfə Türkiyə rəsmiləri ilə görüşəndə ​​bunu xatırladıram, deyirəm ki, bu problem hərbi idarələrlə yox, dialoq yolu ilə həll olunmalıdır. Bu hər iki tərəfin xeyrinədir.

 

- Bu, PKK və Öcalanla görüşmək deməkdirmi?

- Bəli, PKK və Öcalan ilə.

-Ancaq Türkiyə hökuməti və prezidenti Ərdoğanın PKK ya da Öcalanla dialoqu yenidən başlamaq niyyəti yoxdur kimi görünür. Sizcə, indi həbsdə olan Xalq Demokratik Partiyasının keçmiş həmsədri Səlahəddin Demirtaş barışıq danışıqlarının bərpa olunmasına kömək edə bilərmi?

Mən mütləq düşünürəm və qəti şəkildə inanıram ki, Demirtaş sərbəst buraxılmalı və bu rolu oynamasına icazə verilməlidir.

-Suriya və Türkiyədəki bir çox kürdə görə, İraq Kürdüstanı rəhbərliyi, Rojava və ya Suriya Kürdüstanındakı muxtariyyət layihəsi çöksə, sıranın özünə gələcəyini tam olaraq qavraya bilmir. Türkiyə və İranın İraq Kürdüstanının arxasına düşəcəkləri, sizin muxtariyyətinizi də dağıdacaqları deyilir. Türkiyə və İranın 2017-ci ildəki müstəqillik referandumuna verdikləri sərt reaksiya bunun dəqiq bir xəbərçisi olaraq görülür. Bu şərhlə razısınız?

- Bu, bir az almanı armudla müqayisə etməyə bənzəyir. İraq Kürdüstan Muxtariyyəti İraqda hüquqi və konstitusiya statusuna malikdir. Bu, İraqda və beynəlxalq səviyyədə qəbul edilmiş bir reallıqdır. Buna görə də İraq Kürdüstanı ilə Rojava (Şimali Suriya – Ovqat.com) arasında paralellik aparmaq mənasızdır. Biz Rojavada və dünyanın başqa yerlərində yaşayan qardaşlarımıza öz ölkələri daxilindəki problemlərini dinc yolla həll etmək üçün fürsət yarandığı zaman kömək etməkdən məmnunuq. Bu fürsətdən istifadə edərək Rojavadakı qardaşlarımızın İŞİD ilə mübarizənin ön cəbhəsində göstərdikləri böyük fədakarlıq, cəsarət və təşəbbüskarlığa görə salamlamaq istəyirəm. Bu məqsədlə etdikləri böyük itkilər yalnız özlərini və Suriyanı deyil, bütün insanlığı müdafiə etmək idi. Buna görə onlara böyük bir təşəkkürümüzü çatdırmağı borc bilirik.

-O zaman SDG-nin düşündüyü kimi,  Suriyanın kürdlərinə bərabərhüquqlu tərəfdaş kimi rəsmi status verilməli olduğuna inanırsınızmı?

- Mütləq, bu olmalıdır. Birləşmiş Suriya çərçivəsində kürdlərin hüquqları konstitusiya ilə qorunmalıdır. Kürdlər bərabərhüquqlu vətəndaş olmalı və kürd kimliyini sərbəst ifadə edə bilməlidirlər.

 

- Süleymani hadisəsindən əvvəl, Bağdadla büdcə, gəlir bölgüsü və neft kimi mövzularda razılığa gələcəyiniz havasındaydınız. Baş nazirin istefası və sonra Süleymanın öldürülməsi bütün bu ümidləri də mi alt-üst etdi? İranın Bağdadı Kürd Muxtariyyətinə maaş ödənişlərini azaltmaq məcburiyyətində saxlaya biləcəyinə dair bir narahatlığınız varmı?

- Mən dəfələrlə Bağdada getdim və uzun danışıqlardan sonra həqiqətən razılığa gəldik. Sentyabrın sonuna qədər demək olar ki, sazişi başa çatdırdıq. Ceyhanda SOMO-ya [İraqın dövlət neft şirkəti] 250 min barel neft payı verməyə hazırlaşırdıq. Neft satacaqdılar və gəlir İraq xəzinəsinə gedəcək, Kürd Muxtariyyəti də öz payını oradan alacaqdı…

- Yaxşı, bəs Türkiyənin payı nə olacaqdı?

- Onların heç bir əlaqəsi yoxdur. Biz Türkiyə tərəfinə yalnız tranzit haqqı ödəməliyik və haradan alınmasından asılı olmayaraq bu, İraq neftidir. Qalan 200 min barel neft bizə aiddir, bununla da neft şirkətlərinin xidmət haqları və bu şirkətlərə olan borclarımızın bir hissəsi ödənilir. Ancaq bu razılaşma artıq süründürməçiliklə üzləşir və aydındır ki, qeyri-müəyyənlik yaxşı bir  şey deyil. Bundan əlavə, qeyd etdiyiniz kimi, 2019-cu ilin mart ayından etibarən dövlət işçilərinin maaşlarının bir hissəsi mərkəzi hökumət tərəfindən mütəmadi olaraq ödənilib. Əmək haqqının 55 faizi. Ayda 380 milyon dollardır. Hamısı budur. Bütün maaşlar ödənilmir. Dövlət işçilərinin əmək haqları və sosial təminatla bağlı aylıq xərcimiz 700 milyon dollardır. 1,2 milyon insan hökumətdən maaş alır. Onlardan 700 mini birbaşa hökumət, peşmərgələr, məmurlar və s. İranın təzyiqi ilə bağlı sualınıza gəlincə, düşünmürəm ki, İran belə işlərə qarışsın, çünki hamımız İraqlıyıq. Əldə olunan razılaşma uzun danışıqlardan sonra ərsəyə gələn ümummilli bir razılaşmadır.

- Kürd Muxtariyyətinin yeni Baş Naziri ilə hökumət kabinetin fəaliyyətini necə qiymətləndirirsiniz? Düzdür, əmiuşağı olduğunuza görə bir-birinizlə neytral qala bilməzsiniz, amma yenə də buna bir cəhd edin.

-Əvvəlki hökumətin fəaliyyətinə baxsanız, Bağdad və daha sonra İŞİD ilə büdcə mübahisəsinə görə tez-tez böhranlı idarəetmə rejimində olduq. Son 10 ildə bir çox uğur qazanıldı, səhvlərə də yol verildi. Bağdad ilə münasibətlərin yaxşılaşması və İŞİD-in torpaq nəzarəti kontekstində məğlub olması ilə yeni hökumət daha möhkəm bir zəmində işə başladı. Hökumət islahat prosesinə qatıldı. İslahatlar həyata keçirir və daha yaxşısını etməyə çalışır. Düşünürəm ki, Baş nazir vəzifəsini yaxşı yerinə yetirir. Kabinetdə yaxşı bir tarazlıq yaratdı. Səmimi deyirəm, öz işini yaxşı yerinə yetirir.

-Ancaq hələ də neft naziri yoxdur.

 

Şəkildə: İraq prezidenti Berham Salehlə görüş


- Tezliklə olacaq, narahat olmayın.

- Kim?

- Həqiqətən bilmirəm, amma indiyə qədər Baş nazir eyni zamanda neft naziri idi.

- Son sual. Sizin partiyanız olan Kürdüstan Demokratik Partiyasının tez-tez səsləndirdiyi vacib bir problem, iqtidarı bölüşdüyünüz Kürdüstan Yurdsevərlər Birliyinin (KYB) lidersiz olmasıdır. KYB-ni kim idarə edir?

- Partiya qurultayı keçirdilər və bütün fərziyyələrə baxmayaraq uğurlu bir qurultay oldu. Bütün daxili işlərini həll etmək üçün bir komitə yaratdılar. Partiyanı kimin ələ alacağı hələ məlum deyil.

- Kim ola bilər?

-Məncə, Berham (İraq Prezidenti Berham Salih nəzərdə tutulur – Ovqat.com).

 

Qeyd: Kürd Muxtariyyətinin prezidenti Nəçirvan Bərzani bu müsahibəni “Al-Monitor”-un Yaxın Şərq üzrə analitiki Amberin Zamana verib.




Ana səhifəyə qayıt        Baxış: 3 291          Tarix: 26-01-2020, 10:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma