Xəbər lenti

  

İran Rusiyaya fars və rus dillərinin qarşılıqlı olaraq iki ölkədəki məktəblərdə "ikinci dil" kimi öyrədilməsi təklif edib.

“Hürriyyət” İranın rəsmi xəbər agentliyi İRNA-ya istinadən xəbər verir ki, bu təklif Tehran tərəfindən Moskvaya təqdim olunub.

 Məlumata görə, Rusiyanın paytaxtı Moskvaya səfər edən İran Təhsil və Tərbiyə naziri Məhəmməd Bethai Dumanın Elm və Təhsil Komitəsinin sədri Vyaçeslav Nikonovla görüşüb və öz təklifini irəli sürüb. Bethai bu təklifin Rusiya Təhsil Naziri tərəfindən məmnuniyyətlə qarşılandığını deyib.

 Bethai İranın ruscanı ikinci dil kimi qəbul etmək istəməsinin ingiliscənin hegemonluğuna son qoymaq niyyəti daşıdığını da gizlətməyib:

 "İran ikinci dil olaraq ingiliscənin monopoliyasını dağıtmaq və digər dilləri, xüsusilə də ruscanı ölkədə genişləndirməyi hədəfləyir".

 Dumanın Elm və Təhsil Komitəsinin sədri Nikonov da ölkəsinin təklifə müsbət baxdığını qeyd edib və bəzi təhsil ocaqlarında ikinci dil kimi öyrədilən çincə ilə yanaşı farsçanın da tədrisini planlaşdırdıqlarını bildirib.

 Bethainin bu təklifinə İranda münasibət isə birmənalı deyil. Xüsusilə Azərbaycan türkləri, uzun illərdir, türkçənin ikinci dil kimi tədrisini irəli sürsələr də, heç bir nəticə əldə etmədiklərindən ruscaya göstərilən bu iltifatı sərt təpki ilə qarşılayıblar. Ölkə əhalisinin yarısından çoxunu təşkil edən türklər sosial media üzərindən öz etirazlarını bildiriblər.




Ana səhifəyə qayıt        Baxış: 3 202          Tarix: 21-04-2018, 08:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma