Müsəlman şərqinin ilk sufilərindən biri (bəlkə də, birincisi), o zamanacan asketik təlim olan sufizmi eşq fəlsəfəsi mərtəbəsinə qaldırmış (bu da təbiidir, çünki yalnız bir qadın Tanrıya kişiyə vurulan sayaq aşiq ola bilərdi) Rəbiyyə əl-Ədaviyyədən soruşurlar: “Ya Rəbiyyə, sən Allahı sevirsənmi?” Cavab verir ki, əlbəttə sevirəm. Soruşurlar: “Şeytana nifrət eləyirsənmi?” Deyir: “Allahın sevgisi qəlbimi elə qapsayıb ki, orada nifrətə yer qalmayıb”.
- ***
Hüseyn Cavid yeniyetməlik, erkən gənclik dönəmlərimdə mənim pərəstiş obyektim idi. Buna onun yalnız yaradıcılığı yox, bəlkə, elə yazdıqları qədər də şəxsiyyəti səbəb olmuşdu.
Mənim Cavidə münasibətim Rəbiyyənin Tanrı eşqinə çox bənzəyirdi - bu eşqin gözlüyündən baxanda onu çuğullayanlar, onun üzünə duranlar, ona zəhərli ox atanlar Cavid adlı qoca palıdın kölgəsində qurumuş kol-kos kimi, tapdanmış ot kimi, çürümüş xəzəl kimi gözə görünmürdülər. Nifrətə belə layiq deyildilər.
***
Bəzən Allah sevdiyini İblisin əliylə qoruyur.
Simvolik dillə ifadə eləməyə çalışdığım bu həqiqət, əslində, dərin fəlsəfi qaynağı, mürəkkəb psixoloji bəndləri, keçidləri olan ilahi mexanizmdir. Rusiyada Bulqakovun, Platonovun, Pasternakın, Şoloxovun, Azərbaycanda Üzeyir bəyin, nə qədər əzab çəkmiş olsalar da, nəhəng, amansız ət maşınından yayınması bu mexanizmin hesabına baş tutmuşdu.
Deyilənə görə, Hüseyn Cavidə də istintaq dövründə (sonrasını təsəvvür eləmək çətin deyil) işgəncə verilməyib. Öz əsərində Tanrı qüdrətiylə idarə elədiyi İblis ona əl qaldırmaqdan utanıb.
***
İndinin özündə də Cavidin şəxsiyyətini cinlərin, şəyatinlərin, ifritlərin, onun dabanını çeynəyən şeytan nökərlərinin arasında təsəvvür eləməyə, şəhid şairin möhtəşəm portretinin fonunu korlamağa qıymıram. Nifrətə belə layiq deyillər.
Mən Hüseyn Cavidi Azərbaycanda ucuz, bayağı bolşevik ədəbiyyatı kanonlarına əsla uymayan ən (bəlkə də, yeganə) antisovet sənətkar kimi tanımışam; hərçənd o, sözün müstəqim mənasında antisovet əsərlər yazmayıb. Qalan ədiblərimizin hamısı bolşeviklərə azdan-çoxdan güzəştə gedib. Bir tək ondan başqa!
***
Cavid geniş diapazonlu sənətkardır. Onu bəzən Şekspirə bənzədirlər, ancaq bu, o qədər də dəqiq bənzətmə deyil. Məsələn, “Topal Teymur”, “Səyavuş” kimi əsərləri, bəlkə də, Şekspirin ədəbi-fəlsəfi dünyagörüşü kontekstində nəzərdən keçirmək olar. Gerçəkdən, birinci pyesin sonunda iki türk cəngavərini, iki hökmdarı üz-üzə gətirən dramaturq yekunda hadisələri böyük bir ustalıqla ümumtürk kontekstindən çıxarıb ümumbəşəri kontekstə salır, əsərə “Hamlet”, “Maqbet”, “Kral Lir” müəllifinin qələminə layiq, incə Molla Nəsrəddin yumoruyla süslənmiş monoloqla xitam verir: “Heç maraq etmə, xaqanım! Sən kor bir abdal, mən də dəli bir topal! Əgər dünyanın zərrə qədər dəyəri olsaydı, yığın-yığın insanlara, ucu-bucağı yox məmləkətlərə sənin kimi bir kor, mənim kimi bir topal müsəllət olmazdı”.
Fəqət “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Xəyyam” kimi pyeslər Şekspir konsepsiyasının çərçivəsinə sığmaz. “Şeyx Sənan” - klassik ürfan ədəbiyyatının səhnə təcəssümü, “İblis” - klassik Avropa poeziyasının qanadlarında əsrlər boyu yol gəlmiş Şeytanın (Lüsifer, Mefistofel) Şərq libasında zühuru, “Peyğəmbər” - islam dini banisinin zəfər yürüşünün teatral salnaməsi, “Xəyyam” - epikürçü, rindanə Şərq poeziyasının mükəmməl xülasəsidir.
Bunların hər biri milli teatr, bütövlükdə ədəbiyyat tariximizdə bir ilkdir. Bu ilklərə Hüseyn Cavid imza atıb.
***
Mənim onunla tanışlığım “Şeyx Sənan”dan başlanıb.
Ötən əsrin altmışıncı illərində işıq üzü görmüş qara üzlü, qırmızı astarlı üçcildliyinin birinci cildi orta təhsili yarıladığım vaxtlarda uzun müddət əlimdən düşmədi. Dili çətin qavrandığından mənzum parçaları dönə-dönə oxuyur, tez-tez ərəb-fars sözləri lüğətinə baxırdım.
Onda yuxuma da girməzdi ki, üstündən iyirmi neçə il ötəndən sonra Şeyx Sənan mənimlə də dialoqa girib keçdiyi yola yenidən baxılmasını istəyər, mən də özümdə cəsarət tapıb Fəridəddin Əttardan Hüseyn Cavidə qədər yol gəlmiş Şeyx Sənana klassiklərlə polemika zəminində yeni tale yazaram, onu əcəl yuxusundan oyadıb yeni bir sərgüzəştlə yer üzünə ezam eləyərəm...
Daha sonra ikinci cildə - “İblis” faciəsinə keçdim. Cavidin yüzilliyi ərəfəsində əsərlərinin yeni dördcildlik nəşri işıq üzü gördü, həmin nəşrdə əvvəlki kitablara salınmamış dramlar, məsələn, “Peyğəmbər” də yer aldı. Bu əsəri biz həm Quranın təfsiri, islamın şərhi, həm də Məhəmməd peyğəmbərin tərcümeyi-halı kimi gözümüzə təpirdik.
***
Cavidin yubileyindən iki il sonra - 1984-cü ildə rejissor Mehdi Məmmədov Dövlət Akademik Dram Teatrının səhnəsində “İblis” mənzum faciəsinə quruluş verdi. Həmin tamaşanın premyerasında iştirak eləmək mənə də qismət oldu.
O gurultunu, o izdihamı, o alqışları indən belə min il yaşasam da unutmaram. On altı yaşım vardı, teatra tez-tez gedirdim, di gəl Azdramanın tamaşa salonunu elə dolu, elə coşqulu görməmişdim. Hamlet Xanızadə İblisin sonuncu monoloqunun son beytinə çatıb “İblis nədir?” sualını zala ünvanlayanda tamaşaçılar bir ağızdan cavab verdilər: “Cümlə xəyanətlərə bais”. Ardınca Xanızadə bir də soruşdu: “Ya hər kəsə xain olan insan nədir?” Yenə bütün salon bir nəfər kimi “İblis!” dedi. Teatrın divarları o gurultudan necə oldu çatlamadı, bilmirəm.
Sonralar anladım ki, bunlar hamısı milli oyanışın müjdəsiymiş. Ölümündən on illər keçmişdisə də, Cavid mənəviyyat sərkərdəsi kimi yenə xalqının önündəydi, öz ideyaları, ideallarıyla millətə bələdçilik eləyirdi.
***
Hüseyn Cavid Turan sevdalısı olsa da, bu, onun başqa millətlərin mədəniyyətinə, ədəbiyyatına sayğı göstərməsinə - çağdaş təbirlərlə desək, multikultural, tolerant platformada durmasına əsla əngəl törətməyib. “Şeyx Sənan”da gürcü qızını eşq ilahəsi mərtəbəsinə qaldırır, “Knyaz” dramının isə mövzusu bütövlükdə gürcü həyatından götürülüb.
Son vaxtlar cənub sərhədlərimizdə cərəyan eləyən gərginlik kontekstində, desək, yerinə düşər: turançı Cavid böyük İran şairinin həyatını, düşüncələrini səhnəyə gətirmək üçün “Xəyyam” pyesini yazıb, üstəlik Turana düşmən münasibətini gizlətməyən Firdovsinin “Şahnamə” epopeyasında yer almış dastanlardan birinin motivləri əsasında (şairin anadan olmasının min illiyinə töhfə kimi) “Səyavuş” əsərini qələmə alıb.
Görəsən, Turanın, türk mədəniyyətinin varlığına belə münasibət göstərən hansısa millətçi fars şairi də tapılarmı?
***
“Səyavuş” faciəsinə bir neçə rakursdan baxmaq olar.
İctimai-tarixi aspektdən yanaşsaq, bu gün quzeyli-güneyli bütöv Azərbaycan xalqı da iki dünya arasında bölünmüş Səyavuşun taleyini yaşayır - bir yarısı Turanda, o biri yarısı İranda. Turan bizim öz evimiz, İran qonşu evidir.
Otuz il bundan qabaq vəziyyət indikindən qat-qat acımalıydı, hər qolumuz bir imperiyanın zəncirinə vurulmuşdu, evimiz zindan idi.
İmperiyalardan birinin zənciri çürüdü, bir qolumuz qandaldan qurtuldu (hərçənd o zəncirin izi biləyimizdə hələ də qalıb). İndi ikinci qolumuzun da qandalı qırılmalıdır ki, qollarımızı bir cüt qanad kimi çalıb doğma evimizə uça bilək, yurdumuzda əbədi sakin olub qohumlara, qonşulara qucağımızı aça bilək.
***
İran şahı Keykavus qoynunda sığınacaq tapdığı gözəl Turan dağlarını Səyavuşdan ötrü cəhənnəmə çevirdi. Min bir məkrlə, hiyləylə onu Turan xaqanı Əfrasiyabın gözündən salıb müsibətinə bais oldu.
Sonunda iki qarı düşmən bir məsumu qanına bələmək üçün birləşdi - zalımların birləşməyi həmişə yaxşıların dil tapmasından qat-qat asan başa gəlir.
Nə qədər ki Keykavus fitnə qazanı qaynadır, kin püskürür, nə qədər ki Əfrasiyab (Alp Ər Tonqa) törəmələri babalarının adını özgələrin dilində səsləndirirlər, tarixini özgələrin kitabından oxuyurlar, bizi Səyavuşun taleyindən sığortalanmış saymaq olmaz.
Ulu Cavidin uzaq ulduzların işığı kimi bu günümüzə, bu saatımıza gəlib çatan əsas mesajı, zənnimcə, bax budur.
Kulis.az
Paylaş: