Xəbər lenti

ABŞ-də prezidentlik yarışı çərçivəsində mübarizə getdikcə daha kəskin şəkil alır. Demokratlar və Respublikaçılar arasındakı siyasi çəkişmədə artıq silahlar işə düşüb.

Sonuncuların namizədi, keçmiş Prezident Donald Trampa qarşı sui-qəsd cəhdi heç şübhəsiz ki, siyasi terror və zorakılıq aktıdır.

Qeyd edək ki, ABŞ-də tarixən siyasi terror geniş vüsət alıb və rəqiblərin bu yolla sırasan çıxarılması praktikasından hazırda da istifadə edilir. Ölkənin keçmişinə nəzər saldıqda siyasi sui-qəsdlərin heç də az olmadığı diqqət çəkir.

İndiyədək ölkənin dörd prezidenti vəzifə başında ikən öldürülüb.

Avraam Linkoln (1865), Ceyms Qarfild (1881), Uilyam MakKinli (1901) və Con Kennedi (1963) bu aqibətlə üzləşiblər.

Maraqlıdır ki, sui-qəsd nəticəsində qətlə yetirilən ABŞ prezidentlərindən ilk üçü respublikaçı, yalnız sonuncusu demokrat olub.

Bununla yanaşı, 1835-ci ildə Endryu Cekson, 1912-ci ildə Teodor Ruzvelt, 1975-ci ildə Cerald Ford, 1981-ci ildə Ronald Reyqan, 2005-ci ildə Corc Buş sui-qəsdə məruz qalsalar da sağ qurtulmağı bacarıblar.

ABŞ-də dövlət başçıları ilə yanaşı prezidentliyə namizədlər də silahlı hücumların hədəfinə çevriliblər.

1912-ci və 1916-cı illərdə eks-prezident Teodor Ruzvelt seçki kampaniyası zamanı silahlı hücuma məruz qalıb. Hər iki halda da siyasətçi sağ-salamat qurtula bilib.

Keçmiş baş prokuror və Demokratlar Partiyasından prezidentliyə namizəd Robert F.Kennedi 1968-ci ildə Kaliforniyada keçirilən praymerizlərdə qalib gəldikdən bir neçə dəqiqə sonra Los-Ancelesdə silahlı hücumda öldürülüb.

1972-ci ildə sui-qəsdin hədəfi Alabama ştatının keçmiş qubernatoru və prezidentliyə namizəd Corc Uolles olub. Uolles Merilend ştatında seçki kampaniyası zamanı hücum nəticəsində beldən aşağı iflic olub.

Bir sözlə, ABŞ tarixi siyasi rəqabətdə zorakı üsullardan istifadə nümunələri ilə zəngindir.

Donald Trampa gəlincə, belə görünür ki, məhkəmə və digər inzibati resurslar fayda vermədikdən sonra siyasi rəqibin sıradan çıxarılması üçün məhz silahlı terror vasitələrinə əl atılır.

Əslində, belə cinayətlər ört-basdır edilməməli, onların sifarişçiləri müəyyən edilməlidir. Lakin təəssüf ki, ABŞ təcrübəsində bu kimi siyasi terror aktları zamanı izlərin silinməsi adi haldır. Təkcə Con Kennediyə qarşı sui-qəsd və bu hadisənin ətrafında yaranan konspiraloji nəzəriyyələri xatırlamaq kifayətdir.

ABŞ-də gündəlik hal alan silahlı insidentlər fonunda, ölkənin keçmiş dövlət başçısına atəş açılması bir daha əyani şəkildə sübut edir ki, artıq ABŞ heç də təhlükəsiz ərazi deyil. Nəzərə almaq lazımdır ki, xüsusilə noyabrda keçiriləcək prezident seçkisi yaxınlaşdıqca ölkədə gərginlik daha da arta bilər. Odur ki Azərbaycan vətəndaşları ABŞ-yə səfərlərlə bağlı qərar verərkən bu amili diqqətdən qaçırmamalı və ehtiyatı əldən verməməlidirlər.

oxu.az 




Ana səhifəyə qayıt        Baxış: 3 464          Tarix: 14-07-2024, 12:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma