Xəbər lenti


GÖZ YAŞI İÇİNDƏ YAZDIM

Düz iki il qabaq elə bu vaxtı,

Səhəri qəfil bir xəbərlə açdıq.

Yoxsa, qara qızın gülmüşdü baxtı? – 

Həm çox duyğulandıq, həm də ki çaşdıq.

Qulaqlar asıldı telefonlardan,

Bir az da dikəldi başlar elə bil.

Ruhumuz qurtuldu məhbəsdən, dardan, 

Gül açdı ağaclar, daşlar elə bil.

...Oğlum sevincindən evə sığmayıb,

Hər gün bir “vpn” gəzib tapırdı.

O ilk “tvit”ləri sürpriz sayıb,

O son xəbərləri göydə qapırdı.

Hamı boylanırdı bircə tərəfə,

Hamı bir-birini müjdələyirdi.

Şəhid oğulları qazi atalar

Ağlar-gülər gözlə dəfn eləyirdi.

Neçə qız əlində nişan xınası

İstədi səngərin gəlini olsun.

Dünyası dağılan şəhid anası

Bircə söz bilirdi: “Vətən sağ olsun”! 

Biz gördük; oğullar Vətən uğrunda

Şəhidlik dərsinə necə tələsir...

Biləndə Şuşada yağışlar yağır,

Murovda soyuqlar qılınctək kəsir,

Necə üşüyürdük evimizdəcə?..

Sizdən nə gizlədim, mən onda gördüm;

Necə birləşərmiş bir Millət, necə?

Necə bir olarmış xalq-dövlət necə?..

Hər yer bəzənsə də şəhid şəklilə,

Ürək köksümüzdə canlı, diriydi.

Araz aralıqda qalmışdı elə,

O taylı-bu taylı Vətən biriydi.

Millət ordu kimi sanki hazırdı, 

Ordumuz cəbhədə tarix yazırdı.

...Ayrıla bilmirdim mən radiodan,

O marşlar, mahnılar nəydi, ilahi?

Qırx dörd günə sığan möhtəşəm zaman

Bütün həyatıma dəydi, ilahi.

Hərdən düşkünlüyə qapılanda mən, 

Ürək-dirək verən dostlar çox oldu.

Dünyanın fövqünə yüksəldim birdən,

Nə vaxt ki, Şuşaya bayraq taxıldı.

Bir dost da uzaqdan telefon açıb,

Məni həm qınadı, həm müjdələdi.

Sözündən, gözündən od-alov saçıb,

Dünya dəyişəcək, biləsən, – dedi,

Ölkə düzələcək, biləsən, – dedi...

İnanmaq istədim, inanmasam da,

Ulduzlar sayrışdı könül yasımda...

Təəssüf, hər şeyi yarımçıq qoydu

Bir zülmət gecənin qara imzası.

Hər kəs ürəyində bir nisgil duydu,

Oldu darmadağın xəyal dünyası.

...Dəyişdi dünyada çox həqiqətlər,

Heç nə dəyişmədi fəqət ölkədə;

Yenə ayaq açdı zülm-zillətlər,

Sular çuxuruna döndü elə bil,

Közərən ocaqlar söndü elə bil,

Ülvi doğmalıqlar qaldı kölgədə.

Biz yenə qayıtdıq tayfabazlığa,

Yenə könül verdik riyakarlığa.

Biz yenə qurşandıq hər qurnazlığa, 

Yenə maya qoyduq müftəxorluğa...

Hələ də canımda yaşayır sehri;

O möhtəşəm günlər qaldı hayanda? 

Göz yaşı içində yazdım bu şeiri,

Bircə ağlamayın siz oxuyanda.

 

SİRRİMSƏN MƏNİM

Sınıq kamanmışam, sınıq sazmışam? – 

Bir ömür yolunda yollar azmışam.

Mən sənə nə qədər şeir yazmışam, –

Sən özün ən gözəl şeirimsən mənim.

Əlçatmaz zirvədə ərinməz qardın, 

Könlümü oxşadın, ruhumu sardın. 

Bir vaxt hansı evə sevinc apardın? –

İndi də tək dərdim-sərimsən mənim.

Ürəyi at kimi minib çapmışam,

Mən özüm-özümə tale yapmışam.

Şükür, gec də olsa, səni tapmışam;

Varım, bərəkətim, xeyrimsən mənim.

Daha nə danışam, daha nə dinəm?

Birdəmi odlanam, birdəmi sönəm?..

Molla Pənah demiş; Məkkəm, Mədinəm,

Müqəddəs ocağım, pirimsən mənim.

Didərgin ruhuma bədən kimisən,

Boyuma biçilmiş kəfən kimisən.

Sən başı bəlalı vətən kimisən;

Sən də ən ağrıyan yerimsən mənim.

Öz qara yığvalım, öz alın yazım,

İçimdə boğulub qalan avazım. 

Gah bölüb-bölünən sakit Arazım,

Gah da dəli-dolu Kürümsən mənim.

Ağızı dualım, falçım, şamanım,

Kədərim, sevincim, ahım-amanım,

Gileyim-güzarım, şübhəm-gümanım,

Heç vaxt çözülməyən sirrimsən mənim.

 

BİRCƏ SİLAHIM VAR

Ya səni cənnətdən mələklər dərib,

Ya da Tanrı yerə bəla göndərib...

Bircə süzgün baxış muştuluq verib,

Atırsan hər şeydən bir məhrum kimi.

Bu yazıq ürəyi sən nə sayırsan?

Elə xışlayırsan, malalayırsan, 

Qanlı göz yaşımla hey sulayırsan, –

Əkinə yararlı münbit şum kimi.

Mən qanlın olsam da, sən qansız olma, 

Allahsız olsan da, imansız olma.

Aman istəyənə amansız olma,

Çıxmışam qarşına bir məhkum kimi.

Dərddən, qəmdən dəstəsi var bu eşqin,

Sinəmdə çox bəstəsi var bu eşqin.

Mənim kimi xəstəsi var bu eşqin, –

Əriyib tökülür tənha mum kimi.

Dəyişdi ülgülər, dəyişdi şərtlər,

Pilətək yumşaldı əvvəlki sərtlər.

Ucuzlu qayğılar, bahalı dərdlər

Çırtladı ömrümü qara tum kimi.

Zamanın sözü var, sözün zamanı,

Axır misralara qəlbimin qanı.

Fikir burulğanı, bəla tufanı, –

Səhrada sovrulan sarı qum kimi.

Yağışda islanıb, çıxdım küləyə,

Kəmənddən qurtulub düşdüm tələyə.

Mənə daş yağdıran zalım fələyə

Bircə silahım var əks-hücum kimi.

 




Ana səhifəyə qayıt        Baxış: 1 684          Tarix: 2-12-2022, 10:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma