“Hazırda ibtidai sinfə gedən şagirdlərin 65 faizi gələcəkdə elə iş yerlərində çalışacaqlar ki, o iş yerləri bu gün möcud deyil. Bu rəqəm Dünya İqtisadi Forumunun təhlilindən götürülüb”.
Ovqat.com “Report” istinadən xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov qurumun illik hesabat xarakterli tədbirində deyib.
Onun sözlərinə görə, bu da təhsil işçiləri qarşısında mürəkkəb məsələlər qoyur: “Bu da ondan ibarətdir ki, bu gün həmin peşələr mövcud olmadığı təqdirdə təhsil sistemi uğurlu məzunu hansı həyat və peşə üçün hazırlamalı, şagird hansı bilik və bacarığı mənimsəməlidir? Bizə bu cavabları heç kim vermir. Biz belə suallara cavabı həmkarlarımızla birgə işləyərək alırıq”.
Nazir qeyd edi ki, may ayında Təhsil və İqtisadiyyat nazirlikləri arasında memarandum imzalanacaq: “Məzunların əmək bazarındakı dəyərini, iqtisadiyyatın rəqabətliliyini artırmaq üçün iqtisadi perspektivlərimizi daha asanlıqla reallaşdırmaq üçün bizim qurumlar arasında kadrların hazırlığı, sifarişi, uzun müddətli proqnozların hazırlanması və digər istiqamətlər üzrə daha sıx əməkdaşlıq etməyimizə ehtiyac var”.
M.Cabbarov vurğulayıb ki, uğurlu Azərbaycan məzunu bəzi kompitensiyalara malik olmalıdır: “Bura çeviklik, informasiya texnologiyaları sahəsindəki bacarıqlar aiddir. Bunu xüsusilə vurğulamaq istərdik ki, biz bunu ayrı ixtisas kimi deyil, istənilən peşə və ixtisasın zəruri kompitensiyası kimi baxırıq. Öz ixtisası üçün zəruri olan informasiya texnologiyaları biliklərinə malik olmayan insanların əmək bazarında perspektivləri ürəkaçan deyil. Xarici dil bilikləri ya regional, ya da qlobal əhəmiyyətə malik olan bu üç faktoru Azərbaycan məzununa verə bilsək, onların hər zaman əmək bazarında iş yeri olacağına inanırıq”.
Paylaş: