Xəbər lenti

"HƏMAS Qəzza zolağında münaqişənin davam etməsinə görə tam məsuliyyət daşıyır".

Oxu.Az xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri Gideon Saar Serbiya xarici işlər naziri Marko Curiclə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazirin bildirdiyinə görə, İsrail ABŞ Prezidenti Donald Trampın Qəzzada müharibənin dayandırılması və daha yaxşı gələcəyə nail olmaq planını qəbul edib. Saar əlavə edib ki, müharibənin dayandırılmasından hələ də imtina edənlər 7 oktyabr 2023-cü ildə münaqişəni başlayanlarla eyni şəxslərdir - HƏMAS hərəkatıdır.

"Müharibənin davam etməsinə görə HƏMAS tam məsuliyyət daşıyır. Həmçinin son iki il ərzində həm israillilərin, həm də fələstinlilərin çəkdiyi əzablara görə onlar cavabdehlik daşıyırlar. Biz girovların evə qayıtmasını istəyirik; eyni zamanda biz ekstremistlərdən azad, hərbiləşdirilməmiş və İsrailə, onun vətəndaşlarına təhlükə törətməyən bir Qəzza görmək istəyirik", - deyə Saar əlavə edib.

Nazir, həmçinin qeyd edib ki, HƏMAS-ın ABŞ prezidentinin planını qəbul edib-etməyəcəyini gözləmək lazımdır.

"Keçmiş təcrübədən bilirik ki, onlar adətən vaxt uzatmağa çalışır, şərtləri dəyişdirməyə cəhd edir və öhdəliklərdən yayınırlar", - deyə o bildirib.

Xatırladaq ki, Ağ Ev Qəzza zolağındakı münaqişənin həlli planını dərc edib. Sənəd döyüş əməliyyatlarının tam dayandırılmasını və radikal HƏMAS-ın saxladığı girovların 72 saat ərzində azad edilməsini nəzərdə tutur. Həmçinin plan sektoru keçid dövrü üçün xarici idarəetməyə verməyi və orada yaşayan sakinlər üçün həm çıxış, həm də geri qayıtmaq imkanının yaradılmasını təklif edir.

İsrailin Baş naziri Benyamin Netanyahu sentyabrın 29-da Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla birgə keçirdiyi mətbuat konfransında Trampın Qəzzada hərbi əməliyyatların dayandırılması planını dəstəklədiyini bildirib, lakin əlavə edib ki, əgər HƏMAS bu təklifi rədd edərsə və ya ona sabotaj edərsə, İsrail işi öz gücü ilə yekunlaşdıracaq.




Ana səhifəyə qayıt        Baxış: 2 824          Tarix: Dünən, 20:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma