Xəbər lenti

Londonda Qubadlının işğalına qarşı etiraz aksiyası erməniləri qəzəbləndirdi - FOTOLARLondonun səs-küylü küçələrindən birində musiqiçinin cəld barmaqlarının toxunuşu, virtuoz şəkildə ifa edilən skripkanın səsi insan fəryadına bənzəyirdi. Yağış və tutqun səma bu kədərli hadisəyə xüsusi ton verirdi.

Matəm içində olduğunu bildirmək üçün qaraya bürünmüş skripkaçı Qubadlının işğalı günündə doğma Vətəni Azərbaycanın kədərli musiqisini ifa edirdi. Qubadlı rayonu erməni silahlı qüvvələri tərəfindən 24 il əvvəl 31 avqust tarixində işğal edilib.

London küçələrində şəxsi mövqeyin dinc ifa edilməsi Böyük Britaniya qanunlarına uyğun olmasına baxmayaraq, Ermənistan səfirliyinin diplomatı musiqiçinin bu hərəkətinə emosional tərzdə reaksiya verib. Erməni diplomatı hətta musiqiçinin əlindən skripkanı almağa belə cəhd göstərib.

Publika.az xəbər verir ki. Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) London nümayəndəliyinin başçısı Cek Peqoraro Qubadlının işğalı günü barəsində məlumat verdikdən sonra erməni diplomatı Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi faktına sərt cavab verib, əsəblərini cilovlaya bilməyib və sonda polis çağırıb. Hadisə yerinə gələn polis əməkdaşı deyib: “Bura Böyük Britaniyadır. Burada hər kəsin öz dinc etirazını nümayiş etdirmək hüququ var”.

Əsrarəngiz dağlar, möhtəşəm mənzərələr, tarixi abidələr, eləcə də zəngin flora və fauna ilə yaddaşlara həkk olmuş Qubadlının işğalı zamanı 238 dinc sakin qətlə yetirilmişdir. İşğaldan sonrakı beş il ərzində isə 148 nəfər aldığı xəsarətdən vəfat edib.

14 oktyabr 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Qubadlı ilə bərabər Füzuli və Cəbrayıl bölgələrindən dərhal çıxarılmasını tələb edən 874 saylı qətnamə qəbul etmişdir. Bu, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi dörd qətnamədən biridir. Qəbul edildikləri tarixdən 20 ildən artıq bir müddət keçməsinə baxmayaraq, bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib.

Cek Peqoraronun dediklərindən: "Bugünkü etiraz aksiyası Azərbaycanın Qubadlı rayonunun işğalının 24 illiyi ilə bağlıdır. Qara paltar geyinmiş üzü bağlı bir xanımın “Bayatı Şiraz” və “Sarı Gəlin” musiqil əsərlərini ifa etməsi qətlə yetirilmiş və ya öz yurd-yuvalarından didərgin salınmış azərbaycanlılara həsr edilir. Ermənistan səfirliyinin qarşısına yığışaraq biz ermənilərin yadına salmaq istəyirik ki, Azərbaycan Dağlıq Qarabağ və ona bitişik bölgələrin işğalı ilə heç zaman barışmayacaq”.
 




Ana səhifəyə qayıt        Baxış: 582          Tarix: 31-08-2017, 15:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma