Xəbər lenti



       Azərbaycan ədəbiyyatının inkişaf yolu, təşəkkül tarixi uğurlarla dolu olsa da, son dərəcə keşməkeşli olmuşdur. Belə ki, ədəbiyyatımızın yüksələn bir xətt üzrə dinamik inkişafında respublikamızın ayrı-ayrı bölgələrində yaranmış ədəbi məktəblərin rolu, əhəmiyyəti danılmaz faktdır. Gəncə, Şamaxı, Naxçıvan, Təbriz, Göyçə, Qarabağ ədəbi məktəbləri kimi, Qazax ədəbi məktəbinin Azərbaycan ədəbiyyatının dolğunlaşmasında müstəsna yeri vardır.
      Molla Pənah Vaqif və Molla Vəli Vidadi əvəzsiz ustad, ölməz sənətkarların misilsiz zəngin yaradıcılığı sayəsində XVIII əsrdə yaranan Qazax ədəbi məktəbinin ana dili şeirimizin formalaşmasında sonsuz xidməti olmuşdur. Elə Vaqif də Vidadi də gücünü şifahi xalq ədəbiyyatından, xüsusən də aşıq ədəbiyyatımızdan, aşıq şeirimizdən olmaqla şeirlərinin dilini ərəb və fars mənşəli sözlərdən təmizləmişlər. Bununla da ana dili şeirimizin təməl daşlarının üzərinə yeni-yeni möhtəşəm daşlar qoymaqla ana dilimizi zənginləşdirmiş, poeziyamızın canlı xalq dilinin sütunları üzərində ucalmasına meydan vermişlər. Kazım ağa Salik, Şikəstə Şərif, Mehdixan Vəkil (xalq şairi Səməd Vurğunun ulu babası) kimi sənətkarlar isə bu ədəbi məktəbin ağır yükünü şərəflə daşıyaraq özlərindən sonrakı nəsillərə ötürmüşlər. XX əsrin birinci yarısında isə bu ədəbi məktəbin yetirmələri olan  Səməd Vurğun və Osman Sarıvəlli kimi söz sərrafları söz meydanında at çapmışlar. Və çapılan bu atların nallarının şaqraq ahəngindən də yeni-yeni şöz adamları, şairlər ilhamının qanadlarında sənət meydanına atılmışlar.
     Belə şairlərdən biri də Qurban Musayev (1926-1977) olmuşdur. O, Vaqif, Vidadi, Vurğun ənənələrinə dərindən yiyələnərək Qazax ədəbi məktəbinin layiqli davamçılarından  olmuşdur.
                                     Ağ günlərin, xoş-xoş novrağın ola,
                                     Əməyin, zəhmətin bayrağın ola...
                                     Xalqı görən gözün çırağın ola!
                                     Belə ucalasan ucalanda da!...
      İstedadlı müəllim, bacarıqlı pedaqoq, gözəl el ağsaqqalı kimi eldə-obada , mahalda tanınan və sevilən Qurban müəllim, bütün bu sadaladığım titullarla yanaşı, o hər şeydən öncə, bir söz adamı, söz sərrafı kimi də el arasında ülvi bir sevgiylə ürəkləri fəth edə bilmişdi. Qəlbi tez-tez bir köçəri quşa dönən şair ilhamının qanadlarında uçmağı bacaran bir sənətkar olmuşdur.
                                       Bax belə sinədə ürək qoşadır,
                                       Belə ürək sevənləri yaşadır.
                                      O ürək ki, yanmaq ona peşədir,
                                      O ürəkdə alov olur, köz olur.
       Qurban Musayevin sağlığında üç kitabı çap olunub; "Mən ocaq yeriyəm" (1991), "Mən qoca palıdam" (1993) və "Mən belə Qurbanam" (1997). Bu kitabların hər biri kitabsevərlərin-söz aşiqlərinin stolüstü, kitabı olub və oxucuların dərin sevgisini qazanıb. Çox təəssüflər olsun ki, "Mən belə Qurbanam" kitabı sağlığında çapa getsə də, şair bu kitabının üzünü görə bilməmişdir. Qurban müəllimin dördüncü "Haqqın Qurbanı" kitabı isə ölümündən yeddi il sonra doğmalarının vasitəçiliyi ilə gözəl şairimiz Yusif Nəğməkarın redaktorluğuyla 2014-cü ildə çap olunmuşdur. İstər sağlığında, istərsə də ölümündən sonra çap olunan kitablardakı şeirləri-sənət nümunələrini oxuduqca, şairin söz dəryasına bir qəvvaş kimi baş vurduqca onun bulaq kimi çağlar ilhamının axarından çıxa bilmirsən və şairin ruhunun önündə istər-istəməz diz çöküb baş əyməli olursan.
                                    Zöhhak at oynatdı, qılınc da çaldı,
                                    Ordular dağıtdı, ölkələr aldı.
                                    Nuhdan, Süleymandan say, nələr qaldı,
                                     Qoca Rüstəm-Zalı yıxan dünyadı.
       Ustad dünya haqqında az desə də, saz deyir, mükəmməl deyir. Bu isə hər bir oxucunu və hansısa bir söz adamını sevindirməyə bilməz.
       Qurban Musayevin hansı şeirinə nəzər yetirirsən yetir, arada onun özünü, "mənini" və hər şeydən öncə isə şairin iç dünyasının poetik mənzərəsini-tablosunu görürsən. Bu da məncə şairin ən böyük uğurlarından biridir.
                                     Qurban, dərd çoxalıb, can qorlanmamış,
                                     Dizlər yerə gəlib, göz torlanmamış.
                                     Düşmən sevinməmiş, dost korlanmamış,
                                     Gəlibsən kişitək, get kişi kimi!!!
       Ustadı, ilham mənbəyi olan xalq şairi Səməd Vurğun kimi vurğunluqla, sonsuz heyrətlə yaşadığı dövrü, zamanı, bütövlükdə dünyanı saf-çürük edən, xəlbirdən keçirib, ələkdən ələyən şair hər sözü ilə könüllər arasında ülfət körpüsü atmağı bacaran şair olub.
                                   Qurban, lap qızıldan taxtın olsa da, 

                                   Daşdan keçən sözün, baxtın olsa da.
                                   Ağ günün, bəxtəvər vaxtın olsa da,
                                   Son payın beş metrə ağ olacaqdı.
       Qurban məllimin şeirlərini mövzu baxımından analiz etdikdə görürsən ki, o şeirlərinin mövzusunu nə dağdan-arandan, nə də ki, ərşdən-fərşdən götürür, özünün hər gün gördüyü və canlı şahidi olduğu-özünün də iştirakçısı olduğu həyat həqiqətlərindən götürür, öz yaradıcılıq üslubu, yaradıcılıq dəst-xətti ilə ürəkləri oxşaya-oxşaya poetik bir dillə təsvir edir, hər kəsin sevə biləcəyi poetik don geydirir. Bunu isə ancaq alqışlamaq olar.
                                   Lap doğrusu əzəl başdan,
                                   Doymadım bir çatmaqaşdan.
                                   Erkək atdan, qumral qoçdan,
                                   Halal vardan xoşum gəlir.

                                  Dözümlüyəm oda misdən,
                                  Cismim ləkə almaz hissdən.
                                  Eldən ağır hər məclisdən
                                  Toy-mağardan xoşum gəlir.
     Qurban Musayevin folklorumuzdan,  aşıq şeirimizdən və klassik poeziyamızdan gücünü alan "palıd pöhrəsindən suyunu içən”  poeziyasından danışmaqdan,  şeirlərinin, qanadlı misralarının şəhdinə bələnməkdən, şəhdi-şirəsini içməkdən doymaq olmur.
                                 Özü güldən gözəl bu bəxtəvərə,
                                 Bir baxın, əlində gül də gəzdirir.
                                 Qaşları, gözləri nələr danışır,
                                 Ərinmir ağzında dil də gəzdirir.
       və yaxud
                                Yasa da get, qonaq da ol,
                                Yol üstündə bulaq da ol.
                                Yıxılana dayaq da ol,
                                Budur gözəl peşə, oğul.
      Şair fikirlərini, poetik düşüncələrini o qədər sadə, o qədər şirin bir dillə ifadə, edir ki, buradan da, saz-söz, könül-sənət dünyasında onun hansə zirvəyə qalxmasının, hansı zirvəni fəth etməsinin canlı şahidi olursan.
                                 Səhər çağı maral çıxıb
                                 Süzdü dağı gülə-gülə.
                                 Bulandırdı nahaq yerə
                                 Buz bulağı gülə-gülə.
      və ya
                                  Eşitdik qızı köçürmüsən,
                                  Çox mübarək, ay xalaoğlu!
                                  Döşənsin o gedən yola
                                  Məxmər, ipək, ay xalaoğlu!
      Bu cür şeirləri oxuduqca  heyrətlənməyə, qibtə etməyə  bilmirsən. Adama elə gəlir ki, Qurban müəllim şeir yazmamış,  sıradan bir həmsöhbəti ilə könül duyğularını bölüşmüşdür.
                                 Ay əli tutanlar, bilin, dünyadan,
                                 Neçə şirin-şirin canlar gedibdi.
                                 Qılınc çəkən, at aynadan, baş kəsən,
                                 Paşalar, sultanlar, xanlar gedibdi.
     Şair heç də şeir yazmaq xatirinə şeir yazmayıb, o sözü ilə könüllər arasında ülfət körpüsü yarada bilibdir. Onun sözə verdiyi dəyər, sənət haqqındakı poetik fikirləri olduqca gözəl və mükəmməldir.
                                   Gözəl, gözdən gizlənmə heç,
                                   Bil, gəzirsən göz içində.
                                   Dinməsən də sənə, çatan
                                   Sözü anla söz içində.

                                    Fikir vermə gərib səsə,
                                    Qulaq asma can da desə.
                                    Göz ol, səni sevən kəsə,
                                    Gəz izini iz içində.
       Sözlə ürəklərdə meydan sulamağı, at oynatmağı, ocaq çatmağı bacaran, könül süfrələrinin başında özünə uca taxt quran şair Qurban Musayev "Məni  düz anlayan yoxdu hələ, Mən torpaq, el dərdi çəkən Qurbanam"- deməkdə nə qədər də haqlı idi. "Gələn getdi sinəm üstdən, bir sahibsiz düzə döndüm," "Atım-atım olub sinəm, At səyirdir gözümdə qəm" kimi misraları ilə yağı düşmənin işğal etdiyi Vətən torpaqlarının ağrısını necə poetik bir formada, dolğun şəkildə ifadəsinin  acı tablosunu-mənzərəsini görürük.
                                     Bağlandı İstisu, getdi o Turşsu,
                                     Daha Şuşam, Cıdır düzüm də yoxdu.
                                     Əsir düşdü neçə gəlinim, qızım,
                                     Lalam bircə kəlmə sözüm də yoxdu.
      Şairin həsrət, nisgil dolu bu cür şeirlərini oxuduqdan sonra, özündən asılı olmadan hayqırmaq istəyirsən: şair, o torpaqdakı əbədi beşiyində rahat uyuya bilərsən, əldən verdiyimiz torpaqlarımızın hamısı rəşadətli ordumuzun və mərd oğullarımızın ölməzliyi sayəsində artıq  bir-bir geri qaytarılır. Vaxtı ilə necə də gözəl demisiniz:
                                     Vətən üçün can qoyanlar,
                                     Canınıza qurban olum!
                                    .....Cəsur, igid adınıza,
                                    Sanınıza, qurban olum!
     Qurban müəllimin yazdığı istər sabiranə satirik şeirləri, istər təbiəti tərənnüm edən şeirləri, istərsə də ənənəvi şeirləri insanların estetik zövgünün inkişafına və idrakının kamilləşməsinə xidmət etməsi son dərəcə ürəkaçandır. Vətəninə, xalqına, elinə, obasına etdiyi əvəzsiz xidmətini əlahəzrət sözünün köməkliyi ilə belə ifadə etmiş olur.
                                     Qurban şəndi hər çağında,
                                     Aranında, yaylağında.
                                     Öləndə də qucağında,
                                     Qalasıyam bu torpağın.
     Və sonda belə bir qənaətə gəlirik : Qurban Musayevin sözdən ucaltdığı Qurban qalası, Qurban zirvəsi yaşamaq haqqı qazanmış qalalardan, zirvələrdəndir. Nə xoş ki, ucalanda da belə ucalasan, haqqın Qurbanı kimi....sözdən asıla-asıla, ürəklərə səpdiyin hənirtidən, qordan, közdən asıla-asıla…

 

 Ələsgər Talıboğlu, 

AYB-nin üzvü,  M.Araz                   

  mükafatı  laureatı, şair- publisist.

                                                                                   

 




Ana səhifəyə qayıt        Baxış: 1 589          Tarix: 3-06-2023, 09:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma