İyulun 23-də Ermənistanda korrupsiyaya qarşı mübarizənin effektivliyi mövzusunda təşkil edilən müzakirə bir sıra məqamları ortaya çıxarıb. Bir sıra ədliyyə orqanı və prokurorluq işçilərinin iştirakı ilə keçirilən iclasda keçmiş və indiki məmurların qanunsuz yolla əldə etdikləri əmlaklarla bağlı hüquq sferasının strukturlarının açıqlamaları və arayışları diqqət mərkəzində olub. Prokurorluq iddia edir ki, işlər normaldır və bir sıra məhkəmə aktları icra olunur. Əsas problemlər isə məmurların xaricdəki əmlaklarının müsadirə olunması ilə bağlıdır. Çünki bəzi ölkələr, məsələn BƏƏ bu məsələdə İrəvanla əməkdaşlıq etmir.
İşin maraqlı tərəfi odur ki, bu günə qədər sadəcə keçmiş məmurların istintaqa və məhkəməyə cəlb olunması faktları ortada olsa da, Paşinyan komandası ilə bağlı məhkəmələrdə qəbul edilən qərarların sayını barmaqla saymaq belə mümkün deyil. Məsələn, Ermənistanın təhsil və mədəniyyət nazirinin təqaüdçü anasının 230 min dollar dəyərində mənzili ilə bağlı məsələ ortaya çıxsa da, məhkəməyə hazırlıq orqanı iki aydır fəaliyyət göstərmir. Belə faktlar isə kifayət qədər çoxdur və ortada yaranan mənzərə hakim partiyanın artıq məhkəmə orqanlarına da güclü sirayət etməsi, onu özünə ram etməsi ilə bağlıdır. Artıq keçmiş məmurlara qarşı işi aparan hakimlərin fəaliyyəti, hakim komandanın maraq dairəsindən kənar qərar qəbul edənlərlə bağlı ciddi ölçülər götürülür. Məsələn, uzun müddətdir Ermənistanın ikinci prezidenti Robert Koçaryanın 3 milyon dollarlıq rüşvət işinə baxan hakim Anna Danibekyan cəzalandırılıb. Ədliyyə Nazirliyinin məlumatına görə, Danibekyan prosesi 4 il 5 ay gecikdirməklə, dinləmələri təxirə salmaqla, istintaqın vaxtında aparılması üçün bütün zəruri vasitələrdən istifadə etməməklə səhlənkarlıq edib. 2023-cü ilin dekabr ayında isə iddia müddəti başa çatdığı üçün işə xitam verilib. Bu məsələdən qəzəblənən hakim komandanın göstərişi ilə Ermənistan Ali Məhkəmə Şurası hakim Anna Danibekyanın səlahiyyətlərinə xitam verib. Əzəli rəqibi Robert Koçaryanı bağışlaya bilməyən və 2008-ci ilin 1 mart hadisələrini unutmayan baş nazirin göstərişi ilə Kassasiya Məhkəməsi 300.1-ci maddəni konstitusiyaya zidd hesab etdikdən sonra ittihamları yenidən təsnifləşdirməyi planlaşdırır. Koçaryana qarşı cinayət işi bərpa oluna bilər.
Ermənistan Cinayət Məcəlləsinin 300.1-ci maddəsi konstitusiyaya zidd elan edilib və prokurorluq, böyük ehtimalla, eyni hərəkətləri vəzifə səlahiyyətlərindən sui-istifadə və ya səhlənkarlıq kimi təsnif etmək istəyir. İndi Konstitusiya Məhkəməsi belə qərar qəbul edib ki, mahiyyət etibarı ilə konstitusiyaya zidd maddə ilə ittihamın başqa maddəyə tövsif edilməsinə imkan yaradıb. Konstitusiya Məhkəməsinin qərarı rəsmi media vasitəsilə məlum olub ki, bu da şübhələr yaradır. Qərarın özü üç gün ərzində dərc edilməli olsa da, hakim komanda buna ehtiyac duymayıb. Bu hadisələr və faktlar sübut edir ki, Nikol Roberti uzunmüddətli həbsə göndərməyənə qədər proseslər, məhkəmə çəkişmələri davam edəcək. Eyni zamanda bir sıra ekspertlərin payız aylarında İrəvan küçələrində başıpozuq kütlənin yenidən küçələrə axın edəcəyi ilə bağlı proqnozları da Paşinyanı indidən belə bir addım atmağa, siyasi rəqib ola biləcək eks-prezidenti qorxutmağa sövq edib.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, 9 və 16 iyul tarixlərində hökumətin göstərişi ilə Ali Məhkəmə Şurası tərəfindən qəbul edilən qərarlar məhkəmənin müstəqilliyinin məhdudlaşdırılmasına, məhkəmə hakimiyyətinin nüfuzdan salınmasına yönəlib. Ali Məhkəmə Şurasının sədri Karen Andreasyanın digər şəxslərlə birgə iştirakı və köməyi ilə məhkəmə hakimiyyətinə qarşı qanunsuz təzyiqlər əvvəllər qeydə alınıb və bu günə qədər davam edir. Məsələn, bir müddət əvvəl sözügedən şəxs təmsil etdiyi qurumun sosial şəbəkəsində video çarx yayımlayaraq, məhkəmə hakimlərini tənqid edib, onların işini mənfi dəyərləndirib. Tənqidə tuş gələnlər isə Robert Koçaryan, Serj Sarkisyan və digər keçmiş məmurların işini aparan hakimlər olub. Bu hadisə isə İrəvanda ciddi qalmaqala səbəb olmuşdu və bu günə qədər də Karenin sözügedən hadisə ilə bağlı məsuliyyətə cəlb edilməməsi müzakirə edilir. Maraqlıdır ki, hakimlər kollegiyası və ittifaqının, jurnalistlərin və bir sıra ictimai xadimlərin qaldırdığı səs-küydən sonra, Andreasyanın qanunsuz əməli ilə bağlı məhkəmə şousu təşkil edilib. 10 iyul tarixli məhkəmə iclasında Karen hakimlər kollegiyasının iclasa 5 dəqiqə gecikdiyini bəhanə edərək, hakimə sübut təqdim etmədən, sübutların tədqiqində iştirak etmədən və mövqe bildirməyə imkan vermədən məhkəmə iclasını dərhal başa çatdırıb. Bu da sözügedən şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə halını ortaya çıxarmaqla yanaşı, bütün sistemə total nəzarəti əlində cəmlədiyindən xəbər verir. Hakimin isə məhkəmə iclasının gec başlaması, dindirilmə hüququn təmin edilməsi ilə bağlı vəsatəti əhəmiyyətsiz hesab edilib. Məhkəmə Şurasının sədri bildirib ki, belə bir qərar işin müstəsnalığına görə verilib, başqa işlərlə bağlı belə qərar vermək mümkün deyil. Bununla da qəbul edilən qərarla öz siyasi motivlərini vurğulamış oldu.
Andreasyanın qanunsuz əməlləri bununla da bitmir. O, ədliyyə naziri Minasyanla birgə hərəkət edərək, məhkəmələrin müstəqilliyi, söz azadlığı, bəzi hakimlərin seçilməsi, özbaşına intizam icraatının başlanması, onların məsuliyyətə cəlb edilməsi, hüquq ictimaiyyətində nüfuza malik olan hakimlərin səlahiyyətlərinə xitam verilməsi kimi işlərə əl atıblar. Bunları sübut edən faktlar erməni mətbuatında kifayət qədər var. Maraqlıdır ki, hər iki qurum ortaq qərarlar qəbul edərək, müstəqillik nümayiş etdirən hakimləri sıradışı etmək üçün müəyyən sxem qurublar. Bunun üçün də ədliyyə nazirliyi intizam icraatını başladır, Ali Məhkəmədə hədəf hakimlər seçilir, bu şəxslər prokurorluq orqanları vasitəsilə yoxlanılır və ən sonda sözügedən hakim barədə “qərar qəbul edilir”. Məsələn,9 iyul tarixində hakim Artur Stepanyanın məsuliyyətə cəlb edilməsi və səlahiyyətlərinin dayandırılması barədə qərar qəbul edilib. Buna səbəb isə Ali Məhkəmə sədrinin qanunsuz əməlləri barədə iclasda açıq-aşkar səsləndirdiyi fikirlər olub. İyulun 16-da isə yuxarıda adı qeyd edilən İrəvan Cinayət Məhkəməsinin hakimi Danibekyanın səlahiyyətlərinə xitam verilib. Bütün bunlar isə hakim partiyanın göstərişi, Karen Andreasyanın əmri ilə baş tutub. Əslində Ali Məhkəmə Şurasının sədri olan Karen Konstitusiya ilə məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək səlahiyyətinə sahibdir. Hazırda araşdırılan işlərlə bağlı hər hansı mövqe bildirmək, məhkəmə prosesinə hər hansı bir müdaxiləyə yol vermək onun səlahiyyətlərinə aid deyil.
Son dövrlər isə “Vətəndaş müqaviləsi”nin siyasi elitası tərəfindən hazırlanan plana əsasən, məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə ilə bağlı yeni üsullar üzə çıxıb. Məsələn, məhkəmə hakimiyyətinin təminatlarını qorumaqla məşğul olan Ermənistan Hakimlər İttifaqının fəaliyyətini qanunvericiliklə məhdudlaşdırmağa cəhdlər edilir. Əsas məqsəd isə İttifaqın ləğvi, hakim və məhkəmə sistemini gözdən salmaq, bütün kreslolara hakim partiyanın diqtəsi əsasında qərarlar qəbul edən hakimləri oturtmaqdır. Əslində uzun müddətdir baş nazirin göstərişi ilə müəyyən postlara hakimlər təyin edilir, qərarların qəbuluna ciddi müdaxilələr faktları artıq ortaya çıxır. Məsələn, məlum 12 iyun hadisələri ilə bağlı bir sıra QHT və müxalifət nümayəndəsi polisin aksiya iştirakçılarına qarşı zorakılıq faktları ilə bağlı yüzlərlə fakt və dəlil ortaya qoysa da, hansısa sehrli əlin köməyi ilə bu faktlar gözardı edilir, heç bir hüquq-mühafizə orqanı əməkdaşı məsuliyyətə cəlb edilmir.
Yuxarıda sadalanan faktlardan məlum olur ki, iqtidar məhkəmə sistemini tam şəkildə özünə ram etməyə çalışır. Bu təcrübə Ermənistanda sınanılmış və yoxlanılmış üsuldur. Məsələn, sabiq prezident Robert Koçaryanaın məhkəmə və hüquq sistemindəki əlaqələri bu günə qədər bir sıra işlərində ona kömək olub. Koçaryanala yanaşı, digər sabiqlərin də müəyyən strukturlarda güclü əlaqələri var. Nikol isə onları bu əlaqələrdən məhrum etməyə çalışır ki, total nəzarəti ələ keçirə bilsin. Bununla da qəbul edilən məhkəmə qərarları hakim partiyanın qərargahında yazılacaq və hakimlər vasitəsilə elan ediləcək. Sözə qulaq asmayan, müstəqil qərar qəbul etməyə çalışan hakimlər isə Karen Andreasyan vasitəsilə ləkələnəcək, işdən uzaqlaşdırılacaq.
Report.az
Kamil Məmmədov
Paylaş: