Tanınmış şair İlham Qəhrəmanın təxminən 14 il ərzində qədrdanlıqla toplayıb tərtib etdiyi Sarı Aşığın “Gül dəftəri” kitabı hazırda “Qanun” nəşriyyatında yenidən çapa hazırlanır. Bu münasibətlə İlham Qəhrəmanla əlaqə saxlayan “Ovqat.com” saytı şairin kitaba yazdığı geniş ön sözü oxuculara təqdim edir. Ön söz demək olar ki, Sarı Aşığın həyatı və onun haradan olması haqqında bir çox qaranlıq məqamalara işıq salır.
Aşıq Ələsgər deyəndə Göyçə, Göyçə deyəndə Aşıq Ələsgər, Nizami deyəndə Gəncə, Gəncə deyəndə Nizami, Mövlana deyəndə Konya, Konya deyəndə Mövlana yada düşür. Amma, Sarı Aşıq deyəndə, Laçın, Laçın deyəndə Sarı Aşıq yada düşmür. Bu kitab həmin tarixi və ədəbi ədalətsizliyi aradan qaldırmağa xidmət edir.
İndiyə kimi ədəbiyyat araşdırmaçıları Sarı Aşığın haradan olması sualına cavab axtararkən bunun üçün onun yer və tayfa adları çəkilən bayatılarına istinad ediblər. Onu aşağıdakı bayatısına görə,
Aşıq Qaramannıdı,
Xalın qara mannıdı.
Yaxşının tənəsindən,
Dağda qar amannıdı.
Türkiyənin Qaraman elindən hesab edənlər var. Bu fikrə Bəhlul Bəhcətin “Sarı Aşığın bayatıları” kitabındakı (Bakı, “Səda”, 2006) “Bayatı şairi “Aşiqin” tərcümeyi-halı” yazısında da rast gəldik. Müəllif yazır ki, “Rum səlcuqları dövlətinin inqirazı nəticəsində Anadoluda kiçik bir dövlət təşəkkül etmişdi. Bu dövlətin mərkəzi Konya şəhəri olub, o zamankı adı ilə Qaraman vilayəti və ya Qaraman eli deyə adlanırdı”. Daha sonra müəllif “Qaraman oğulları” deyilən bu dövlətin Osmanlı dövləti tərəfindən məhv edildiyini və ... “oradakı müəyyən cərəyanlara mənsub olan təriqətçilər öz yurdlarını tərk edib başqa yerlərə hicrət edirlərdi” (yenə orada – İ.Q.) – deyə qeyd edir. Bəhlul Bəhcət belə hicrət edənlərin bir dəstəsində Sarıca Nəbinin – yəni Sarı Aşığın Qarabağa gəlişini göstərir. Yazının bizim üçün maraqlı olan hissəsini bütövlükdə burada veririk: “Bu dəstə o zaman Səfəvi şahlarına tabe olan “Qarabağ” vilayətinə gəlmişdi. Bu vaxtlar ikinci Şah Abbasın hökmranlığı dövrü idi. Təriqətçilikdən zühura gəlmiş olan Səfəvi şahlarının bu mühacirlərə himayə edəcəkləri yəqin idi”. Bildiyimiz kimi, doğum və ölüm tarixi dəqiq bəlli olmayan Sarı Aşığın bir sıra yazılı ədəbiyyatda 16-cı əsrin sonları və 17-ci əsrin əvvəlləri aralığında yaşadığı qeyd edilir. İkinci Şah Abbas isə mənbələrə görə 1633-cü ildə doğulmuş, 1642-ci ildən 1666-cı ilə qədər – yəni ölümünə qədər hakimiyyətdə olmuşdur. Belə olduğu halda 1642- ci ilə qədər ədəbiyyat tarixçiləri tərəfindən öldüyü güman edilən (17-ci əsrin əvvəlləri–İ.Q.) Aşıq Bəhlul Bəhcətin dediyi dəstədə necə gələ bilərdi. O biri yandan Qaraman oğulları dövləti 1250- ci ildən 1487-ci ilə qədər tarix səhnəsində olmuşdur. Sarı Aşıq isə təxminən yüz il ondan sonranın ədəbi hadisəsidir. Göründüyü kimi, Bəhlul Bəhcətin Salman Mümtaz haqqında dediyi – “Bayatı şairi Aşıq hər kəsdən çox Salman Mümtaz tərəfindən qat-qarış bir hala salınmışdır” – fikrini onun özünə də aid etmək olar. Başqa bayatısına görə isə Aşığı:
Mən Aşıq, ağ zindəyəm,
Aləmin ağzindəyəm.
Yurdum Qaradağlıdır,
Məzməzək ağzındəyəm.
Qaradağdan (Cənubi Azərbaycandan) olduğunu iddia edirlər. Hərçənd bu bayatının üçüncü misrasının mənbələrdə “Əslim Qarabağlıdı” versiyası da (“Azərbaycan klassik ədəbiyyatı kitabxanası”, Bakı, “Elm” nəşriyyatı, 1988, altıncı cild, səh.363) məlumdur. Burada onu da qeyd edək ki, Laçında Güləbird kəndinin yaxınlığında Qaradağlı kəndi olmuş və xarabalıqları qalmışdır. Sarı Aşıq cinas ustadı kimi tanınır və hansı sözdən cinas yaratmaq mümkünsə, onlardan istifadə edib. Bu fikri həm onun bizə gəlib çatan şeirlərinə, həm də bayatılarına (yuxarıda misal gətirilən hər iki bayatı cinas qafiyəlidir) şamil etmək mümkündür. Əgər Aşığın haradan olduğunu bayatıları ilə müəyyən etmək düzgün olsaydı, onda, aşağıdakı bayatısına görə
Mən Aşığam, yəməni,
Sərraf tanır yəməni.
Pərişanlıq halında,
Ya zülfün gör, ya məni.
Aşığı Yəməndən (bayatının birinci misrasının mənası Yəməndən olan adam deməkdir), digər bayatısına görə isə Təklə tayfasından hesab etmək olar.
Mən Aşıq, Təklədənəm,
Tək evi təklədənəm.
Tərlanın cürəsiyəm
Sonalar təklədənəm.
Əlbəttə, belə yanaşma səhvdir. Yuxarıda dediyimiz kimi Aşıq cinasa yatan yer və tayfa adlarından bayatılarında ustalıqla istifadə edib. Bununla onun haradan olduğunu müəyyənləşdirmək düzgün olmazdı. Bizə görə Aşıq Həkəri çayı boyunca yerləşən kəndlərin birindəndir. Bunu kitabda yer alan rəvayətlər də təsdiq edir (rəvayətdə Aşığın Maqsudludan olduğu bildirilir). Eyni zamanda Aşığın şeirlərinin diliylə – yəni şivəsiylə – bu gün Laçının Bağırbəyli camaatının və eləcə də Laçın şəhərindən Qubadlıya qədər ərazidə – Həkəri çayının sol sahilində yerləşən kəndlərin camaatının danışdığı şivə (“Yol düşdü bu sərayə”, “Mən Aşıq, kəs ərayı”, “Yaz gələ qar açılə”, “Səndən dərman gəlməsə, Məndən dərd azalımı?!”) arasında çox yaxınlıq var və bu da onun Zəngəzurdan olduğunun sübutudur. Aşıq aşağıdakı bayatısıyla özünün ünvanını dəqiq göstərir:
Mən Aşıq, ağ zindəyəm,
Aləmin ağzindəyəm.
Əslim Qarabağlıdır,
Məzməzək ağzındəyəm.
Yəni, Qarabağın Məzməzək kəndi tərəfdə məni xəbər alsanız yerimi sizə göstərərlər. Ədəbiyyat hər şeydən əvvəl, dilə xidmət faktorudur. Kim ki ana dilinə dərindən bələd olub o dərinlikdən bəhrələnərək əsərlər yazırsa, onun xalqına, ana dilinə xidməti əvəzsizdir. Bu meyarla yanaşsaq, Azərbaycan söz mülkünün, söz səltənətinin padşahı Füzulidirsə, sözsüz ki, o səltənətin vəziri Sarı Aşıqdı. Qədim memarlar məscid minarələrini necə dəqiqliklə tikib bu gün bizi heyrətləndirirsə, Aşıq da bayatılarında həmin memar dəqiqliyiylə bayatılar yazıb. Katiblər tərəfindən bu günümüzə dürüst çatdırılan bayatılarının hamısında Aşıq minarə işi görmüş, demək olar ki, bütün yaradıcılığı boyunca oradan aşağı enməmişdir.
Sarı Aşığın bayatıları spirt lampasından alınan alov kimi təmizdir. Onun bayatılarıyla Yapon hokkuları kimi dünyanı fəth etmək olardı. Əgər insan hisslərini rənglə bir-birindən ayırmaq mümkün olsaydı, onda aşağıdakı bayatıda insan hisslərinin (oxurənglərin) bir-birinə necə qarışdığını gözlə görə bilərdik:
Sədaqi tər, oxu tər,
Sədaq saxlar oxu tər.
Atma, müjgan oxunu,
Qəm tünlükdür, ox itər.
Bu bayatıda aşiqin öz canı hayına qalması hissiylə (qəm tünlükdü – bu bir rəng), məşuqunun canı hayına qalması (məşuqun oxu itə bilər – bu da ikinci rəng) hissi gözlənilmədən bir-birinə qarışır. Və dərhal oxucunu heyrət hissi bürüyür. Aşığı oxuduqca doğma dilə heyran olursan, ona yenidən vurulursan. Çünki Aşıq dilimizin hər qatında və hər rəngində qələm çalıb. Bu bayatıları oxuyanda adama elə gəlir ki, Aşıq dili yəhərli-yüyənli kəhər at kimi sağa-sola səyridir. O, dili nar kimi sıxıb şirəsini çıxardan “zalım” şairlərimizdəndir. Əgər mən rəssam olsaydım, Sarı Aşığın şəklini mücərrəd olsa da, tabloya belə köçürərdim – yüzlərlə rəngin bir yerdə düyün vurulması. Aşığın hədəsi də gözəldir:
Durnanın təki yerdə,
Boynunu bükü yerdə.
Ölsün qurtarsın Aşıq,
Qalsın qəm yükü yerdə.
Mən ölməyə hazıram amma, çiynimdəki qəm yükünü götürən olacaqmı?! Dörd misralıq bayatının verdiyi imkan daxilində sevgidə belə təftiş aparmaq hər oğula qismət olan iş deyil:
Bu bağın bax isi var,
Qönçəsi, nərkisi var.
Gül dəftərin tökübdür,
Bülbülün baqisi var.
Bu bayatıdan alınan informasiyanı dilimizə çevirsək belə bir mənzərə alınır. Gül sevgilisinin davranışı haqqında qeydlər apardığı dəftərini açıb xeyli vaxtı ondan aralı gəzən bülbülə deyir ki, filan vaxt filan gülə qondun, filan vaxt filan gülə… İndi mənə hesabat – cavab ver.
Vaxtilə S.Mümtazın tərtib etdiyi kitabdakı bayatıları oxuduqca Aşığın dilinə və sözü yerli-yerində işlətmək qüdrətinə heyrət etdim. Təxminən buna bənzər hissləri Samət Əlizadənin hazırladığı “Oğuznamə” (Bakı. Yazıçı, 1987) kitabını oxuyarkən keçirmişdim. Hər iki kitabın bir üstünlüyü var – az söz işlətməklə böyük məna vermək. Sarı Aşığın bayatı və şeirlərindəki yer adlarını xəritədə axtarsaq böyük bir ərazini əhatə etdiyinin şahidi olarıq. Çin, Hindistan, Şərqi Türkistan, Ərəbistan, İran, Turan və bir çox yerlərin adına onun şeirlərində rast gəlmək olar. Aşıq o yerlərin adını bayatılarında bildiyi üçün söz gəlişi çəkmir. O yerlər tarixdə necə tanınırsa, o şəkildə oxucuya məlumat verir. Məsələn: Paşa gəzər Bağdadı – deyəndə oxucuya aydın olur ki, bayatı yazılan dövrdə Bağdadda türk paşası hakim idi. Zaman və məkan məvhumu burada öz yerini tutur. Başqa bir misal: Qurban Minayə gələ. Müsəlmanların Mina dağına qurban aparmaları haqqında məlumat bu misrada özünü göstərir. Bu mənada “Yetər” şeirinin axırıncı beytində konkret tarixi hadisədən bəhs edilir:
Xeybərin üstünə xişmə varanda,
Zülfiqar əsərsə, hərayə yetər.
Burada erkən İslam tarixinin mühüm döyüşlərindən birinə işarə olunur. 628-ci ildə Mədinə yaxınlığındakı Xeybər qalasına hücum etmiş müsəlman ordusu sonda Həzrət Əlinin köməyi ilə qalanı fəth etmişdir. Eyni zamanda Aşıq oxucusunu Kərkükdən (Məndil), Qəzvindən, Zəngandan tutmuş Qazağa, Balakənə, Şəkiyə, Qəbələyə, Şirvana kimi o tay-bu tay Azərbaycanda qarış-qarış gəzdirir. Doğma yurdu Zəngəzurun (Qarabağın) isə bir çox kəndlərinin adını bayatılarında çəkir. Hətta, bayatılarda Qarabağda o vaxt mövcud olan, bu gün adları qalmayan Duyran və Dızaq kimi kəndlər var ki, biz o kəndlərin adlarına “Qarabağnamələr”də (Bakı, Yazıçı, 1989) rast gəlirik. Aşıq yaradıcılığıyla dərindən tanış olan oxucuda belə bir qənaət hasil olur – o, öz dövrünün oxumuş, savadlı şəxsiyyətlərindən biri olub. Aşağıdakı bayatısı onun təsəvvüfü (sufizmi) dərindən bildiyinə sübutdur:
Qarşıda səndə sən bil,
Sən oxu səndə sən bil.
Gedər oldum, sevdiyim,
Can qaldı səndə, sən bil.
Sarı Aşığın şeir və bayatılarında müsəlman dünyasının böyük sufi alimi Mənsur Həllacın adından bir obraz kimi istifadə etməsi də Sufizmi dərindən bilməsinin bir daha təsdiqidir:
Əsillər əsil andı,
Əfilər asi ilandı.
Həllacındır bu Aşıq,
Telindən asılandır.
… və yaxud “Gəlmədin” şeirində
Sənsiz mənim ağlamaqdı munisim,
Mənsur kimi qaldım darda gəlmədin.
Kitabda yer alan tapmacaların bir qisminin cavabı bilinmir. Bir qisminin isə cavabını “Yaxşı və Aşıq” dastanından (“Azərbaycan xalq dastanları”, Bakı,Yazıçı, 1983) götürmüşük. Cavabı dastandan götürülən tapmacalar bunlardı: №1; №2; №4; №7. Ümumilikdə dastanda Aşığın 5 tapmaca-bağlamasından istifadə edilib. Bir tapmacanın cavabı dastanda səhvdir. Tərtib etdiyimiz kitabda 5№-ə altında verilən tapmaca belədir:
Mən Aşığam, əmər hey,
İncə beldə kəmər hey.
Göydə bir madyan gördüm,
Altda qulun əmər hey.
Dastanda deyilir ki, bir gəlin Aşıqdan itən atını xəbər alır, Aşıq da ona yuxarıdakı tapmacayla cavab verir. Guya gəlin də meşənin arasında olan göy otlağa gedib atını qulunuyla tapır. Əslində isə tapmaca oxucuya başqa mətləb qandırır. “Laçın folkloru” kitabını yazarkən anamdan bir tapmaca eşitdim. Tapmaca belədi:
Həmər ha həmər,
Şah belində kəmər,
Ayaqları yerdə,
Göydə qulun əmər.
Bu tapmacanın cavabını anam belə dedi – Göy qurşağı, yağış, şimşək, torpaq (“Laçın folkloru” Bakı, Adiloğlu nəşriyyatı, 2009, səh.187). Göründüyü kimi hər iki tapmaca cüzi fərqlə bir-birinin təkrarıdı. Demək, Aşıq eldə olan tapmacanı bağlama-bayatı şəklinə salıb. Daha dastandakı bəsit cavab Aşığın ustalığıyla düz gəlməzdi. Bundan başqa 3 №-li tapmacanın açması bizim tərəfimizdən tapılıb.
7 №-li tapmaca-bayatı cavabıyla birlikdə kitabdakı “Rəvayətlər”dən götürülüb. Beləliklə kitabda yer alan tapmacanın yeddisinin açması var. Axtarışlarımıza (hətta Təbriz aşıqlarına da müraciət etdik) baxmayaraq yerdə qalan 7 tapmaca kitabda “Cavabsız tapmacalar” kimi yer aldı. Ümid edirik ki, gələcəkdə bu tapmacaların açması həm ədəbiyyat, həm də İslamı dərindən bilən ilahiyyat alimlərimiz tərəfindən tapılacaqdır. Bizim qənaətimizə görə cavabsız tapmacalar daha çox dinlə bağlıdır. Onu da qeyd edək ki, 14№-ə altında cavabı bilinməyən tapmaca Bəhlul Bəhcətin haqqında danışdığımız kitabından götürülüb. Bir qədər də mənbələr haqqında. 2010-cu ildə Tehrana getmişdim. Dostlardan biri dedi ki, Kərəcdə (Tehranın 60 kilometrliyində şəhər) kitabım çap olunur. Gedək bir nəşriyyatın rəhbəriylə görüşək. Təklif ürəyimdən oldu, çünki həmin mətbəə (“Pınar” yayım evi) 2009-cu ildə mənim “Əsir dağlar” adlı şeirlər kitabımı çap etmişdi. Mətbəədə kitablar arasında ərəb əlifbasıyla Azərbaycan dilində çap olunan “Sarı Aşıq” kitabı gözümə dəydi. Kitabı əlimə götürüb maraqla vərəqlədiyimi görən mətbəənin sahibəsi, şairə Şərifə Cəfəri dedi, İlham bəy, o kitabı sənə hədiyyə edirəm. O anda elə bil, Şərifə xanım mənə bir at bağışladı. Çox sevindim. Məlum oldu ki, kitab 2007-ci ildə Təbrizdə “Əxtər” nəşriyyatında çap olunub. Kitabdakı bayatıları toplayıb araya-ərsəyə gətirən isə “Alışıq” təxəllüslü Məhəmməd İbadi Qaraxanlıdır. Mən o vaxta kimi Sarı Aşığın kitabını ancaq S.Mümtazın 1935-ci ildə çap olunmuş kitabı əsasında tərtib etmişdim. Təbrizdə çap olan kitabı oxuyanda gördüm ki, o kitabda yer almış 180-ə yaxın bayatı 1935-ci ildə Bakıda nəşr olunmuş kitabda yoxdur. Kitabı yenidən işlədim. Bu zaman daha çox mənbəyə müraciət etdim. Hansı ki, hər bir mənbə haqqında kitabın “Qaynaqlar” bölməsində məlumat yer alıb. Bu kitabın hazırlanmasında istifadə olunan mənbələrin əldə olunma ardıcıllığı belədir:
- “Sarı Aşıq və boyatıları”, Bakı, “Azərnəşr”, 1935, tərtibçi Salman Mümtaz;
- “Azərbaycan ədəbiyyatının qaynaqları”, Bakı, “Yazıçı”, 1986, müəllifi Salman Mümtaz;
- “Azərbaycan xalq dastanları”, Bakı, “Yazıçı”, 1983;
- “Zəngəzur”, Bakı, “Nurlar”, 2005, müəllifi Musa Urud;
- “Sarı Aşıq”, Toplayan Məhəmməd İbadi Qaraxanlı (Alışıq), Təbriz, “Əxtər” nəşriyyatı, 1386 (2007);
- “Azərbaycan Aşıq şeirindən seçmələr”, Bakı, “ŞərqQərb”, 2005;
- “Sarı Aşığın bayatıları”, Bakı, “Səda”, 2006, toplayanı Bəhlul Bəhcət;
Burada onu bildirməliyəm ki, bu kitabda toplanan bayatılar əldə olunan mənbələrin ardıcıllığı üzrə yer alıb. Tutaq ki, Təbrizdə nəşr olunan kitabdan Salman Mümtazın kitabında olmayan bayatılar götürülüb. Eləcə də Bəhlul Bəhcətin kitabında çap olunan 349 bayatıdan bu kitabda 129-u yer alıb. Yerdə qalan bayatıları ondan əvvəlki mənbələrdən əldə etdiyimizə görə təbii ki, kitabda verə bilməzdik. Kitabda Bəhlul Bəhcətin kitabından götürdüyümüz 3 bayatının məna anlaşıqlığında çətinlik çəksək də onları da kitaba saldıq. Həmin bayatılar 124-15; 595-23 və 609-3 №-lər ilə kitabda qeyd edilmişdir. Salman Mümtazın “Sarı Aşıq və boyatıları” kitabı ilə tanış olanlar bilir ki, kitabda “Mürəbbə və təcnislər” bölməsində Aşığa məxsus 6 (altı) qoşma və 1 (bir) təcnis var. Biz mənbələrə baxarkən, Aşığın bir şeirinin də izinə düşdük. Belə ki, Paşa Əfəndiyevin “Azərbaycan şifahi xalq ədəbiyyatı” (Bakı, “Maarif” nəşriyyatı, 1984) kitabındakı “Sarı Aşıq” məqaləsində (səh.191) Aşığın bir şeirindən bir bənd misal gətirilir. Bəndi oxuyanda məlum oldu ki, bu şeir Aşığın bizə məlum olmayan şeiridi. Həmin bəndin üzərinə işarə qoyulub və səhifənin ayağında mənbə göstərilib: S.Mümtaz. El şairləri, Azərnəşr, 1935, səh, 446. Bu yolla “Əyandı qərəz” şeiri Aşığın “Gül dəftəri” kitabında öz yerini aldı. Toplayıb tərtib etdiyim bu kitabda mən daha çox cinasların qurulmasına diqqət vermişəm. S.Mümtazın tərtib etdiyi kitabın bir üstünlüyü ondan ibarətdir ki, o bayatıları birinci misranın son hərfinə görə əlifba sırası ilə düzmüş və onları nömrələmişdir. Burada qeyd edək ki, sonrakı nəşrlərdə bu uğurlu qayda gözlənilməmişdir. Biz kitabda bu prinsipi qoruduq. S.Mümtazın tərtib etdiyi kitabda bayatıların bəziləri eyni ilə bir-birinin təkrarı (məs; 228 və 268; 293 və 346), bəziləri isə sözlərin bu və ya digər şəkildə qismən dəyişdirilməsi şəklində bir-birinin təkrarıdır (məs; 86, 145, 158, 241, 244, 246, 250 və s.). Burada onu da qeyd edək ki, S.Mümtaz körpəlikdən Azərbaycanı tərk etdiyindən müəyyən mənada canlı xalq danışıq dilindən uzaq düşməyi səbəbincə bəzi bayatılarda cinası qurmaqda çətinlik çəkmiş, amma, səsləri olduğu kimi saxlamışdır. Onu da nəzərə almaq lazımdır ki, ərəb əlifbasında hərflər iki cür və dörd cür yazılmaqla iki qrupa bölündüyündən cinası təşkil edən sözün və ya sözlərin tərkibində iki cür yazılan hərf olduqda (yəni həmin hərflərdən sonra gələn hərflər onlarla birləşə bilmir) söz istər-istəməz əlifbanın qanununa görə qırılır. Cinasa nabələd adamın bu zaman çətinlik çəkməsi bizə görə təbiidir. Ancaq bir qədər diqqətlə nəzərdən keçirdikdə öz ana dilimizdə olan cinasla yazılan bayatıları dərhal qurmaq olur. Misal üçün həmin kitabda 153-cü nömrə ilə verilmiş bayatıya fikir verək:
Mən Aşıq, bağça pəri,
Bağbandı bağça pəri,
Qaşın bağ, gözün bağban,
Kipriyin bağça Pəri.
Əslində isə bayatı belədir:
Mən Aşıq, bağça Pəri,
Bağbandı bağça pəri,
Qaşın bağ, gözün bağban,
Kipriyin bağ çəpəri.
Aşığın müəyyən mənada bizim üçün çətin anlaşılan bayatıları əsasən ərəb-fars tərkibli sözlər ilə qurulan cinas bayatılarıdır. Onların isə bir çoxunu “Ərəb və fars sözləri lüğəti” (Bakı. Yazı- çı, 1985) kitabına baxmaqla sözlərin bayatıdakı fikrə, məzmuna xidmət edən variantını saxlamaqla biz Aşıq bayatılarının ilkinliyini qorumuş olarıq. Əksinə, hər hansı bir sözü dəyişsək və ya adi vergülü yersiz tərpətsək xəta etmiş olarıq. Bu cəhətdən “Cinaslar” (Bakı. Yazıçı, 1985) kitabına nəzər salanda görürük ki, Sarı Aşığın bu kitaba salınmış 56 bayatısında cinasların demək olar ki, bir çoxu səhv qurulub. Fikrimizə söykək üçün S.Mümtazın tərtib etdiyi kitabdan 76 nömrəli bayatıya baxaq:
Aşığam, bir dəmarə,
Neştər vur bir dəmarə,
Məni zülfün vurubdur,
Vurdurma bir də marə.
“Cinaslar” kitabında həmin bayatının birinci misrası belədir:
“Aşığı bir dəm ara,...”
Deməliyik ki, hər iki kitabda bayatının birinci misrası səhvdir. Misra belə olmalıdır: Aşığam, bir dəm arə... Yuxarıda adı çəkilən lüğətdə “dəm” sözünün bir neçə mənası var ki, bunlardan da biri ərəbcə qan deməkdir. Aşıq deyir ki, qanıma baxmaq üçün damarıma neştər vursan görəcəksən ki, məni zülfün vurubdur, daha ilana vurdurmağa ehtiyac yoxdur. İzahatımız kiməsə baş ağrısı kimi görünə bilər. Ancaq, Aşığın bayatılarının hər biri söz xəzinəmizdə əvəzsiz inci olduğundan onlarla necə gəldi davranmaq olmaz. Hər iki kitabdakı səhvlər arasındakı fərqə baxaq: S.Mümtaz cinası – “dəm” və “arə”-ni bir yerdə yazsa da, misraya heç nə əlavə etməyib, nə də heç nə əskiltməyib, yəni səs qorunub. Ancaq “Cinaslar” kitabındakı “Aşığı” sözü misranın mənasını tamamilə özgələşdirir, kitabın özündəki qayədən “...forma ilə məzmun vəhdəti...” (Cinaslar, səh.5) uzaqlaşır. Bundan başqa, Sarı Aşığın bayatıları bəzi kitablara folklor nümunəsi kimi daxil edilmişdir. “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası” (Bakı. “Elm” nəşriyyatı, 1988) kitabında folklor nümunəsi kimi verilmiş bayatıların (səh. 480-489) təxminən 10-u cüzi dəyişikliklərlə Aşığa məxsusdur ki, ayıq oxucu bunu dərhal hiss edir. Burada onu da qeyd edim ki, Aşığın bir çox bayatıları mahnı mətni kimi müğənnilər tərəfindən oxunsa da, onun adının müəllif kimi çəkilməməsi adama yer eyləyir. Kitabda əski imlamızla getmiş bir çox sözləri müasir imlamızla əvəzlədik. Məsələn: kibi-kimi; aşıqam-aşığam; yoq-yox; gönül-könül; oqur-oxur; səbah-sabah; baqmaq-baxmaq və s. Bununla bərabər Aşıq o sözlərlə ki, cinas yaradıb və o sözlər əski imlamızdadır biz o sözlərə toxunmadıq. Əziz oxucu, mən bu kitaba ürək qoydum. Təxminən 15 il ərzində zaman-zaman bu kitaba döndüm. İstədim ki, Sarı Aşığın adına layiq bir kitab araya-ərsəyə gətirim. Eyni zamanda çalışdım ki, müxtəlif kitablara səpələnmiş Sarı Aşıq yaradıcılığını bir kitaba yığım. Sarı Aşıq sələfdir, bu kitab bizim xələflik borcumuzdur. Əgər bir iş görə bildiksə, bu Haqq Aşığının halal haqqıdır. Oxuyub zövq almaq da sizin oxucu haqqınızdır.
Paylaş: