Xəbər lenti

   Qaranlıqda qatarın arxa fənərlərinin qırmızı işıqları bərq vururdu. Qatar stansiyadan uzaqlaşdıqca onlar da gecənin qaranlığında əriyib itir, stansiyada adamlar seyrəkləşirdi. Perronda bir Zaur qalmışdı, bir də yaşlı stansiya növbətcisi.

Azca aralıda asfalt yolla maşınlar şütüyürdü. Bu yol  Zaurgilin yaşadığı Çinarlı kəndinin aşağısından keçirdi. Dəmiryol stansiyası ilə kəndin arası üç kilometr ancaq olardı. Bu  yoldan başqa onların kəndinə kəsə cığır yol da vardı. Həmin çığırla kəndə  on beş-iyirmi dəqiqəyə catmaq olardı. Ən yaxşısı çığır yolla getməkdi. Kəndə tez çatmağa, valideynləri ilə, Samirə ilə görüşməyə tələsirdi.

Samirə ilə son görüşləri nəzərində canlandı. Dəmiryol stansiyasına qədər gəlib, onu hərbi xidmətə yola salanlar arasında sevdiyi qız da vardı. Sağıcı qızlar rəfiqələrinin Zaurla söhbət etmələrinə şərait yaratdılar.  Zaurun Samirəyə deməyə o qədər sözü vardı ki? Bu vaxt yerdən çıxıbmış kimi  Gülbala onların qarşısında zühur oldu.

Gülbala Samirənin atası Heydərin əmisi  Umidxan kişinin nəvəsi idi. Ümidxan kişi kəndin ən hörmətli ağsaqqallarından hesab olunurdu. Sovet dönəmində uzun illər kolxoz sədri işləmişdı. Xeyirxahlıqda, insanpərvərlikdə əvəzi yoxdu.  Oğlu Sahib isə ona çəkməmişdi. Xəsis və pulgir adam olduğunu söyləyirdilər. Qonşu kənddə baş mühasib işlərkən kolxoz sədrinin qızi ilə evlənmişdi. Əslində Ümidxan kişiyə böyük  hörməti olduğuna görə Nizaməddin Mirişli qızını onun oğluna ərə verməyə razı olmuşdu. Sahib isə sədrin qoltuğuna sığınmaqla, onun ev-eşiyinə, var-dövlətinə yiyələnmək  fikrində idi. Lakin arzusu gözündə qalmış, acgözlüyü ona baha başa gəlmişdi. Saxtakarlığa yol verdiyinə görə həbs olunmuşdu. Məhkəmədə isə qayına­ta­sının  üzünə durub demişdi ki, guya onu saxta sənədlərə qol çəkməyə Nizaməddin Mirişli vadar edib. Onun mühaki­məsində Ümidxan kişi də iştirak edirdi. O da söz istəmiş,  hamı elə güman etmişdi ki,  Ümidxan kişi oğlunu müdafiə edəcək. Lakin əksinə olmuşdu. O, oğlunu ifşa edərək demişdi ki,  Mirişlini çoxdan tanıyir, gözü,  könlü tox, dövlətin bir qəpiyində gözü olmayan adamdır. Şahidlərin də hamışı onun dediklərini təsdiq etmişdilər. Lakin Nizaməddin  müəllim qızı və yeni doğulan nəvəsi başsız qalmasınlar deyə, cinayəti öz boynuna götürmüşdü. Sahib bəraət almış, Mirişli isə həbs olunmuşdu. Bu hadisədən sonra Ümidxan kişı “Mənim daha Sahib adlı oğlum yoxdur!” – deyib ondan imtina etmişdi. Sahib Qarabağ savaşında itgin düşəndən sonra (Mirişli isə həbs olunandan bir neçə ay sonra vəfat etmişdi) Ümidxan kişi gəlinini və nəvəsini öz yanına gətirmişdi.  Oğlu kimi,  nəvəsi Gülbala da  onu açmırdı. Gülbala zor-bəla kənd məktəbinin doqquzuncu sinfini başa vurduqdan sonra oxumağın daşını atmışdı. O, veyil-veyil gəzir, bir işin qulpundan yapışmırdı. Davakarlıqda da ad çıxarmışdı. Kənddə yetənə yetir, yetməyənə necə deyərlər, bir daş atırdı. Zaurla isə heç yola getmirdi. Bir dəfə o, tay-tuşlarının yanında Zauru güləşməyə çağırmış,  Zaur isə Samirəgilə qohum olduğuna görə onun təklifindən imtina etdikdə, Gülbala onu “qorxaq” adlandırıb lağa qoymuşdu.  Həmin vaxtdan Gülbala hər dəfə Zauru gördükdə ona söz atır,  onun cavab verməməsini qorxmağı kimi yozur, həddini  aşırdı. Əslində Zaur Gülbaladan da dəliqanlı idi.

Bir gün Zaur Samirə ilə məktəbdən qayıdarkən Gülbala yaxınlaşıb onunla üz-üzə durdu.

– Nə Ərəbzəngi kimi yolumuzu kəsmisən?-deyə Samirə zarafata salmaq istədi.

Gülbala qıza:

– Sən get, onunla işim var, -deyə Zaura işarə etdi.
         Samirə nə isə demək istəyirdi ki, Zaur onu saxlayıb etinasız halda Gülbaladan soruşdu:

– Nədir, mənimlə güləşmək istəyirsən?

Bu sozləri ondan gözləməyən Gülbala şaşırdı. Əvvəl nə cavab verəcəyini bilmədi. Samirənin getmədiyini görüb özünü ona göstərmək üçün Zaurun üstünə xoruzlandı:

– Güləşmək  yox, səni şil-küt etmək istəyirəm!

Samirənin yanında təhqir olunmaq Zaura ağır gəldi, daha dözə bilmədi. O,  araya girmək istəyən Samirədən kənara çəkilməsini xahiş edib Gülbalaya yaxınlaşdı və:

– Mən hazır! – deyib müdafiə vəziyyəti aldı.
       Yaşdaş olsalar da,  Gülbala Zaurdan boylu-buxunlu idi.  Bəlkə də o, buna güvənib bir anda irəli şığıdı və  yumruğunu düyünləyib rəqibini vurmaq istədi.  Zaur başını yana əydi və  fürsəti əldən verməyərək onun digər qolunu havadaca tutub arxaya burdu, sonra sağ ayağını  Gülbalanın  ayağınin arxasına verib  var gücü ilə onu geri  itələdi. Gülbala  özünü saxlaya bilməyib  arxası üstə  yerə sərildi.  Samirə dayandığı yerdəcə quruyub qalmış,  sifəti avazımışdı. Zaur Samirəyə doğru  bir-iki addım atmamışdı ki,  başına dəyən küt zərbədən səndirləyib yerə yıxıldı.  Samirə bərkdən qışqırıb özünü onun üstünə atdı. Zaur özunə gəldikdə gözünə ilk dəyən Ümidxan kişi oldu.  O,  qarşıdakı carpayıda oturub fikrə dalmışdı. Zaurun gözlərini açdığını görüb ayağa qalxdı,  titrək barmaqlarını onun saçlarında gəzdirib, köks ötürərək dedi:
       -Sən ağıllısan, Gülbalaya, o bivecə baş qoşma! Nadürüst atasına oxşayıb...

Həmin hadisədən sonra Gülbala Zaurla qarşılaşmaqdan uzaq qaçırdı. Ya onun əvəz çıxacağından ehtiyat edirdi, ya da utandığından üz-üzə gəlmək istəmirdi. Samirə üz vermədiyindən Gülbala onlara da gedə bilmirdi...

Hərbi xidmətdə olduğu müddətdə Zaur az qala hər gün Samirəyə məktub göndərirdi. Sevdiyi qızdan da tez-tez xoş, sevindirici məktublar alırdı. Lakin xidməti başa vurmağa az qalmış Samirədən gələn məktubların arası kəsildi. Zaur bir-birinin ardınca məktublar yazıb göndərsə də, Samirədən  cavab yoxdu. Anasına, dostu Hamletə,  Samirənin rəfiqəsi Dilarəyə yazdığı məktublara da cavab almırdı. Xidmətin son iki ayını  necə başa vurduğunu heç özü də bilmədi...

... Budur, o, kəndə çatır. Toy səsi eşidilir. ”Görəsən hansı bəxtəvərin toyudur?” – deyə Zaur addımlarını yeyinlədir. Musiqi səsləri kənd sakinlərinin üç il əvvəl birgə vəsaitləri ilə tikdirdikləri şadlıq  evindən gəlir. Qonşu həyətdən  iki nəfər çıxır. Küçədən keçən elektrik dirəyindəki lampa onların sifətini işıqlandırır. Biri sevdiyi qız Samirə,  digəri isə onun rəfiqəsi Dilarədir.

– Samirə?! – deyə Zaur qeyri-iradi yerindən qopub sevgilisinə tərəf yüyürür.

Samirə səsindən onu tanıyıb şaşırır.  Dilarə onu görcək:
      – Zaur, bu sənsənmi?-deyib ona  yaxınlaşır.

Zaur onunla mehribanlıqla görüşüb, sonra Samirənin titrək barmaqlarını  ovcunun icərisinə alır. Qəlbinə xoş bir hərarət yayılır, həsrətli gözlərini  qızın  göz yaşlarına bülənd olmuş yanaqlarında saxlayır. Samirənin   sifətində sevinc deyil, bir niskil, kədər oxuyur.  Birdən  Zaurun əli  qızın barmağın­dakı nişan üzüyünə toxunur, ilan vurmuş kimi cəld əlini geri çəkir.  

Samirə iki əli ilə üzünü qapayıb  hönkürə-hönkürə aralanır. Dilarə dalğın halda onun ardınca baxaraq:

– Zaur, Samirədə heç bir günah yoxdur, -deyir, -babası zorla onu ərə verir.

Zaur səsi boğulmuş şəkildə soruşur:

- Kimə?

- Gülbalaya, - deyə Dilarə bildirir, - Sən əskər gedəli Samirəgilin qapısından əl cəkmir. Həsənalı  kişinin buyruq quludur. Elə bu yolla da Gülbala onun  saqqızını oğurlayıb,  Samirəni ona ərə verməyə qocanı razı sala bilib.  Kənddə çoxu buna görə  Samirənin babasını qınayır.  Ümidxan baba da deyir ki, Gülbaladan arvad saxlayan çıxmaz... Səndə də günah var,  Zaur.  Son vaxtlar məktublarının   arasını kəsməyin  Samirəni lap ümidsizləşdirmişdi.

- Yalandır! Mən az qala hər gün ona məktub yazırdım.

-İki aydır ki, səndən məktub gəlmirdi. Samirənin göndərdiyi  məktublara da cavab yazmırdın.

-Mən Samirədən heç bir məktub almamışam? 

Hirsindən Zaurun bədəni titrəyirdi. “Heç şübhəsiz mənim Samirəyə, onun da mənə yazdığı məktubları  ya Həsənalı kişi, ya da Gülbala məhv edib” – deyə fikirləşən Zaur bir anda toy həyətinə atılıb   Həsənalı kişi və  Gülbala ilə hesab çəkmək istədi. Dilarə Zaurun ürəyindən keçənləri hiss edib cəld onun onun qarşısına keçərək:

-Yox, Zaur,  sənə bu vəziyyətdə ora getmək olmaz! -dedi.

Zaur onu eşitdi,  heç nə demədən  ağır addımlarla ondan aralandı.  Arxadan toyun gur səsi eşidilirdi.  Nağaraya dəyən zərbə sanki onun başına çırpılır, qara zurnanın  zil səsi  əsəblərini yerindən oynadırdı. 

Həyətlərində hec kim gözə dəymirdi. Zaur  içəri girməyə tələsmədi.  Anası xəstə idi,  hey ürəyindən gileylənirdi. O, Zaurun qonşu qızı sevdiyini bilirdi və şübhəsiz ki, Samirənin başqasına ərə verilməsi onun əhvalını pozmuşdu. Çox güman ki, heç toya da  getməyib. İndi Zaur özünü sakit aparmalı,  anasının həyəcanını  artırmamalı idi.

Pəncərəyə yaxınlaşıb içəriyə nəzər saldı.  Anası yerdə bardaş qurub nəsə toxuyurdu.  Saçı tamam ağarmış, sifətində qırışlar iz salmışdı.  Gözündə eynək vardı. Zaurun ürəyinə qüssə çökdü.  “Mən əsgər gedəndə anamın saçlarına təzə dən düşmüşdü,  heç eynək də taxmırdı” – deyə kədərlə düşündü. Kiçik qardaşı Eldar stolun arxasında oturub dərslərini hazırlayırdı.  Zaur qapını döymədən  içəri girdi, çamadanını yerə qoyub,  hərbi vəziyyət aldı, sağ əlini qulağına tərəf qaldıraraq  hərbi qaydada dedi:

– Ana,  oğlunuz, kiçik çavuş  Axundzadə hərbi xidmətini başa vuraraq  geri qayıtmışdır!

Nabat xala yaşına yaraşmayan çevikliklə yerindən qalxıb  oğluna sarıldı, Eldar da qardaşının boynuna atıldı. Anası  özünü saxlaya bilməyib  ağladı.  Zaur  kövrəlsə də tez özünü ələ aldı:

– Ay ana, niyə ağlayırsan? Görürsən ki, sağ-salamatam. Hələ üstəlik  kökəlmışəm də.

Anası Nabat xala sanki onun dediklərini yoxlayırmış ki­mi, azca aralanıb oğlunu  diqqətlə süzdü və yenidən qucaqladı. 

Zaur heç nə olmamış kimi soruşdu:

– Bəs, toya niyə getməmisiniz? Kənddə toy çalınır, sizsə evdə oturmusunuz?

Zaur anasının gizlincə köks ötürdüyünü sezdi. Eldar anasını qabaqladı:

– Niyə gedək? Babası Samirəni ayrı adama, o tülü Gülba­laya (uşaq vaxtı toyuq hinlərindən yumurta   oğurladığına görə bu sözü onun adının əvvəlinə kənd arvadları qoşmuşdular) verdi. Biz də ona görə getmirik.

Onun uşaq səmimiyyəti ilə dediyi bu sözlər ox olub qəl­bi­ni deşsə də , Zaur özünü o yerə qoymayaraq  ucadan güldü və za­rafatla:

– Ay səni, dəcəl! – deyib onun saçlarnı qarışdırdı, –hazırlaşın,  toya gedirik!

Nə  Nabat xalanın, nə də Eldarın toya getmək fikirləri yoxdu. Lakin Zaurun sözünü yerə sala bilmədilər. Toya getməyə hazırlaşsalar da, Zaurun özünü belə sakit,  so­yuqqanlı aparmasına təəccüb qalmışdılar.

Nabat xalagilin toya gəlişi  çoxlarını təəccübləndirdi. Toy sahiblərini və içəridəkiləri çaşdıran Zaurun gözlənilmədən “peyda” olması idi.  Bəziləri onun gəlişi ilə toyda qovğa baş verəcəyini düşünürdü.  Lakin belə olmadı. Zaur heç nə olmamış kimi,  toy əhli ilə görüşüb, hal-əhval tutdu,  hətta Həsənalı kişiyə də əl uzatdı. Qoca ondan bu hərəkəti gözləmədiyindən əvvəl karıxdı, sonra isə özünü ələ alıb  Zauru qucaqlayaraq: “Ay Nabat, gözün aydın olsun!” – deyib,  onları  yuxarı başa dəvət etdi.

– Bəs, Ümidxan baba hanı? – deyə Zaur soruşdu.

– Bir az nasazdır, gələ bilmədi, – deyə Həsənalı kişi bildirdi.

 Zaurun uşaqlıq dostları Hamletlə Cabbar  da burada idilər. Görüşüb, qucaqlaşıb söhbət etmək üçün  həyətə çıxdılar.  Məktəb illərini, birlikdə keçirdikləri günləri xatırladılar.  Hamlet də, Cabbar da artıq ali məktəb tələbələri idilər. Bu ara Dilarə onlara yaxınlaşıb salam verdi və Zaurun ovcuna nəsə  sıxdı.  

Zaur dostlarından üzr istəyib  bir kənara çəkildi. Ovcun­dakı  kağız parçası sanki od olub əlini yandırırdı.  Kağızı ürək çırpıntısı ilə açdı. Orada tələsik,  əyri-üyrü xətlə yazılmış bu sözləri oxudu:” Zaur səni Dilarəgildə  gözləyirəm, ora gəl”. 

Zaur bədəninin titrədiyini hiss etdi, ”Görəsən Samirə mənə nə demək istəyir?” – deyə öz-özündən  soruşdu.

Samirə qonaq otağında, divanda əyləşmişdi.  Gözləri qızarmışdı, ağladığı hiss olunurdu.  Hansısa bir qüvvə  sanki Zauru tutub saxladı, qapının ağzında ayaq saxladı. ”Məgər mənim ona yaxınlaşmağa haqqım varmı? Mən hərbi xidmətdə olarkən o, başqasına könül verib,  əhd-peymanı unudub?”-deyə acı-acı düşündü. Samirə bəlkə də  Zaurun düşündük­lərini hiss edərək   divandan qalxdı və ona tərəf  bir neçə adım atıb dayandı.  O, çox arıqlamışdı. Əyninə geydiyi qara parçadan tikilmiş don sanki bədənindən asılmışdı.  Bu  libasda o,  Zaura daha xoş gəlirdi.   Bunu bir dəfə ona demişdi də.  Samirə də həmin vaxtdan qara rəngli paltarlar  geyərdi. Sinif yoldaşları bu geyimdə olduğuna görə zarafatla:” Samirə, olmaya rahibə olmaq fikrindəsən?-deyə soruşardılar. O, Zaura göz vuraraq: ”Qara rəng bütün rənglərin  şahıdır” – deyə cavab verərdi.

 Samirənin titrək səsı onu düşüncələrdən ayırdı:

– Zaur məni bağışla! – deyə o, pıçıldadı, -mən təqsirkar deyiləm. Babam məni Gülbalaya zorla ərə verir .
     Zaur iradəsinin zəiflədiyini hiss etdi. Az qala qışqırıb demək istəyirdi ki, əgər istəsəydin heç  kəs sənə güc eləyə bilməzdi... Zorla özünü ələ alıb:

– Qismətdən artıq yemək olmaz! – dedi və: “Bu iradə məndə hardandır?” – deyə özünə təəccüb etdi.

Samirə bu sözləri gözləmirmiş kimi,  yaş süzülən gözlərini qaldırıb Zaura baxdı. Bu gözlərdə nələr oxunmurdu:təəccüb, küskünlük, ümidsizlik, inciklik və daha nələr? Zaur qızın baxışlarına  dözə bilməyəcəyini hiss edib üzünü yana çevirdi.

Samirə üsyan edirmiş kimi:

-Yox, mən qismətimdən razı deyiləm! – deyib köks ötürdü, – mən səni, yalnız səni seviirəm, – sözünün dalını gətirə bilməyib hıçqırdı. Zaurun heç nə demədiyini,  iki hissin arasında qaldığını görüb göz yaşları içində əlavə etdi, – Düz deyirsən, Zaur.  Görünür, mənim taleyim  belə yazılıbmış? Ancaq xatircəm ol: ölərəm,  ancaq Gülbala ilə bir yasdığa baş qoymaram!

Samirə bu sozləri deyib ayağa qalxdı və iti addımlarla otağı tərk etdi.

Zaurun qəlbindən sanki daş asılmışdı. O, acı bir təəs­süflə:” Ah, Samirə, Samirə! Bu dəfə mən səni həmişəlik  olaraq itirdim” – deyib alnını ovuşdurdu.  Beyni uğuldayırdı, sanki yerindən qopacaqdı.

Daha toy məclisinə qayıtmadı, Küçəyə çıxıb üzüaşağı addımladı. Bir də gördü ki,  Ümidxan kişigilin evinin darvazası önundədir.  Zaur bir qədər düşündükdən sonra qəti hərəkətlə qapını açaraq  həyətə daxil oldu.

Ümidxan kişi  qonaq otağında, divanda uzanmışdı.  Zauru görcək   dikəldi:

– Demək əsgərliyi bitirib qayıtdın, hə? – deyib onu qucaqladı. 

Bir qədər ordan-burdan söhbət etdikdən sonra Zaur azacıq tərədduddən sonra məsələni açıb ona danışdı. Ümidxan kişi bir xeyli dinmədi. O, tələsmədən qəlyanına tütün doldurub odladı, tüstünü acgözlüklə sinəsinə çəkib havaya buraxdı.  Onun nə söyləyəcəyinin intizarında olan Zaura  dedi:

– Toyun başa çatmasına hələ iki gün var.  Mən sabah Samirəni çağırıb özüylə söhbət edərəm.  Hərgah  qızın ürəyi sənədirsə, o,  sənin olacaq!

Zaur  Ümidxan kişigildən keyfi kök halda çıxdı. O,  bu müdrik qocanın xasiyyətinə bələddi. Onun barəsində əbəs yerə demirdilər: “Ümidxan kişi söz verdimi, bir şeyə boyun oldumu,  hökmən əməl edəcək.  O,   sözübütöv adamdır“.  Kənddə hamı Ümidxan kişini belə tanıyir, ona böyük ehtiram bəsləyirdi.

Ertəsi gün səhər eşitdiyi dəhşətli xəbər isə Zauru varından yox etdi. Samirə özünə qəsd etmişdi! Onun xəstəxanaya aparıldığını öyrənib dərhal ora yollandı. Yol boyu: “Əgər dünən axşam Samirəyə xoş üz göstərsəydim, o,  bu fikrə düşməzdı” – deyə özünü günahlandırırdı.

Samirə göz qapaqlarını ağır-ağır qaldırıb başının üzə­rində Zaurun dayandığını görüncə zəif,  güclə eşidiləcək səslə:

– Zaur! – deyıb yenidən huşunu itirdi.

Uç gündən sonra Samirə gözlərini əbədi yumdu.  Bu üç gündə Zaur  onun çarpayısı önündən ayrılmamışdı. Sami­rəsiz yaşamaq onun üçun çətindi. O, süst, dinməz bir adama çevrilmişdi. Özünə yer tapa bilmirdi, daim fikir içərisində idi. Kənddə davam gətirə bilməyib Bakıya gəldi. Tikintilərin birində işə düzəldi . Heç kimə qoşulmur, tək-tənha dolanırdı. Nə gəzməyə, nə də əylənməyə həvəsi vardı. İşdən qayıdandan sonra, istirahət günləri vaxtını kirayə etdiyi təkotaqlı mənzildə  keçirirdi. Samirənin şəklini böyütdürüb başının üstündən asmışdi.  Fikri, xəyalı daim  onunlaydı, nakam məhəbbətini bir an da olsun unuda bilmirdi.  Yuxuda da tez-tez onu görürdü.

Yenə Samirə yuxusuna girmişdi. İlk görüş yerində-çinarlıqda idilər. Bu dəfə sevdiyi qız fikirli idi,  baxışlarından narahatlıq duyulurdu. 

“Nə olub, gözəlim?”

“Sənin halın məni çox üzür, Zaur”

 “Nə edim, özümdən asılı deyil, səni unuda bilmirəm!”

 “Ölənlə ölməzlər! Səndən iki xahişim var Zaur. Məni unutmağa çalış, həyatını  qur! İkinci xahişim də budur ki,  ruhdan düşməyəsən,  hazırlaşıb universitetə daxil olasan.  Be­lə etsən mən də qəbirdə rahat yataram. Məni sevirsənsə, dediklərimə əməl et! Səni Allaha and verirəm!”.

Sevdiyi qızın arzusuna qarşı necə çıxa bilərdi? Düzdür, Samirəni unutmaq o qədər də asan deyildi.  Onu  qəlbindən çıxarmaq çətin, çox çətindi. Lakin Samirənin ikinci xahişinə əməl edir, işdən qayıdandan sonra  şam edib kitabların üstünə düşür, test imtahanlarına ciddi hazırlaşırdı. Sənəd­lə­rini universitetin arxeologiya-mineralogiya fakültəsinə verəcəkdi.




Ana səhifəyə qayıt        Baxış: 1 489          Tarix: 6-05-2017, 22:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma