Koreya Xalq Demokratik Respublikası (KXDR) ballistik raketin növbəti sınağına hazırlaşır.
Publika.az xəbər verir ki, bu haqda mənbələrə istinadən “Asia Business Daily” nəşri bildirib.
Xəbərə görə, Cənubi Koreya kəşfiyyatı qitələrarası ballistik raketin KXDR-in qərb sahilinə daşınması barədə informasiya əldə edib. Raket sentyabrın 4-də daşınıb. Raketi silah üzrə ixtisaslaşdırılan hərbi institut yaradıb.
Cənubi Koreya parlamentinin təhlükəsizlik komitəsinə təqdim edilmiş proqnoza əsasən, növbəti raket sınağı sentyabrın 9-da – KXDR-in yaranmasının növbəti ildönümündə keçirilə bilər.
Xatırladaq ki, KXDR sentyabrın 3-də hidrogen yükünün müvəffəqiyyətli sınağı haqqında bəyanat verib. Yük qitələrarası ballistik raketlərin təchizatı üçün nəzərdə tutulub.
Yaponiya yükün gücünü 70 kiloton qiymətləndirib. Bu, 1945-ci ildə Xirosima və Naqasakiyə atılan atom bombalarının gücündən bir neçə dəfə çoxdur.
Sınağa cavab olaraq Seul hərbi təlimlər keçirdi və döyüş başlıqlarının çəkisinə qoyulan məhdudiyyətin ləğvi barədə ABŞ-la razılaşdı.
ABŞ prezidenti Donald Tramp bildirdi ki, Vaşinqton özünün və müttəfiqlərinin müdafiəsi üçün bütün vasitələrdən, o cümlədən nüvə silahından istifadə etməyə hazırdır.
Paylaş: