Vaşinqton Rusiyadan Birləşmiş Ştatlar ərazisində fəaliyyət göstərən baş konsulluqlardan birini bağlamağı tələb edə bilər.
Publika.az xəbər verir ki, bu haqda diplomatik mənbələrə istinadən Rusiyanın “Kommersant” nəşri yazıb.
Qərar sentyabrın 1-nə kimi elan edilə bilər. Nəşr xatırladır ki, hazırda Rusiya ərazisində ABŞ-ın üç baş konsulluğu (Sankt-Peterburq, Yekaterinburq və Vladivostok), ABŞ-da isə Rusiyanın dörd baş konsulluğu (Nyu-York, San-Fransisko, Siyetl və Hyuston) fəaliyyət göstərir.
Rusiya baş konsulluqlarından məhz hansının bağlana biləcəyini isə, qəzetin mənbələri dəqiqləşdirməyib.
Bu həftənin əvvəlində ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib ki, ABŞ amerikalı diplomatların göndərilməsinə görə Rusiyaya cavab vermək niyyətindədir. Onun sözlərinə görə, Vaşinqton sentyabrın 1-nə kimi cavab tədbirləri barədə qərar qəbul edəcək. Tillerson bildirib ki, ABŞ-ın planları barədə artıq Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrova xəbərdarlıq edib.
ABŞ xarici siyasət idarəsinin başçısı Vaşinqtonun cavab reaksiyasının necə olacağını isə dəqiqləşdirməyib.
Qeyd edək ki, amerikalı diplomatların göndərilməsi barədə qərar ABŞ Konqresinin Rusiyaya qarşı sanksiyaların qəbulundan sonra atılıb. Sənəd artıq prezident Donald Tramp tərəfindən imzalanıb. Məhdudiyyətlərin yeni paketi 2014-cü ilin əvvəlindən sonra ən genişmiqyaslı olub. Sənəd əsasən Rusiyanın energetika sektorunu hədəf alır.
Moskva ABŞ Konqresinin qəbul etdiyi qanundan sonra sentyabrın 1-nə qədər ölkədəki amerikalı diplomatların sayının 455-ə endirilməsini istəyib. Bu halda 755 diplomat və texniki əməkdaş sentyabrın 1-nə qədər Rusiyanı tərk etməlidir.
Paylaş: