Xəbər lenti

 

Saytımızın Baş redaktoru şair-publisist Heydər Oğuzun illərdən bəri aktuallığını itirməyən “Ağcanad” şeirini Ovqat.com oxucularına təqdim edirik:

Niyə vızıldayıb səs küy salırsan? 

Məndən istədiyin bir zərrəcik qan.

Yoxsa qan içməyə izin alırsan?

Belə “nəzakətə” canım da qurban.

 

 

Lütfən, ”icazəsiz” alıb payını

Sonra gözlərimdən it, ağcaqanad!

Göndər ziyafətə digər tayını,

Amma vızıltısız get, ağcaqanad!

 

 

Yəqin, düşünürsən bumudur vicdan?

Qoluma qonunca səni vururam.

Amma bulaq kimi kim ki içir qan,

Önündə əsir tək boyun bururam.

 

 

Onlar qan içirlər hər səhər-axşam,

Bir zərrə içirsən sənsə gecələr.

Nədənsə, mən sənə düşmən olmuşam,

Amma qıyıram ki, onlar içələr.

 

Deyirsən: - “icazə almırlar səndən

Qanını əmirlər, duymur ruhun da”

Haqlısan, gizlədim mən bunu nədən?

Elə məsələ də bundadır, bunda.

 

İçərək bu yurdun qara qanını

Artığı paylayıb sağa və sola,

Onlar artırırlar şöhrət-şanını, 

Sənin “tərbiyyən”sə başına bəla.

 

 

İnsan qan əməndə səs duydunmu heç?

Elə içirlər ki, hiss etmir adam.

Sən də içəcəksən adam kimi iç,

Rahatça yaşamaq istərsən, madam.

 

 

Boş yerə halallıq istəmə məndən,

Qan sənin xilqətdən halalca ruzin.

Artıq vızıldama duraraq gendən,

Halal ruzilərə alınmaz izn.

 

 

Halal ruzisindən izn alanı

İnsan dünyasında basıb əzərlər.

Əsla düşünməzlər körpə balanı,

Boynun ələ gəlsə tutub üzərlər.

 

 

Dünyanın təməli atılıb belə;

Əslində nə suçun acgözlüyündür,

Nə də ki, vızıltın düşərdi dilə,

Sənin tək günahın - acizlyindir.

 

 

Lütfən, ”icazəsiz” içib qanımı,

Sonra gözlərimdən it, ağcaqanad!

Qan nədir, istərsən, al da canımı,

Amma səssiz gəlib get, ağcaqanad!




Ana səhifəyə qayıt        Baxış: 1 384          Tarix: 8-05-2017, 07:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma