
Muxtar Qasımzadə 1951-ci ildə Naxçıvan şəhərində anadan olub. Gənclik illərindən (1970) bu günə qədər jurnalistlik fəaliyyətini davam etdirməkdədir. Bədii yaradıcılığa da elə həmin illərdən başlayıb. Şeir və poemaları mətbuatdan, ədəbi jurnallardan, almanaxlardan, mavi ekrandan, radio dalğalarından ictimaiyyətə yaxşı tanışdır. Müxtəlif vaxtlarda Beynəlxalq poeziya festivallarının iştirakçısı olmuş, şeirləri rus, fars, ingilis dillərinə tərcümə edilmişdir.
Televiziya və radionun inkişafındakı xidmətlərinə görə ölkə Prezidentinin sərəncamı ilə (2006) “Tərəqqi” medalına layiq görülmüşdür.
Hazırda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşriyyat bölməsinin müdiridir. O, 500-ə yaxın müxtəlif mövzulu kitabın redaktorudur. M.Qasımzadə öz poetik imkanlarını ölçüb-biçən, sözə qənaətlə yanaşan qələm sahiblərimizdəndir.
Ovqat.com Muxtar Qasımzadənin yeni şeirlərini oxuculara təqdim edir.
YA QISMƏT
Ümidimin çırağıdır hər günüm,
İşığında dolanmağa, ya qismət.
Ocağımı çatacağam bir zülüm,
Bardaş qurub qızınmağa, ya qismət.
Ağrıların daşıqçısı ürəkdi,
Ayaqlarım bu yollarda ləlikdi,
Ürəyimin daşlığında söz əkdim,
Kölgəsində uzanmağa, ya qismət,
Külək kimi qanadlıdır hər xəbər,
Qulağımda ağacdələn şər xəbər,
Məclis dostu, çörək dostu nə qədər,
Ürək dostu qazanmağa,ya qismət.
Qəlbi dönüb, quzeylənib gün kəsim,
Hardan alım, işığından gün kəsim,
Qızıl qanad taxım, qəlbi gün gəzim,
Güneylənib bəlkə doğa, ya qismət.
DAN SÖKÜLÜR
Dan sökülür-
İnsanlar
Ulduz-ulduz ələnir
Küçələrə, düzlərə.
Dan sökülür-
Bir axın
Çıxır ağ gündüzlərə.
Dan sökülür-
Ürəklər
Ən şirin arzuların
Əməlinə can atır.
Dünya bir gecədən də
Gülüb düşür səhərə.
Hamının sevincinə
Günəş muştuluq çatır.
O QIZ
Qara gğzlərinə qəm çökən sonam,
Salam, bir də salam, o qız sən idin.
Bir vaxt ürəyimə dağ çəkən sonam,
Məni oda salan o qız sən idin.
Bir sevgi nağılı var idi onda,
Sevənlərin sözü bir idi onda,
Şöhrətə aldandın, sovruldu o da,
Eşqin oldu talan- o qız sən idin.
Hər dərsdən çıxanda dönüb kölgənə,
Arxanca gedərdim hey dönə-dönə,
Qızlara göstərib gülərdin mənə,
O ədalı şeytan- o qız sən idin.
Bir su pərisiydin, çəkdilər dilə,
İndi atılmısan quru sahilə,
Yandım bu halına, sən döndün külə,
Dərdinə mən qalan o qız sən idin.
Qızların kirpiyi kaman, ox idi,
Olsun, səndən gözəl gözəl yoxuydu,
Sevgi məktəbində leyli çoxuydu,
Məcnunu mən olan o qız sən idin.
SƏHNƏDƏ MƏCNUN GƏZİR
Ayaqyalın, başaçıq,
Dalğın,yazıq.
Bir qumlu səhra kimi
Səhnədə Məcnun gəzir.
Mən-iyirminci əsr,
O isə...
Allah bilir,
Hansı qərinənin varisi.
Salon- sahil,
Səhnə-tufanlı məhəbbət dənizi.
Bu günün çərçivəsindən çıxıram.
Keçmişin bir parçasına baxıram.
Füzuli dərdi çöküb səhnəyə
Leyli boyda, Məcnun boyda.
Əsrin bir ayağı
Leylinin atasının qapısında,
O biri Ayda...
MEŞƏDƏ PAYIIZ
Bir axşam payızın girdim qoynuna,
Yarpaqlar başımın üstündə yandı.
Budaqlar qolunu saldı boynuma,
Yollarım qızılı şehə boyandı.
Orda korun-korun yanır hər ağac,
Yarpaqlar közərən oddur, alovdur.
Yüyürüb altında əllərini aç,
Bu odu, alovu başına sovur.
Payız şəlaləsi belə olarmış,
Yoluna, izinə axıb tökülən.
Yarpaqlar üstünə işıq salarmış,
Cığırlar hamısı üzünə gülən.
Payız toy mağarı, atəşfəşan ki,
Təbiət səhər də, axşam da yanır.
Meşələr bəzənmiş xonçadı sanki,
Ağaclar hərəsi bir şamdı-yanır.
Bu axşam yarpaqlar üstünə yağan,
Ayın işığına heyran qalırdım.
Özüm durnaları qarşılamışdım,
Özüm durnaları yola salırdım.
Paylaş: