Xəbər lenti

 

Seyyidüş-şühəda (ə), səhabələri, övladları və ailə üzvləri elə bir məktəb qoyub gediblər ki, əsrlər boyu bəşərin yaddışında həkk olmuşdur. Onlar üçün bir örnək və nümunəyə çevrilmişdir.

Ovqat.com deyerler.org-a istinadən bildirir ki, Aşura, elə bir məktəbdir ki, bir müsəlmana müsibətlərə səbir etməyi öyrədər. Məsum İmamlar (ə) bu qanlı hadisəni tarix boyu nəql etmişlər. Bu məktəb şeir, dastan, rövzə, mərsiyə şəkilində nəsildən-nəslə ötürülmüşdür. Məsumlar (ə) müxtəlif zamanlarda və müxtəlif yerlərdə bu qanlı hadisəni yada salmış və onu insanların gözündə həmişə canlı saxlamağa çalışmışdılar. İmam Səccad (ə) 20 il qarşısına yemək gələn halda Kərbəla şəhidlərini yada salmış və ağlamışdır. Əgər kimsə İmam Sadiqin (ə) yanında İmam Hüseynin (ə) adını çəksəydi, Həzrət (ə) həmin günü səhərdən axşama qədər heç nə yeməz və gülməzdi. Davud Rəqqi nəql edir: "Bir gün İmam Sadiqin (ə) yanına getmişdim. Həzrət (ə) su istədi. Suyu içən zaman gözləri yaşla doldu və buyurdu: "Davud! Elə bir bəndə yoxdur ki, su içsin və Hüseyni (ə) yada salsın, qatillərinə lənət göndərsin və Allah ona yüz min həsənə yazmasın, yüz min pis rəftarını pak etməsin, dərəcəsini yüz min artırmasın. Bu cür insan sanki yüz min qul azad etmişdir".
İmam Rza (ə) atasından nəql edir: "Nə zaman Məhərrəm ayı gəlib çatardı, atam on gün gülərüz görünməzdi. Qəm və qüssə ona qələbə çalardı. Doqquzuncu gün gəlib çatan zaman isə o günü onun müsibət, qəm və göz yaşı tökən günü olardı".
Məsum İmamlar (ə) özləri ilk mərsiyə məclisi təşkil edən insanlar olmuşdular. Zeyd Həşam nəql edir ki, bir gün kufəlilərlə bir yerdə İmam Sadiqin (ə) xidmətində idik. Bu zaman Cəfər ibni Əfvan gəldi. İmam (ə) onu yanına gətirib buyurdu: "Cəfər! Eşitmişəm ki, Hüseyn (ə) haqqında yaxşı şeir qoşmusan?". Sonra ondan həmin şeiri oxumasını istəyir və Cəfər də oxuyur. İmam (ə) və ətrafındakılar ağlayırlar. İmam (ə) o qədər ağlayırdı ki, göz yaşları mübarək saqqalından axırdı.
Əbu Əmarə nəql edir ki, İmam Sadiq (ə) məndən istədi ki, İmam Hüseyn (ə) müsibəti haqqında şeir oxuyam. Mən şeir oxuyurdun və Həzrət (ə) ağlayırdı.
Dəbəl Xəzayi nəql edir ki, bir gün İmam Rzanın (ə) xidmətinə gedir və tərəfdaşları onun ətrafında əyləşmişdilər. İmam (ə) Dəbəli görən zaman onu salamlayır və "xoş gəlmisən" deyir. Onu öz yanında əyləşdirir. Sonra İmam Hüseyn (ə) müsibətinə ağlamaq və ağlatmaq haqqında danışır. İmam (ə) ayağa qalxır və pərdəni çəkir ki, ev əhli də gəlib onlara qulaq assınlar. Sonra Dəbələ buyurur ki, İmam Hüseyn (ə) haqqında şeir oxusun.
Məsumlar (ə) bu rəftarları ilə İmam Hüseyn (ə) müsibətini yada salır və onun fəlsəfəsini dirçəldirdilər. Məsumlar (ə) eyni zamanda müsəlmanları Kərbəlanı ziyarət etməyə həvəsləndirir və onun fəzilətlərindən danışırdılar. İmam Baqir (ə) buyurur: "Bizim davamçılarımıza Hüseyni (ə) ziyarət etməyi əmr edin ki, onun qəbrinin yanına getmək, onu İmam (ə) kimi qəbul edən hər bir müsəlmana vacibdir".
İmam Sadiq (ə) Ummi Səyidə buyurur: "Ey Səyidin anası! Hüseyni (ə) ziyarət et, çünki onu ziyarət etmək bütün qadın və kişilərə vacibdir".
Kərbəlanı ziyarət etməyin fəziləti çoxdur. Ancaq xüsusi günlər vardır ki, bu savab daha da çox olar. Aşura günündən və İmamın (ə) ərbəinindən başqa Kərbəlanı Ərəfə, Rəcəb ayının əvvəlində və ortasında, Şəban ayının 15-də, Qədr gecələrində, Qurban bayramında və cümə gecəsində ziyarət etməyin savabı daha çoxdur.
İmam Sadiq (ə) buyurur: "İmam Hüseyn (ə) zəvvarlarını atalarından daha yaxşı tanıyır və onlara nəzər salır. O, İmam üçün ağlayan insana nəzər salar, nəinki özü onun üçün istiğfar edər, bəlkə atası İmam Əlidən (ə) də xahiş edər ki, onun üçün istiğfar etsin. İmam Hüseyn (ə) bu şəxsin bütün günahlarına görə istiğfar edər".
Həzrət (ə) başqa yerdə buyurur: "O kəs ki, onun yanında bizi yada salarlar və göz yaşı axmağa başlayar, hərçənd ağcaqanadın qanadı qədər olsa belə, günahları bağışlanar. Hətta əgər günahları dənizin dibi qədər olsa belə". İmam (ə), Əbu Əmarəyə buyurur: "O kəs ki, şeiri ilə 50 nəfəri ağladar, mükafatı behiştdir".
İmamlar (ə) tarix boyu Aşura məktəbini tanıtmış və onun dirçəlməsi və yayılması üçün əllərindən gələni etmişdilər. Bütün bunlar ona görə idi ki, insanlar bu qanlı hadisədən ibrət dərsi götürüb, müsibətlərə səbir edən zaman onları özlərinə örnək hesab etsinlər. Aşura məktəbi - İslamın davamlı və qalıcı olması deməkdir.




Ana səhifəyə qayıt        Baxış: 1 255          Tarix: 26-09-2017, 21:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma