Xəbər lenti

 

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Bakı Dövlət Universiteti,  Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universiteti Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan universitetlərə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Bəs dövlət  ali təhsil müəssisəsinin publik hüquqi şəxs kimi fəaliyyət göstərməsi təhsil sistemində və təhsil müəssisəsinin idarəetməsində hansı dəyişikliklərə yol açacaq?

Lent.az hər kəsi maraqlandıran bu mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədovun fikirlərini öyrənib.

İdarəetmədə publik hüquqi şəxsin mövcudluğunu zəruri hesab edən K.Əsədovun sözlərinə görə, ali təhsil müəssisələri publik hüquqi şəxs elan olunduqdan sonra idarəolunma prosesi bundan sonra ciddi şəkildə dəyişəcək: “İlk növbədə qeyd etmək lazımdır ki, bizdə ali məktəblərin idarə olunması sovetlər dönəmindən qalma prinsiplər əsasında həyata keçirilir. Bu da model kimi dünyada qəbul edilmir. Dünyada reytinq cədvəlində öndə gedən universitetlərin idarəçiliyi daha çevik həyata keçirilir. Bundan başqa publik hüquqi şəxs kimi universitetlərin daha sərbəst maliyyə fəaliyyəti olacaq. İndiki halda onlar hansısa bir maliyyə prosesini həyata keçirmək üçün tabe olduqları yuxarı orqanın razılığını almaq tələb olunur. Amma publik hüquqi şəxs olanda universitetin bu sahədə müstəqilliyi olacaq”.

 

K.Əsədov bildirib ki, publik hüquqi şəxs olması universitetlərə əlavə gəlir əldə etmək imkanı yaradacaq: “İndi universitetin yeganə gəlir mənbəyini tələbələrin təhsil haqları təşkil edir. Lakin publik hüquqi şəxsə çevriləndən sonra digər xidmətlər göstərməsi üçün şərait yaranacaq ki, bu da əlavə gəlir əldə etməyə imkan verəcək. Dünya təcrübəsində universitetin əsas gəlirləri layihələr, xarici ölkələrdən tələbə qəbulu, elmi tədqiqat jurnalları, hazırıq qrupları, tərcümə xidməti və sair təşkil edir. Lakin bu qeyd olunanlar təəssüf ki, bizim universitetlərdə  yoxdur. Bu dəyişiklik məhz həmən gəlirli sahələri universitetlərə cəlb etmək üçün mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu, Azərbaycan ali məktəblərinə yeni nəfəs verəcək və qısa müddətdə universitetlərimizin beynəlxalq nüfuzu qalxacaq”.




Ana səhifəyə qayıt        Baxış: 1 218          Tarix: 22-06-2017, 23:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma