Xəbər lenti

 

Bir neçə gündən sonra Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 25-cü ili tamam olacaq.

1992-ci il may ayının 7-dən 8-nə keçən gecə Şuşa şəhəri işğal olunub.

300 kvadrat kilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə 24.900 əhali yaşayıb. İşğal  zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri isə əlil olub.

İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı darmadağın ediblər...

 Ovqat.com bildirir ki, Modern.az saytı Şuşanın işğal günü ilə bağlı “1992-ci ilin o günü” layihəsini davam etdirir.

Bu dəfəki müsahibimiz  o zaman Şuşada həkim kimi çalışmış Ramiq Məhərrəmovdur. O, 1992-cü ilin 6 mayını ürək ağrısı ilə xatırlayır...

“Hər top atılanda zirzəmiyə qaçırdıq”

“Mayın 6-sı Şuşada vəziyyət  bir az da gərginləşməyə doğru gedirdi. Hələ aprelin 23-də Qırmızı Xaç Komitəsindən Şuşaya  nümayəndə heyəti gəlmişdi. Onlar dedilər ki, tezliklə sülh danışıqları olmalıdır. “Burdan Xankəndinə gedib ermənilərlə də görüşüb məsələni izah edəcəyik. Tərəflər arasında atəşkəs olmalıdır”, - söylədilər. Onlar görüşün mayın 1-də olacağını demişdilər. Amma  sonrakı prosesdən xəbərsiz olduq. 1992-ci ilin Novruz bayramı axşamı 4 dəfə ermənilərin atəşinə məruz qalmışıq.  Hər atəş zamanı zirzəmidə gizlənib, sonra çıxmışıq. Düşmənin top atəşinin qarşılığında zirzəmilərə girməyə məcbur idik”.

“Yaqub Məmmədova müraciətlərimiz nəticəsiz qalırdı”

Müsahibimiz deyir ki, o zaman Şuşada 3 batalyon var idi.

“Şuşanı müdafiə etmək üçün bizə ordu lazım idi. Buna görə Bakıya-yuxarıdakılara müraciət edirdik. O zaman Rəhim Qazıyev yeni müdafiə naziri təyin olunmuşdu. Vəziyyət dözülməz olduğuna görə Yaqub Məmmədova (o zaman prezident səlahiyyətlərini icra edirdi. N.B) müraciət etmişdik. Müraciətlərimiz nəticəsiz qalırdı. Həmin vaxtlarda Şuşada 3 hərbi dəstə fəaliyyət göstərirdi. Birincisi, Müdafiə Nazirliyinin 777 nömrəli  hərbi hissəsi idi ki, orada  Albert  Aqarunov xidmət edirdi. İkincisi, Şuşanın 816 saylı özünümüdafiə batalyonu idi. Bu batalyona Fəxrəddin Səfərov başçılıq edirdi. Üçüncüsü,  Xalq Cəbhəsinin batalyonu idi ki, ona da Ramiz Qənbərov  rəhbərlik edirdi”.


Ramiq Məhərrəmovun sözlərinə görə, hərbçilərlə yanaşı, mülki əhali arasında da ölən və yaralanan olurdu.

“Şuşanın müdafiəsində həkim kimi xidmət etmişəm. O zaman Müdafiə Nazirliyinə müraciət etdim ki, Şuşada hərbi tibb hissəsi yaradılsın. Onlar da hərbi cərrahiyyə hissəsi yaratdılar. Məni də komandir təyin etdilər. Bakıdan özümlə 11 nəfər həkim və tibb bacısı götürdüm. Həkim heyətinin içində Milli Qəhrəman Gültəkin Əsgərova da var idi. Mülki əhali arasında da yaralılar çox olurdu. Əksəriyyəti mərmi yarası alırdı. Şuşanın işğalına qədər şəhərdə çoxlu evlər dağılmışdı. Evi dağılan insanlar şəhəri tərk etməyə məcbur idi. Şuşa hər gün top atəşinə məruz qalırdı. Elə gün olurdu ki, 7-8 ev dağılırdı. Şuşada qaz xəttini ermənilər dağıtmışdılar. Elektrik xətti və rabitə qovşağında ciddi problem yox idi. Şuşadakı kişilərin hamısı səngərdə idi”.
 

Xocalı faciəsinin Şuşada təkrarlanması qorxusu

Şuşadan olan məcburi köçkün deyir ki, 6 may tarixində insanlar çıxılmaz vəziyyətdə idi.

“Şuşanın işğalı günündə 8 cərrahiyyə  stolunda əməliyyat aparmışıq. O vaxtlar Şuşa xəstəxanasının ərazisi ermənilər tərəfindən işğal olunmuşdu. Biz də Pedaqoji məktəbin zirzəmisində  əməliyyatları edirdik. Hətta binanın dördüncü mərtəbəsinə ermənilər mərmi atmışdılar. Buna baxmayaraq, biz işimizi davam etdirdik. Ardınca ikinci mərtəbəyə mərmi atdılar. Yenə işimizi davam etdirərək sonuncu yaralını da əməliyyat etdik. Sözümün canı odur ki, Şuşanın müdafiəsi uğrunda ciddi döyüş gedirdi. Dinc əhali də ordu hissələrinə  kömək etməyə çalışırdı. Sadəcə, əhali arasında təşviş vardı. Düzdü, insanlarımızı torpaqları qoyub qaçmaqda günahlandıranlar da var. Həqiqət isə başqadır. Ağır artilleriyaya məruz qalanda insanın beyni başqa cür düşünür. Həm də Şuşanın işğalına qədər dəhşətli Xocalı faciəsi baş vermişdi. Xocalıdakı əsir və girovların başına gətirilən müsibətləri heç kəs unutmamışdı. İnsanlar Şuşada da belə bir vəziyyətin baş verməsinin həyəcanını yaşayırdılar”.

“Ermənilər köməyə gələnləri atəşə tuturdular”

Müsahibimiz 1992-ci ildə Şuşada məktəblərin fəaliyyət göstərmədiyini xatırlayır.

“Şuşada məktəblər 1992-ci ilin yanvarında  fəaliyyətini dayandırmışdı. Daha doğrusu, yanvar ayında məktəblilərin qış tətili olmuşdu. Tətildən sonra uşaqlar məktəbə getmədi. Həmin vaxtlar uğursuz “Daşaltı” əməliyyatı zamanı vertolyotun vurulması Şuşaya giriş-çıxışı bağlamışdı. Əsasən Şuşaya vertolyotla gedib-gəlmək mümkün idi. Vertolyot da vurulandan sonra Şuşaya gediş-gəliş çətinləşdi. Şuşa hər gün atəşə tutulurdu. Yaralılar çox olurdu. Onları ancaq gecə çıxartmaq mümkün olurdu. Hətta bizə köməyə gələn bir avtobus dolu polis işçisini  ermənilər atəşə tutmuşdu. Atəş zamanı onların  arasında ölən və yaralananlar olmuşdu. Azərbaycanın bütün rayonlarından polis işçiləri bizə köməyə gəlmişdi. Sonra Bakı 2 nömrəli Tibb Texnikumunun həkim və tələbə heyəti mərmi atəşinə tutulmuşdu. İki tələbə vurulmuşdu”.

 “Ahıska türkləri fədakarlıq göstərirdilər”

Ramiq Məhərrəmovun sözlərinə görə, o zaman insanlar Şuşanın müdafisində fəal idilər.

“Şuşanın Qaymalı kəndi vardı. Həmin kənd Xankəndi ilə həmsərhəd idi. Orada Ahıska türkləri yaşayırdı. Şuşanın müdafiəsində fəal iştirak edirdilər. Şuşa alınmaz qala idi. Hər kəs Şuşanı o cür təsəvvür edirdi. Təəssüf ki, mayın 8-də əlavə qüvvə ala bilmədik. Heç kəs bilmirdi ki, Şuşanı tərk etmək lazımdır. Sadəcə, hərbi rəhbərlik deyirdi ki, Şuşanı tərk etmək lazımdır, Şuşa bombalanacaq. Ermənilər Şuşadan çıxıb gedən maşınları atəşə tutmurdu. Amma Şuşaya gələn bütün maşınlar hücuma məruz qalırdı. Təbii ki, bu da erməni hiyləsi idi. Çalışırdılar ki, Şuşanı tezliklə ələ keçirsinlər”.




Ana səhifəyə qayıt        Baxış: 1 382          Tarix: 6-05-2017, 13:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma