“ABŞ Koreya yarımadasında sülh istəyən beynəlxalq cəmiyyətin iradəsinə məhəl qoymur. Vaşinqtonun yalnız bir hədəfi var: müharibə”.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə Vladivastokda keçirilən Şərq İqtisadi Forumunda Koreya Xalq Demokratik Respublikasının (KXDR) nümayəndə heyətinin başçısı Kim Yon Ce söyləyib:
“Trampın davakar fikirləri və Koreya Xalq Demokratik Respublikasına qarşı ABŞ-ın fitnələri əyani şəkildə göstərir ki, ABŞ Koreya yarımadasında müharibə istəyir”.
Onun sözlərinə görə, Pxenyan ABŞ-ın sanksiyaları və KXDR-ə təzyiq cəhdlərinə güclü əks-tədbirlərlə cavab verəcək:
“ABŞ heç bir halda atom silahı, həmçinin hidrogen bombaları və qitələrarası ballistik raketlərə malik olan dövlətimizin indiki statusunu unutmamalıdır”.
Xatırladaq ki, KXDR sentyabrın 3-də hidrogen yükünün müvəffəqiyyətli sınağı haqqında bəyanat verib. Yük qitələrarası ballistik raketlərin təchizatı üçün nəzərdə tutulub. Bu, Şimali Koreyanın altıncı nüvə sınağıdır.
Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, hidrogen bombasının nüvə yükünün gücü 160 kilotona bərabər olub. Bu, 1945-ci ildə Xirosimaya atılmış atom bombasının gücündən 10 dəfə çoxdur. 72 il əvvəl atılan bombanın gücü 15 kiloton təşkil edirdi.
Paylaş: