Bu gün Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sarkisyanın Soçi görüşü baş tutacaq.
Publika.az xəbər verir ki, görüşdə iki ölkə liderlərinin Rusiya-Ermənistan münasibətlərinin aktual məsələləri, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı perspektivlərini müzakirə etmələri nəzərdə tutulub.
Liderlər həmçinin ən vacib beynəlxalq, regional mövzular və Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə fikir mübadiləsi də edəcəklər.
Bu görüş Ermənistanın Rusiyaya qarşı atdığı siyasi addımların fonunda təşkil edilir. Belə ki, Ermənistan Moskvadakı erməni lobbisinin də cəhdləri ilə özünü Rusiyanın Qafqazda əsas dayağı, hətta forpostu kimi təqdim edir.
Lakin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistan Rusiyanı xüsusi qıcıqlandıran NATO təlimlərində nümayişkaranə şəkildə iştirak etdi.
Həm Gürcüstan, həm də Ruminiyadakı təlimlərə qatılan işğalçı dövlət gələcəkdə NATO-ya üzv olmaq haqda da müzakirələr aparır. Bunu erməni hərbçiləri təlimlərin gedişində açıq şəkildə dilə gətiriblər.
Rusiyanın Azərbaycan və Ermənistan prezidentləri ilə birlikdə deyil, təkbətək görüşlər həyata keçirməsində məqsəd nədir?
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri Azərbaycan və Ermənistan prezidentləri ilə ayrılıqda görüş təşkil edilməsinin iki məqsədi olduğunu bildirdi:
“Rusiya prezidentinin, xüsusilə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan tərəflərlə təkbətək görüş təşkil etməsi çox xoşagəlməz haldır. Rusiyanın bu siyasəti həm görüntü xarakteri daşıyır, həm də onun geosiyası maraqlarına xidmət edir. Putin bununla göstərmək istəyir ki, Qarabağ probleminin əsas moderatoru, həlledici siyasi faktoru hələ də odur.
İkinci səbəb ondan ibarətdir ki, Rusiya təkbətək görüşləri öz ərazisində keçirməsi ilə Cənubi Qafqazdakı təsir gücünü digər dünya güclərinə nümayiş etdirməyə çalışır”.
Natiq Miri Soçi görüşündə Dağlıq Qarabağ probleminin həllinə dair aparılacaq müzakirələrin heç bir nəticəsi olmayacağını qeyd etdi:
“Putinin münaqişəli ölkələrin prezidentləri ilə görüşü Dağlıq Qarabağ məsələsinə heç də yaxşı təsir göstərməyəcək. Bu görüşlər problemin həllinə yardım etməkdən daha çox Dağlıq Qarabağ problemindən istifadə edərək müəyyən manipulyasiya həyata keçirilməsinə xidmət edir.
Mən düşünmürəm ki, Vladimir Putin Serj Sarkisyanla planlaşdırılmış görüşündə Ermənistana hər hansı təzyiqlər ünvanlayacaq. Əksinə, bu görüşün süni xarakter daşıdığını və sülh danışıqları adı ilə bir çox məsələni pərdələdiyini güman edirəm. Görüş Dağlıq Qarabağın sülh yolu ilə həllinin gecikdirilməsinə xidmət edir. Bu durum da təbii olaraq Azərbaycanın siyasi maraqlarına uyğun deyil. Məhz bu səbəbdən Rusiya prezidentinin Ermənistan prezidenti ilə görüşündən müsbətə doğru hər hansı irəliləyiş gözləmirəm.
Müharibə şəraitində olan dövlətlərin başçılarının görüşməsi üçün hansısa məqamlar və baxış mövqeləri razılaşdırılmalıdır. Bu gün Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bütün məqamlar daban-dabana ziddir. Hər hansı məqam razılaşdırılmadan bir görüşün keçirilməsi müzakirə mövzusu ola bilməz.
Üçlü görüşün keçirilməsi Rusiya və Ermənistan siyasətinə sərf edə bilər. Lakin bu cür görüntü xatirinə təşkil edilmiş görüş Azərbaycan dövlətçiliyinə ziddir. Çünki Azərbaycan bu münaqişədə artıq boş-boş görüşlər deyil, ciddi addımlar görmək istəyir”.
“Ermənistanın Qərb hərbçiləri ilə siyasi görüşlər keçirməsi Moskva üçün hər hansı təhlükə ehtiva edirmi” sualına N.Miri belə cavab verdi:
“Əslində Rusiya bu mövzuda özündən çox əmindir. Çünki bu ölkə Ermənistanda gedən bütün proseslərə tamamilə nəzarət edir. Ayrıca, bu gün Ermənistanın iqtisadiyyatı, demək olar ki, Rusiya oliqarxlarının nəzarətindədir. O cümlədən, Ermənistanın siyasi və hərbi sistemi. Belə olduğu təqdirdə Ermənistanın NATO, yaxud da digər güc strukturları ilə razılaşması onun lehinə və ya Rusiyanın əleyhinə heç nəyi dəyişməyəcək. Ona görə də Rusiya hökumətində belə məqamlara dövlət səviyyəsində reaksiya verilmir. Düşünürəm ki, Ermənistan yazıq sifəti almaqla Qərb ölkələrindən sadəcə maliyyə qoparmaq niyyətindədir. Ona görə də bu, Moskva üçün hər hansı təhlükə daşımır”.
Ermənistanın Rusiya nəzarətindən çıxma ehtimalını dəyərləndirən siyasi şərhçi bu iddianın heç vaxt gerçəkləşməyəcəyini vurğuladı:
“Çünki Qarabağ məsələsi Kreml tərəfindən qabardılmış və idarə olunan bir problemdir. Kremlin iradəsindən kənar hər hansı bir siyasi addımın atıldığı təqdirdə 1999-cu ildə Ermənistan Parlamentində yaşanmış faciəvi hadisələr təkrarlanır. Mənə elə gəlir ki, bu hadisələr gözüçıxmış qardaşlara bir dərs olmalıdır. Sarkisyan Rusiya əleyhinə hər hansı addım atmış olsa, hökumətinin qısa müddətdə devriləcəyini çox yaxşı bilir. Buna görə də Ermənistan hökuməti müstəqil siyasət qəbul edəcək gücdə deyil və edə bilməz”.
Natiq Miri Ermənistan hökumətində inqilabın heç vaxt gerçəkləşməyəcəyini diqqətə çatdırdı:
“Mənə elə gəlir ki, bu daha çox Ermənistanın siyasi hakimiyyətinə təzyiq xarakterli verilmiş bəyanatlardan irəli gəlir. Hazırda Ermənistan toplumu parçalanmış vəziyyətdədir və çox zəifdir.
Əlavə olaraq. Sarkisyan hakimiyyəti birbaşa Rusiyaya bağlıdır. Sarkisyan hakimiyyətinə müxalif olan qüvvələr belə bilavasitə Rusiyaya tabedir. Ona görə də bu gün Ermənistanda hökumət çevrilişi etmək ehtimalı çox zəif dəyərləndirilir”.
Paylaş: