İstedadlı şair Ayaz Arabaçı 1967-ci ildə Gədəbəy rayonunun Arabaçı kəndində müəllim ailəsində doğulub. Doğulduğu kəndin adını özünə ədəbi təxəllüs seçmişdir. Orta məktəbdə oxuduğu illərdə şeirləri "Azərbaycan gəncləri" qəzetində, "Ulduz" jurnalında dərc olunmuş, radionun uşaq verilişlərində səsləndirilmişdir.
1985-ci ildə Rusiyanın Çita və Novosibirsk şəhərlərində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra ali təhsilini başa vuraraq, Mütəxəssis kimi Təhsil Nazirliyində fəaliyyətə başlamışdır. Daha sonra ictimai-fəlsəfi qəzet olan "İdrak" qəzetində baş redaktor, "Diplomat" nəşriyatının direktoru, Ali Diplomatiya Kollecinin İcra Aparatının rəhbəri, "Xudafərin" jurnalının redaktoru işləmişdir.
Şeirləri Türkiyənin bir sıra ədəbi dərgilərində çap olunmuşdur.Türkiyədə çap olunmuş Avrasiya Antologiyasında dərc edilmiş şeirləri xüsusi mükafata layiq görülmüşdür.
5 şeir kitabının müəllifidir. 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Prezident təqaüdçüsüdür.Çoxlu sayda ədəbi-bədii, publisistik və tarixi kitabların redaktorudur.
Kitabları: Ömrümdən kəsdiyim günlər, Bir gün həsrət gəlsə, Dünyaya sevgim var, Uzaq üfüqlərə aparan cığır, Lirika, sevgi şeirləri, Ümidlər puça çıxır.
Ovqat.com Ayaz Arabaçının yeni şeirini oxucularına təqdim edir.
Hərdən əsəblərim yerində olmur,
Heç nədən qan töküb, qada salıram.
Qoyub qabağıma yaralarımı,
Üstünə duz səpib dada salıram..
Sağ deyil könlümün bir qarışı da..
Almıram vecimə qarı-qışı da,
Xətrimi istəyən dost-tanışı da,
Özümnən bərabər oda salıram.
Ötüb ayrılığın ilinnən, ötüb,
Bəminnən uzaşıb,zilinnən ötüb,
Qərib durnaların dilinnən ötüb,
Dağlara-daşlara səda salıram.
Bəxt məndən həmişə aralı keçib,
İçimdən o qədər yaralı keçib,
Göz yaşım Xəzəri, Aralı keçib,
İçində adına ada salıram.
Axşamda-səhərdə tək deyiləm ki,
Ağuda-zəhərdə tək deyiləm ki,
Bu dönük şəhərdə tək deyiləm ki,
Səni bütün günü yada salıram..
Paylaş: