Xəbər lenti

 Daha sözlərimdə ləzzət gəzməyin,

daha sözlərimin tamı da yoxdu.
İndi dadlı yemək hər evdə bişmir,
indi dadlı söz də hamıda yoxdu...

Nə gəzir gül ətri, çiçək qoxusu,
özün bil, istərsən oxuma daha...
Sözdən dəstə tutur baxma çoxusu,
bir ləçək də girmir yuxuma daha.

Sözləri nəzərə, gözə tez gəlir,
Qəlb döyüntüsünü duyan kəslərin...
Sizin ağlınıza təzə söz gəlir,
mənim qulağıma güllə səsləri...

O... “iyirmi faiz” nə boydadırsa,
Bu xalqın o boyda davası çatmır!
Biz dağa qaçırıq hava almağa,
Şuşada dağların havası çatmır!

Əli çənəsində qalan şairə
yurdunun tənəsi, gileyi gəlsin!
Torpağı işğalda olan şairin
gərək sözlərindən qan iyi gəlsin!

İndi təbim belə xoşuma gəlməz,
indi misralarım belə, zəlildi...
Mənim şeirlərim yeriyə bilməz,
hamısı “ikinci qrup əlil”di...

Tək adam adamla yaşıd olmurmuş,
eyni yaşdakılar gör nə qədərdi;
Ay mən yaşdakılar, bir dövrdənik,
bizimlə yaşıtdı Xocalı dərdi...

Daralan ürəyin darvazasına
hələ də əl boyda qara bağlıdı...
Oxucum, bilmirəm, sən haralısan,
mənim şeirlərim Qarabağlıdı!!!




Ana səhifəyə qayıt        Baxış: 826          Tarix: 6-11-2017, 09:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma