“Nizami” kino mərkəzində “Üçüncü günün adamı” filminin təqdimat mərasimi keçirilib.
Ovqat.com Musavat.com-a istinadən xəbər verir ki, ekran işi " Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb. Qarabağ mövzusunda olan filmə Babək Şirinsifət rejissorluq edib.
Mərasimə mədəniyyət və sənət dünyasının tanınmış simaları qatılsa da, filmin rejissoru Babək Şirinsifət iştirak etməyib. İddialara görə, Nizami Kino Mərkəzinin qapısına kimi gələn rejissor mətbuatda və sosial şəbəkələrdə film haqda yazılan neqativ məlumatlara görə geri dönüb.
Xatırladaq ki, bir müddət öncə “Üçüncü günün adamı” filminin mətbuat üçün təqdimatı keçirilmişdi.
Qeyd edək ki, uzunmüddətli cəzaya məhkum edilmiş filmin qəhrəmanı azadlığa çıxdıqda yaxınları dünyadan köçmüş, doğma rayonu işğal edilmiş olur. Təsadüf nəticəsində tanış olduğu həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedib çıxan qəhrəman nəhayət öz arzusuna çatır. Uçulub-dağılmış evlərini, kənd qəbiristanlığını ziyarət edir və geri qayıtmır.
Filmin ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamları Rafiq Nəsirov, Arif Niftiyev, bəstəkarı Firudin Allahverdi, icraçı prodüserləri Tərlan Babayev, Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.
Ekran işində baş rolları Hikmət Rəhimov, Rasim Cəfərov, Kamran Ağabalayev, Nicat Həbibov, Vidadi Əliyev, Mehriban Zəki, Mətanət Abbasova, Xalidə Quliyeva, Zarina Qurbanova, Məmməd Səfa və Ayşad Məmmədov canlandırıb.
Könül /Musavat.com/
Fotolar müəllifindir
Paylaş: