Nazir Əhmədli
Atatürk mərkəzi,
kimya üzrə fəlsəfə doktoru
Azərbaycan aşıq sənətinin böyük ustadlarından olan Aşıq Ələsgərin həyatı ilə bağlı ortaya çıxartdığımız yeni məlumatlardan sonra bir sıra tədqiqatçıların ona yenidən müraciət etməsi, haqqında yeni-yeni elmi əsərlərin meydana çıxmasını təbii saymaq olar. Amma təəssüf ki, hər cür yeniliyi süngü ilə qarşılayanlar hamıya məlum faktları yenidən sadalamaqla, mühafizəkarlıq nümayiş etdirməkdən başqa diqqətəlayiq bir iş görmürlər. Professor H.İsmayılovun 2017-ci ilin sonlarında çapdan çıxan “Aşıq Ələsgər” kitabı da bu qəbildəndir. Müəllif onu “monoqrafiya” adlandırsa da, aşağıda göstərəcəyimiz səbəbdən, onunla razılaşmaq mümkün deyil. Bu bir yana, kitabın məzmununda xeyli ciddi qüsurlar var.
Məsələn, kitabın redaktoru professor Sayalı Sadıqova “Ön sözdə” yazır: “Haqq aşiqi “məhəbbətini öz varlığından” yüksək tutur, onun naminə özünün bütün başqa istəklərini, namərdliklə unuda bilir” (səh.6). H.İsmayılovun fikirlərindən istifadə olunan bu cümlədə aydındır ki, “namərdliklə” deyil, “mərdliklə” olmadı idi.
Müəllifin başqa bir fikrindən istifadə edən S.Sadıqova bu dəfə onun özünün də səhv formulunu öz adından irəli sürür: “Ələsgər Allaha da şeytandan qorunmaq üçün alqış etmişdir, yəni şeirin çoxqatlı işarələrindən biri də budur” (səh.7). Allahın şeytandan qorunması üçün alqış etmək? Bu qədər absurd bir fikrin iki professorun ağlına gəlməsinə ancaq təəssüf etmək olar! Əvvəla, Kainatı və o cümlədən Şeytanı da yaradan Allah Mütlət İradədir, Onun qüdrətinin qarşısına çıxa biləcək güc yoxdur və Adəmlə Həvvanı aldadıb behiştdən qovulmalarına səbəb olduğuna görə Allah Şeytanı cəzalandırmış, Öz dərgahından qovmuşdur! Şeytan ancaq Adəm övladlarına pislik etməyə qadirdir və onları Şeytandan qorumağa ehtiyac var. İkincisi isə, baxaq görək, Ələsgər Allahı şeytandan qorumaq üçün necə “alqış” edib? Professorlar bu “alqış”ı aşağıdakı misralarda görürlər:
Xudam, mərdin işin salma müşgülə,
Əhli dili yetir sən əhli dilə!
Bülbülü gülə yaz, gülü bülbülə!
Qönçənin üstündə xar oynamasın.
Bu misralarda Allahın Şeytandan qorunması üçün edilən “alqış” nədən ibarətdir? Kitabın müəllifi və redaktoru onu belə “görürlər”: “Qönçə butanın, buta məşuqun, məşuq tanrının işarəsidir. Əslində “qönçə-xar” qarşıdurmasında “Allah-şeytan” əks cütlüyü simvollaşdırılmışdır. Bu mənada Ələsgər Allaha da şeytandan qorunmaq üçün alqış etmişdir, yəni şeirin çoxqatlı işarələrindən biri də budur” (səh.7)
“Məşuq Tanrının işarəsidir” fikri görəsən, kitab müəllifinin və redaktorun ağlına necə gəlib?
Kitaba iki nəfər başqa professor da ön söz yazıb, onlardan biri Moskvada yaşayan texnika elmləri doktoru, professor Ələddin Allahverdiyev, ikincisi isə Ağ Aşıq Allahverdinin nəslindən olduğunu deyən, hazırda İstanbul Texniki Universitetinin professoru Elbrus Cəfərovdur.
Prof.Ə.Allahverdiyev “Aşıq Ələsgər fenomeninin açılışına, möcüzəli yaradıcılığının təhlilinə düzgün baxış” adlı yazısında deyir: “SÖZ-yalnız hərflərin əmələ gətirdiyi kəlmə kimi deyil, ilahi varlığın verdiyi vəhylərin sirli bir kəlamı, anlamı kimi insanları kamilliyə, müdrikliyə çağıran bir hikmətdir... SÖZ –deyənin, oxuyanın və duyanın qəlbinin dərinliyinin ən həssas nahiyəsindən süzülür...” (səh.10).
Professor elə hesab edir ki, sözü hərflər əmələ gətirir. Professor bilmir ki, sözü hərflər deyil, səslər əmələ gətirir, hərflər isə səslərin qrafiki işarəsidir, ifadəsidir. Hərflərin bir neçə minillik tarixi, sözün isə yüzmin illərlə ölçülən tarixi var. Hərflər olmayan dövrdə də SÖZ vardı!
Professorun “qəlbin dərinliyinin ən həssas nahiyəsi”ndən bəhs etməsi də maraqlıdır. Etiraf etməliyik ki, bu da “yenilikdir!”
“Aşıq Ələsgər” kitabı haqqında prof. Ə.Allahverdiyevin yazdığı uzun bir cümlədə də dolaşıqlıq və səhvlər var: ”Hüseyn İsmayılovun “Aşıq Ələsgər” monoqrafiyasının qiymətli cəhətlərindən biri də ondadır ki, o özündən qabaqkı və müasir ədəbiyyatşünasların Ələsgər yaradıcılığı ilə bağlı elmi məqalələrinin, kitablarının xülasəsini verir, yazılarını təhlil edir, onlara öz fikrini bildirir, mübahisəli məqamlardan çəkinmir, onlarda buraxılmış ayrı-ayrı qüsurlara göz yumur, tənqid etməkdən vaz keçmir” (səh.16).
Yəqin ki, professor “qiymətli cəhətlərindən biri də ondadır ki”, deyəndə “biri də odur ki” demək istəyib, amma fikrini dolaşıq ifadə edib. Kitab müəllifinin “ayrı-ayrı qüsurlara göz yummasını” kitabın məziyyəti kimi təqdim etməsi isə anlaşılmazdır. Halbuki, burada da “göz yummur” demək daha məntiqli olardı.
Professor yazısını “...bu kitabın Dədə Ələsgər yaradıcılığını sevən, onu dərindən mənimsəmək istəyənlər üçün maraqlı olacağını düşünərək, onu hörmətli oxuculara oxumağı tövsiyə edərdim” (səh.17) bitirir. Buradan belə anlaşılır ki, oxucuları hansısa auditoriyaya toplayıb kitabı bir nəfərə qiraət etdirməyi tövsiyə edir. Əgər oxucunun özünə bu kitabı oxumağı tövsiyə edirsə, onda “onu hörmətli oxuculara oxumağı tövsiyə edərdim” əvəzinə, “hörmətli oxuculara onu oxumağı tövsiyə edərdim”, -deməli idi. Hesab edək ki, bu da Moskvada yaşaması səbəbindən professorun Azərbaycan dilini unutduğunun göstəricisidir. Amma Türkiyədəki professora baxanda Ə.Allahverdiyevə şükür!
İstanbul Texniki Universitetinin professoru, özünü Ağ Aşıq Allahvedinin nəticəsi adlandıran Elbrus Cəfərov (yazısına Elbrus Mahmudoğlu imzasını qoyub) “İlahi aşkın terennümü: Dede Elesger yolu” adlı yazısını Mirzə Cəlilin “Şeir bülbülləri”nin ruhunda, qəliz Osmanlı türkcəsində yazıb və qəlizliyi səbəbindən oxucuların onsuz da heç nə anlamayacağını düşünərək, böyük Füzulini təhrif etməkdən belə çəkinməyib. Ondan verdiyi sitatda
Can vermə qəmi-eşqə ki, eşq afəti-candır,
Eşq afəti can almağı məşhuri-cahandır , -yazır (səh.26). Halbuki,
“Eşq afəti-can olduğu məşhuri-cahandır”,-olmalı idi.
Professor E.Cəfərov başqa bir yerdə olduqca qüsurlu bir cümlə yazır: “Ərəb sufizmindən fərqli olaraq, türk sufizmində konkret olaraq Ələsgər poeziyasından görünən onun təriqət mənsubiyyəti Tanrıya Məhəmməddən (s.) yox, Həzrət Əlidən (ə.) qovuşur. Ələsgər Həzrət Əli (ə.) missiyasının davamçısı, Əli əleyhisəlam ruhunun daşıyıcısıdır” (səh.21-22).
Prof. E.Mahmudoğlu (Cəfərov) burada Aşıq Ələsgərə aşkar böhtan atır, onu ələvi, az qala “əliallahı” təriqətinə mənsub elan edir. Halbuki, Aşıq Ələsgərin cəfəri təriqətinə mənsub şiə müsəlman olduğunu indiyə kimi hələ heç kim şübhə altına almamışdı, E.Cəfərov buna da cəsarət edir!
Professorun bütün yazdıqlarına cavab vermək çox vaxt aparardı, amma onun “Türkler yurdu Azerbaycan tarihən Çökçə”den başlıyor” (səh.24) kimi aşkar şişirtməsini qeyd etmədən keçmək olmaz.
Üç professorun yazdıqları haqqında bununla kifayətlənib, dördüncü professora, onun yazdığı “Aşıq Ələsgər” kitabına keçək.
“... peyğəmbərlərin sonuncusu Məhəmməd peyğəmbər, Peyğəmbər aşıqların sonuncusu isə Aşıq Ələsgərdir” (səh.32) - bunu da kitabın müəllifi prof. H.İsmaılov yazır. Mərhum İslam Ələsgər Aşıq Ələsgəri peyğəmbər adlandırdığına görə, “Haqq-nahaqq seçilər Haqq divanında” kitabımda bu ifadəsinə görə onu tənqid etmişdik, H.İsmayılova baxanda İ.Ələsgərə şükr etməliyik, çünki o artıq “Peyğəmbər” Ələsgərdən deyil, “Peyğəmbər aşıqlar”dan danışır! Peyğəmbər adını bu qədər ucuzlaşdırmaq olarmı? H.İsmayılov daha hansı aşıqları “peyğəmbər” saydığını isə yazmayıb.
Müəllif yazır: “Ələsgər şeirinin sufi simvolikasında və “gözəl”in tərənnümündə ciddi qanunauyğunluqlardan biri də budur ki, o gözəlin tərənnümünü real həyatdan başlayır və bir şeirin mətni çərçivəsində Tanrı səviyyəsinə yüksəldir:
Axşam-sabah, çeşmə, sənin başına,
Bilirsənmi necə canlar dolanır?
Büllur buxaq, lalə yanaq, ay qabaq,
Şahmar zülfü pərişanlar dolanır...
...Adım Ələsgərdi, Göyçə mahalım,
Dolanım başına, qadanı alım.
Hüsnün şöləsinə xəstə xəyalım,
Pərvanədi, şəmistanlar dolanır”. (səh.45).
Açığı, bu iki bənd şeirin hansı sətrində, hansı sözündə Ələsgərin gözəli Tanrı səviyyəsinə yüksəltməsi şəxsən bu sətirlərin müəllifinə aydın deyil, hörmətli oxuculura aydın olub-olmadığını isə onların öz öhdəsinə buraxırıq.
Aşıq Ələsgərin “İncimərəm” şeirini bütöv şəkildə sitat gətirən H.İsmayılov onu özünəməxsus şəkildə şərh edir, öz təbiri ilə desək, “simvollaşdırır”:
“İstər dara çəkdir, istər qul eylə,
Qoymuşam əmrinə qol, incimərəm.
Həsrətindən Məcnun oldum səhrada,
Alırsan canımı al, incimərəm.
Həstətindən saralıban, solanam,
İzn versən, yar, başına dolanam.
Əlli yol çapılam, yüz yol talanam,
Bir şey deyil dövləət-mal, incimərəm.
Ələsgərəm, yandım eşq ataşında,
Gözüm qaldı kirpiyində, qaşında.
Qazdır məzarımı çeşmə başında,
Sal sinəm üstündən yol, incimərəm.
Burada realla abstraktın, subyektlə substansiyanın elə orqanik vəhdəti təqdim olunur ki, nəticə etibarilə yenə də Tanrı ilə qovuşma ideyası semantik strukturun əsasını təşkil etmək imkanını saxlayır. “Ölüm və həyat”, “çeşmə və can”, “məzar-çeşmə” elementlərində simvollaşıb; məzar-ölümün, çeşmə isə həyatın simvolu olaraq insiasiya (ölüb-dirilmə) hadisəsini işarələyib” (səh.53).
Müəllif şeirin açıq-aşkar görünən motivlərini müəmmalı şəkildə sirr pərdəsinə, reallıqdan uzaq təfsirlərə bürüməyə çalışsa da, söylədikləri Aşıq Ələsgərin fikirlərini ancaq təhrif etməkdən başqa bir şey deyil.
Qazdır məzarımı çeşmə başında,
Sal sinəm üstündən yol, incimərəm,-
misraları ilə Aşiq öz sevgilisinə sadə və anlaşılıqlı dildə tamam ayrı şeylər deyir, onun uğrunda hər cür əzab-əziyyətə dözəcəyini, bu əzabların onun üçün xoş olacağını bəyan edir, hətta məzarını insanların ən çox gəlib-getdiyi çeşmə başında qazdıraraq tapdaq altında qoymasından da inciməyəcəyini bildirir. H.İsmayılov isə Aşıq Ələsgərin son dərəcə aydın və səmimi sözlərini mistikləşdirməklə, daşıdığı məzmundan məhrum etməyə cəhd edir.
“...konkret olaraq Ələsgər poeziyasından görünən onun təriqət mənsubiyyəti Tanrıya Məhəmməddən (s.) yox, Həzrət Əlidən (ə.) qovuşur. Ələsgər Həzrət Əli (ə.) missiyasının davamçısı, Əli əleyhisəlam ruhunun daşıyıcısıdır” (səh.56) cümlələrinə prof.E.Cəfərovun yazısında rast gəldikdə münasibət bildirmişdik. Bir daha təkrar etməliyik ki, bu cür baxış Aşıq Ələsgəri ələvi təriqətçisi kimi qələmə verməkdir. Əgər söhbət aşıq poeziyasında tez-tez imam Əlinin haqqında işlənən “Şahi Mərdan”, “Şahlar şahı”, yaxud “Mərdlər şahı” ifadələrindən gedirsə, bu onun Xilaskar obrazından, Xeybər qalasının alınmasında göstərdiyi böyük şücaətindən sonra yaranmış “hər şeyə qadir güclü qəhrəman” sayıldığına işarədir. Ələsgərdən ən azı 200 il əvvəl yaşamış Aşıq Abbas Tufarqanlı deyirdi:
Abbas, ağlayırdın yardan ötəri,
Dur şahi Mərdanın ayağından öp.
Aşıq sevgilisi Gülgəzə qovuşmaq üçün Şah Abbasın ona yaratdığı maneələri aşmasında Şahi-Mərdanın, yəni Xilaskar, Ədalət obrazı olan Əlinin köməyini görür və yarına qovuşmasının əvəzində təşəkkür ifadəsi olaraq onun ayağından öpməyi gərəkli sayır.
Klassik aşıqlarımızda hətta Aşıq Abbasdan xeyli əvvəl yaşamış Qurbanidə də həmin ifadəyə tez-tez rast gəlinir, məsələn:
Böyüklərdən əta, kiçikdən xəta,
Mərd igid odur ki. dediyin tuta.
Şahlar şahı mənə veribdi buta,
Mətləbimdi, Pəri üçün gəlmişəm.
(Qurbani.Əsərləri. (Tərtib edən, ön söz, qeyd və izahların müəllifi Q.Kazımov). Bakı,2006. səh.54).
Başina döndüyüm şahların şahı,
Səni gördü gözüm, çəkmərəm ahı.
Qurbani der: budu sözün kütahı,
Müxtəsəri, yar almağa gəlmişəm (yenə orada, səh.55).
Yeri gəlmişkən, “sözün kütahı” ifadəsini Aşıq Ələsgər də şeirlərində işlətmişdir.
İsmin xəbər aldım, dedi Vəlidi,
Göydə gəzən Cəbrayıldı, pəridi.
Qapıçısı Şahi-Mərdan Əlidi,
Məhəmməd meraca gedər o burca (yenə orada, səh.90)
Yaxud:
Şair idim, şairliyim bilmirdim,
Ağlayırdım, göz yaşımı silmirdim.
İndiyədək ustadımı bilmirdim,
İndi bildim, Şahi-Mərdan Əlidi (yenə orara,səh.94).
Klassik aşıq poeziyasının nəhəng simalarından, Aşıq Ələsgərdən 150 il əvvəl yaşamış Xəstə Qasımın yaradıcılığında İmam Əlinin obrazı mükəmməl səviyyədə təsvir edilmişdir:
Şahi Mərdan qəzəb üstdə gələndə,
Kafərə çalardı Seyfullahını.
Açmasaydı Cəbrayıl şahpərini,
Zülfüqar doğrardı qavi-mahını (Xəstə Qasım. Bakı, 2010, səh.53).
Ey Qasım, mürşid bil Şahi-Mərdanı,
Ağ ələm dibində haqqın mizanı.
Yediminci göydə böldü almanı,
Yer üzünə töhfə gətirən Əli (ə) (yenə orada,səh.55).
Belə misalları xeyli artırmaq olar.
Qeyd etmək lazımdır ki, Şahi-mərdan Əli obrazı Aşıq Ələsgərdən əvvəl də, ondan sonrakı aşıqların yaradıcılığında da dəfələrlə işlədilmişdir.
Müəllifin mübahisəli fikirlərindən biri də “Ələsgər poeziyasından aydın şəkildə müşahidə olunur ki, Göyçədə sufi təkkələri, ata-baba və dədə ocaqları XIX əsrdə də mövcud olmuş, dini-ruhani funksiyalarını qoruyub saxlamışdır. Bunu Ələsgər şeirlərində ürfan sahiblərinə-arif məclisinə müraciətlər də təsdiqləyir” (səh.81) fikridir. Aşıq Ələsgərin “Eşidin məclisdə arif olanlar” misrasından (və buna oxşar başqa ifadələrindən) bu cür nəticəyə gəlmək qətiyyən düzgün deyil. Göyçədə hansısa təkkənin, dədə ocağının olması sənədlərlə sübut edilməlidir, həmin təkkənin və ya ocağın mürşidi kim idi? Ümumiyyətlə, Göyçədə və bütün qarapapaqlarda din amili elə də güclü olmayıb. Ən azı ona görə ki, Göyçə kəndlərinin əksəriyyətində məscid belə yox idi. Ələsgərin dinə, ürfana marağı, bu barədəki fikirləri şübhəsiz ki, Aşıq Alıdan, ona isə mükəmməl dini təhsil görmüş Ağ Aşıq Allahverdidən keçmişdi. Bu biliklər həm də sözsüz ki, Qurbaninin, Abbas Tufarqanlının, Xəstə Qasımın yaratdıqları aşıq poeziyası ilə dərinləşmişdir. Göyçədə hansısa təkkənin mövcudluğunu iddia etmək gülüncdür.
Müəllifin həqiqətdən uzaq başqa bir fikrinə də toxunmalıyıq: “Bu gün də Ələsgər şeirini saxtalaşdırmaq və ya onu primitiv “realist” şeir səviyyəsində təqdim etmək elə Ələsgərə “şərü-böhtan” deməyə bərabərdir.
Qeyd edim ki, bəzi tədqiqatçıların mətni primitiv şəkildə, profan səviyyədə izahı qüsurludur. Məsələn, Ələsgərdə Tanrı gözəlliyi daha çox insan və təbiət gözəlliyinə, Tanrı sevgisi (İlahi eşq) insan məhəbbətinə köçürülmüş şəkildə (sakral-profan-binar oppozisiyası) və bu gözəllik və sevgini şiddətləndirən elementlərin iştirakı ilə verilməsinin diletatant təhlilçidə “cinsi münasibətlər” kimi anlaşılması da tamamilə yanlışdır. Çünki Ələsgər poeziyasında “şəhvət” yoxdur. Ələsgər hətta konkret “adları bəlli” qadınları öyəndə belə Tanrı sevgisindən, haqq kəlamından, sakral mahiyyətdən çıxış edir və və bu mahiyyət və enerjini ruhda və ruh vasitəsilə konkret (və ümumiyyətlə) insanla əlaqələndirir; onu qutsal enerji ilə təmin edir. Başqa sözlə, Tanrı işarəsi altında verilmiş haqq kəlamı ilə bir növ “xeyir-dua” vermiş olur. Ələsgər poeziyasında insan və təbiət gözəlliyini işarələyən simvolların altında böyük sirrlər dayanır:
Təqdiri-qüdrətin gözəl nizamı,
Mənə dərdi verib, yara dərmanı.” (səh.82).
Müəllifin bu uzun və dolaşıq cümlələrindən, adını çəkməsə belə, Aşıq Ələsgəri hürufilik və panteizmə aid etməsi anlaşılır, “Ələsgər hətta konkret “adları bəlli” qadınları öyəndə belə Tanrı sevgisindən, haqq kəlamından, sakral mahiyyətdən çıxış edir və və bu mahiyyət və enerjini ruhda və ruh vasitəsilə konkret (və ümumiyyətlə) insanla əlaqələndir” fikri isə tamamilə uydurma və cəfəngiyyatdan başqa bir şey deyil. Prof.H.İsmayılova görə, Aşığın nəinki Telliyə, Güləndama, Bəyistana, Güllüyə, Gülpəriyə, Xurşuda həsr etdiyi gözəlləmələr, hətta Müşkünaza dediyi “Corabları yaxşı bəzə, Müşkünaz” müraciəti də Ələsgərin Tanrıya olan sevgisidir, “haqq kəlamından, sakral mahiyyətdən çıxış etməsidir”!
Bu cür əsassız fikirlərə getdikcə daha çox aludə olan müəllif onları absurd səviyyəsinə qaldırmış olur. Hərçənd onun bu fikirlərində orijinallıq da yoxdur. Bir vaxtlar, daha doğrusu, ötən əsrin 90-cı illərində Azərbaycan ədəbiyyatşünaslığında Füzuliyə bu cür şərhlər yazmaq dəb halını almışdı, iddia olunurdu ki, Füzulidə ümumiyyətlə qadın məhəbbəti yoxdur, yazdıqlarının hamısı Allaha olan eşq və Allahın tərənnümüdür! Professor H.İsmayılov da Azərbaycan ədəbiyyatşünaslığındakı həmin absurd mövqeyi sadəcə olaraq folklorşünaslığa gətirməyə cəhd etmiş və onu daha gülünc səviyyədə təqdim etmişdir.
Müəyyən etdik ki, H.İsmayılovun monoqrafiya adı ilə təqdim edilən “Aşıq Ələsgər” (2017) kitabı “H.İsmayılov. Göyçə aşıqları və el şairləri. (II cild)”. (Bakı, 2009) kitabında Aşıq Ələsgər haqqında yazdığı giriş mətni imiş (s.3-102). Onu olduğu kimi, hətta səhvlərini belə düzəltmədən təzə adla çap ediblər, yeni kitab kimi təqdim etməklə oxucunu aldadıblar.
Professor H.İsmayılov Aşıq Ələsgərin qardaşı Şair Məhəmmədə aid olan şeiri Aşıq Ələsgərə aid edərək onu “təhlil edir”: ”..aşığın “Bu dağlar mənim” qoşması sanki onun insanla dünyanın vəhdəti halında poetik yaşantılarının bədii təcəssüm modelidir:
Yayda yaylağımdı, qışda oylağım,
Yazda seyrangahım, bu dağlar mənim.
Köçürüb elləri payız ayları.
Gözüm görüb, könlüm bu dağlar mənim” (səh.117).
Prof.H.ismayılov üstəlik şeirin son misrasını təhrif etmişdir. Həmin misra belə olmalıdır:
Güzüm görüb, könlüm, budu, ağlar mənim.
Əks halda cinas yaranmır.
Yeri gəlmişkən, İstanbul Texniki Universitetinin professoru E.Cəfərovu Füzulidən gətirdiyi təhrif olunmuş sitata görə qınamışdıq. Məlum olur ki, E.Cəfərov həmin təhrif olunmuş sitatı H.İsmayılovdan götürüb. Professor H.İsmayılov yazır: “O (Aşıq Ələsgər-N.Ə.) “qəm xirqəsini” könüllü geyənlərdən idi. Çünki bilirdi ki, iki yol var: eşqin yolu, cismin yolu. Eşqin yolu ilə gedənlər “qəm xirqəsini” geyməli idilər. Bu yolun necə bir yol olduğunu Ələsgərin Füzuli babası artıq bəyan etmişdi:
Can vermə qəmi-eşqə ki, eşq afəti-candır,
Eşq afəti-can almağı məşhuri cahanadır” (səh.130).
Əslində isə sonuncu misra
Eşq afəti-can olduğu məşhuri-cahandır,-olmalıdır.
Böyük Füzuli deyir ki, “eşqə can vermə, çünki, eşq can yanğısıdır. Eşqin canı yandıran atəş olduğu bütün dünyada məşhurdur, bütün dünyaya məlumdur. Başa sözlə, eşqə düşsən, canın yanacaq”. H.İsmayılovun təhrifi nəticəsində Füzuli demiş olur ki, “eşqin canı yandıran atəşi alması dünyada məşhurdur”. Göründüyü kimi, filoloq-professor Füzulinin gözəl kəlamını eybəcər və anlamsız hala salmışdır.
Prof.H.İsmayılov maraqlı bir məsələyə də toxunub: “Ələsgərin bütün dünyagörüşü, onun elmdə çatdığı məqam (səviyyə), hər elmdən hali olması, demək olar ki, sənətkarın bütün şeirlərində özünü müəyyən bədii səviyyədə büruzə verir. Ancaq elə şeirləri vardır ki, Ələsgər orada bütün dini-irfani bilikləri ilə açıq-aydın görünür. Məsələn sənətkarın “İrəvanlı Mir Məcid ağa ilə deyişmə”sinə diqqət edək. Bu deyişmə tam bir elmi sorğu-sualdır. Ələsgərin bir arif kimi dünyagörüşü burada qatbaqat açılmışdır. Mir Məcid ağa ona din-irfan elminin çox dərin qatlarından sual vermiş, o da həm məzmun, həm də bədii forma cəhətdən sərrast cavablar vermişdir. Mir Məcid ağa:
Xilafət mülkünün, şahənşahının
Üç yaz altmış altı qulamı vardı.
On iki köşkdü, qırx səkkiz hücrə,
Üç əzim şəhrində nizamı vardı.
Bu, tamamən irfan elmi ilə bağlı sualdır. Bu elmi bilmədən, onun dərinliklərinə bələd olmadan həmin suala cavab vermək mümkün deyildir. Ələsgər həmin sualın cavabını çox asanlıqla verir:
Bişeyi-nöbubət, nəsli-əlaya
Əysik qulun ərzi-salamı vardır.
Üç yüz altmış altı gündü, qırx səkkiz həftə,
On iki ayın üç əziz bayramı vardı.
Sual varlıq aləminin məkan-zaman strukturu ilə bağlıdır. Ələsgər öncə “rişeyi-nöbubət”, yəni nübuvvətin-peyğəmbərliyin köklərinə salam verərək onu uca nəsil adlandırır. Özünü bu yolun günahkar qulu hesab edir. Bundan sonra məlum olur ki, Mir Məcid ağanın sualında:
366 qulam-366 gün;
12 köşk-12 ay;
48 hücrə-48 həftə;
3 əzim şəhr-3 əziz bayramdır.
Beləliklə, dünyanın zaman strukturu məkan elementlərində-məkan və zamanın vəhdətində təcəssüm olunur. Mir Məcid ağa ilin günlərini, aylarını, həftələrini və bayramlarını müxtəlif təsvir kodları ilə verir:
Gün-qulam(insan);
Ay-köşk;
Həftə-hücrə;
Bayram-şəhr.
Bu, simvolik işarələrdən ibarət semiotik dildir. Ələsgər bu dilə, rümuzat elminə bələd olmasa idi, onu aça bilməzdi” (səh.140-142).
Müəllifdən bu cür uzun sitat gətirməyimiz səbəbsiz deyil.
Sual-bağlamanı verənin Mir Məcid ağa olduğunu nəzərə alsaq, aydındır ki, burada söhbət hicri-qəməri, yəni Məkkə şəhərində və müsəlman ölkələrinin əksəriyyətində istifadə olunan təqvimdən gedir. Bağlamanı verən də, onu açan Aşıq Ələsgər də hicri-qəməri ilinin 48 həftə və 366 gündən ibarət olduğunu deyirlər. Əslində necədir? Hicri-qəməri il ayların 6-ı 29, qalan 6-ı isə 30 gün olmaqla cəmi 354 gündür ki, bu da 50 həftə və 4 gün edir. Bəs Mir Məcid ağa və Aşıq Ələsgər niyə ilin 48 həftədən ibarət olduğunu söyləyirlər? Bəyəm onlar 48 həftənin 336 gün etdiyini bilmirdilərmi? Belə çıxır ki, bilmirdilər!
Fərz edək ki, sual hicri-şəmsi ilinə aid olub. İranda tətbiq olunan hicri-şəmsi təqvimində miladi təqvimdə olduğu kimi il 3 dəfə 365 gündən, 4-cü dəfə isə 366 gündən ibarət olur ki, bu da 365,25 gün deməkdir. Tutaq ki, onlar ili 366 gün hesab ediblər. Axı onda da il 52 həftə və 2 gündən ibarət olur. Bəyəm onlar 366 günün 48 həftə deyil, 52 həftə olduğunu bilmirdilər? Belə çıxır ki, bilmirdilər!
Bəs kitabın müəllifi, filologiya elmləri doktoru, professor Hüseyn İsmayılov da bunu bilmirmiş? Belə çıxır ki, bilmirmiş!
Bəs kitabın redaktoru və “Ön söz” ün müəllifi, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova da bunu bilmirmiş? Belə çıxır ki, bilmirmiş!
Yaxşı, kitab müəllifinin və redaktorun filoiloq olduqlarını, 48-i 7-yə vurmaqda və 366-nı 7-yə bölməkdə çətinlik çəkəcəklərini nəzərə alaq.
Bəs kitabın əlyazmasını oxuyaraq ona rəy yazan digər professorlar necə olsun? Moskvada yaşayan professor Ələddin Allahverdiyev və İstanbul Texniki Universitetinin professoru Elbrus Cəfərov. Onların hər ikisi də texnika elmkləri doktorlarıdır! Lap tutaq ki, Ə.Allahverdiyevi “Söz” haqqındakı yanlış bilgisinə, Elbrus Cəfərovu da Füzulidən gətirdiyi təhrif edilmiş sitata görə bağışladıq. Onlar da 48-i 7-yə vura və 366-nı 7-yə bölə bilmirlər? Belə çıxır ki, bilmirlər!
Biri Rusiyanı, o biri də Türkiyəni təmsil edən bu iki professor deyə bilməz ki, bizim xəbərimiz olmayıb, axı kitaba rəy yazanda aydındır ki, onu oxuyublar və hər ikisi də öz yazılarında kitabdan sitatlar gətiriblər!
Kitab müəllifinin sitatın əvvəlində yazdığı “Ələsgərin bütün dünyagörüşü, onun elmdə çatdığı məqam (səviyyə), hər elmdən hali olması, demək olar ki, sənətkarın bütün şeirlərində özünü müəyyən bədii səviyyədə büruzə verir. Ancaq elə şeirləri vardır ki, Ələsgər orada bütün dini-irfani bilikləri ilə açıq-aydın görünür. Məsələn sənətkarın “İrəvanlı Mir Məcid ağa ilə deyişmə”sinə diqqət edək. Bu deyişmə tam bir elmi sorğu-sualdır” fikrinə gətirdiyi sübut budursa, Əsəsgərə acımağımız lazım gəlir.
Prof.H.İsmayılovun Ələsgərin həmin sualın cavabını “çox asanlıqla verməsi” haqqında “şahidlik” etməsi də təbəssüm doğurur-bəyəm Ələsgər həmin cavabı verəndə yanında idiniz ki, onun çətinliklə deyil, asanlıqla cavab verdiyini iddia edirsiniz?
Əlində şəxsi qənaətimiz budur ki, Mir Məcid ağanın adından təqdim edilən bağlamaya verilən cavabın müəllifi Aşıq Ələsgər deyil, bunu uydurublar. Çünki Ələsgər o cür səhvlər etməzdi. Bizcə, Mir Məcid ağa da o cür səhv etməzdi.
Moskvadakı professor Ə.Allahverdiyevin kitaba yazdığı rəydəki “Bu əsər, son vaxtlar Göyçə tarixini, onun təkrarolunmaz görkəmli aşıq məktəbini, bu məktəbin saysız-hesabsız korifey simalarının həyat və yaradıcılığını təhrif və təftiş etmək iddialarına, cəhdlərinə tutarlı cavablardan biri kimi olduqca aktualdır” cümləsi acı təbəssüm doğurur. Əgər Moskvadakı professor H.İsmayılovun bu kitabını bu sətirlərin müəllifinin “Haqq-nahaqq seçilər Haqq divanında” kitabına cavab olduğunu nəzərdə tutursa, göründüyü kimi, məyus olmağa tamamilə haqqı var!
H.İsmayılov: “Mir Məcid ağanın növbəti sualında fikir daha da mürəkkəbləşir:
Bir gülşəndə görüdüm beş qönçə xəndan,
On iki dəstə gül, on dördü reyhan.
Bir çeşməsin gördüm, nuridi əlan,
Yüz iyirmi dörd min sücumı vardı.
Aşıq Ələsgər bu sualı da çox asanlıqla açır:
Beş-pənci-ali-əbadi-əzimi-əziz,
On iki imam çarda məhsim düzbədüz.
Yüz iyirmi dörd min peyğəmbərimiz,
Hər birinin ayrı məqamı vardı.
Sual-cavabdan məlum olur:
5 qönçə xəndan-beş kimsədən ibarət ali-əba;
12 dəstə gül-12 imam;
124.000 sücam-124.000 peyğəmbər;
5 qönçə xəndan-5 nəfərdən ibarət ali-əba Məhəmməd peyğəmbərin (s.) əhli-beytidir” (səh.142-143)
Professor nədənsə “on dörd reyhan”ın üzərindən sükutla keçir. Oxucu düşünə bilər ki, Ustad Ələsgər bu məsələni bilmədiyinə görə cavabsız qoyub, amma belə deyil, müəllif bunu bilmədiyinə görə üstündən keçir, çünki Ələsgərə aid etdiyi cavabı da təhrif edib, ikinci misrada “çarda məhsim” kimi yazdığı mənasız sözlərin yerinə “çahardəh məsumə”, yəni on dörd məsumə olmalı idi. On dördü bildirən “çahardəh” fars dilində olduğuna görə prof.H.İsmayılovun bunu başa düşmədiyi göz qabağındadır, bəs “məsum” və ya “məsumə” sözünü niyə eybəcərləşdirib “məhsim” edib?
Cavab aydındır: kitabın müəllifi filoloq-professor H.İmayılov və kitabın redaktoru, filoloq-professor Sayalı Sadıqova bunları bilmir.
“Kitabı çapa hazırlayanlar” Arif Məmmədli və Q.Zimistanoğlu da bunları bilmir, əgər bilsəydilər, düzəldərdilər! Bir şey maraqlıdır: əgər “H.İsmayılov. Göyçə aşıqları və el şairləri. II c.” (Bakı, 2009) kitabının giriş mətnini bu cür nöqtəsinə, vergülünə toxunmadan, həmin qüsur və səhvlərlə çap edirdilərsə, “kitabı çapa hazırlayanlar”ın və redaktorun burada rolu nədən ibarət olub?
Açığı, prof. H.İsmayılovun “Aşıq Ələsgər” kitabında daha artıq səhvlər, təhriflər, qeyri-elmi fikirlər tapmaq mümkündür, amma göstərdiklərimiz qüsurlar da bu kitabın Aşıq Ələsgər yaradıcılığına layiq olmayan bir nəşr olması haqqında qənaətə gəlməyimiz üçün kifayətdir.
Paylaş: