Xəbər lenti

 

Əvvəllər hansısa xarici dili öyrənmək yaşından asılı olmayaraq, bir çoxları üçün  maraq çərçivəsində idisə, indi artıq bu, maraqdan tamamilə uzaqdır. İndi dil öyrənmək insanların qarşısında məcburiyyət kimi qoyulur. Demək olar ki, market işçisindən tutmuş ən yüksək vəzifəyə qədər bütün işlərdə xarici dil bilgisi tələb olunur.

Bəs  Azərbaycanda hər iş üçün xarici dil tələbi nə dərəcədə doğrudur? Ümumiyyətlə, insanların qarşısına məcburiyyət kimi qoyulan xarici dilləri məktəblər və universitetlənə dərəcədə tədris edə bilirlər?

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev Modern.az-a bildirib ki, iş yerlərində xarici dilin əsas götürülməsi qanunun tələbi deyil.

“Ola bilsin ki, iş yerlərinin daxili nizamnaməsi, daxili prinsipləri əsasında işləri ilə bağlı daha keyfiyyətli xidmət göstərmək, əlaqə qurmaqla bağlı xarici dil tələb edə bilərlər. Amma qanunda elə bir şey yoxdur. Xüsusi iş yerləri var ki, orda işçinin  bir və ya iki xarici dil bilməsi oranın maraqlarına uyğundur. Azərbaycan turistik bir ölkədir. Əgər hansısa bir restoran istəyirsə ki, ora çoxlu xarici qonaqlar gəlsin, onda təbii ki, işçidə xarici dil bilgisinə üstünlük verilməsi təbiidir. Və yaxud böyük alış-veriş mərkəzlərində xarici dil tələbi. Bu da normaldır. Çünki alış-veriş mərkəzlərinə də xarici qonaqlarımız gedirlər. Ümumiyyətlə, bu tələbə normal baxıram, dünyanın hər yerində belədir. Lakin xarici dil bilməməsinə görə işə götürməmək və ya işdən çıxarmaq halları qanunun tələbi deyil”.

Musa Quliyev qeyd edib ki, məktəb və universitetlərdə xarici dili mükəmməl şəkildə öyrətməklə bağlı problemlər var.

“Əslində bütün məktəblərdə xarici dil olaraq ingilis dili öyrədilir, lakin onun nə səviyyədə öyrədilməsi məsələsi bir az narahatçılıq doğurur. İbtidai sinifdən başlayaraq bütün məktəblərdə ingilis dili tədris olunur, lakin uşaqlar onu yaxşı mənimsəyə bilirlər, ya yox?! Bu, artıq müzakirə mövzusudur. Digər tərəfdən uşaq özü və valideyn də bu işdə maraqlı olmalıdır”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov bildirib ki, iş yerlərində xarici dil bilgisinin tələb olunmasına dair Əmək Məcəlləsində məhdudiyyət yoxdur.

“Ola bilsin ki, xüsusi iş yeri olduğu təqdirdə, yəni hansı ki, orada xarici dil bilmək vacibdir, işin xarakteri ilə əlaqədar xarici dil tələb olunar. Onlar isə məhdud sayda ola bilər. Ümumən Azərbaycan Respublikasının Əmək Məcəlləsində xarici dil tələb olunmur, lakin xarici dil bilməyi yaxşı hal kimi qiymətləndirə bilərik”.

İsa Həsənov bildirib ki, insanın bir neçə dil bilməsi yaxşı əlamətdir.

“Ancaq bu kriteriya deyil, yəni xarici dili bilmək şərt deyil. Yalnız xüsusi iş yerlərində, məsələn, tərcüməçilik, beynəlxalq əlaqələrlə bağlı iş yerinə gedirsə, təbii ki, xarici dil bilməlidir. Xarici dil bilmir deyə heç bir şəxsə məhdudiyyət qoyula bilməz. Yalnız yenə də qeyd edirəm, şəxsin müraciət etdiyi iş yeri xüsusi iş yeri deyilsə, ondan xarici dil tələb oluna bilməz. Çünki Azərbaycan Respublikasında Azərbaycan dili  dövlət dilidir və bütün idarələr Azərbaycan dilində işləyir. Əgər xüsusi iş yerlərindən başqa, digər iş yerlərində də xarici dil tələb olunursa,  o zaman onlar vətəndaşa qarş qanunsuz tələblər sürürlər”.




Ana səhifəyə qayıt        Baxış: 565          Tarix: 27-09-2019, 12:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma