Xəbər lenti

YAŞAYIRIQ ZAMANLA GÜMANIN ARASINDA.
 
“Özümdən özümə” silsiləsindən
 Kövrək xatirələrlə yaşayırıq hələ ki,
 Xatirələr bitəndə bitəcəkdi ömür-gün.
 Yaşayırıq zamanla gümanın arasında,
 Çox şeylər də yadlaşıb yaddaşımda büsbütün.


 Yaş üstə yaş gəldikcə səngiyir od-ocağın.
 Duyub düşündüklərin unudulur bir anda.
 O qədər çəlpəşikdir dünyamızın işləri,
 Hər şey tərsinə dönür gözlənilməz zamanda.


 Nə yaşadın, nə gördün—keçirirsən ələkdən,
 Bu günə nə gətirdin,nə itirdin yollarda,
 Dönüb baxanda geri bircə anda görürsən,
 Ömrünün coxu keçib boş-boş qalmaqallarda.


 İndi “ələk ələnib,xəlbir göydə fırlanır”,
 Ələməyə ələklik qalmayıbdı darı da .
 Beş əllə yapışsaq da dünyanın yaxasından,
 Dünya filan dünyadı,yoxdu etibarı da.


 Bu,bir giley-güzar yox,gəldi-gedər söhbətdi,
 Elə-belə dolandı yaşın yaşlı çağında.
 Yolun çoxu gedilib, qalsa da beş addımı
 Yenə də ləzzəti var indi yaşamağın da.


PAYIZ NAĞILI
 

Başladı payızın yağış nağılı,
 Təbiət yuyundu toz-torpağını.
 Quşlar-köçərilər köçüb getdilər,
 Qalanlar gözləyir qış növrağını.


 Ahıllıq bürüyüb çölü,çəməni,
 Dəlisov küləklər həlimləşibdi.
 Ağaclar mürgülü baxışlarıyla
 Bir az da,bir az da gözəlləşibdi.


 Bulaqlar astaca pıçıldaşırlar,
 Qorxurlar mürgüsü qaça dağların.
 Nəğməli çayların dodaqlarında
 Havası duyulur şaxtanın,qarın.


 Təbiət başlayıb payız nağılı,
 Çiskinli,dumanlı havası ilə.
 Payızsa kövrəlib əlvida edir,
 Gələn görüşlərin səfası ilə.


 Köçür bir payız da, yola salırıq 
 Xonçası əllərdə köçən qız kimi.
 Nigaran-nigaran baxıb qalırıq
 Arxasınca axan bir ulduz kimi.
 
 QAYIT
 
Əli Kərimin xatirəsinə
 Bu sənin taleyin, nigaranam mən,
 Gör neçə vaxtdır ki,görüşmürük biz.
 Biz ki anlayardıq bir-birimizi,
 Ortada olmayıb nə incik,nə söz.


 Qalıb xatirələr duyğularında
 O kövrək baxışlar,o kövrək anlar.
 Bizi qınayan o çox havayılar
 Həsrət acısını çətin ki anlar..


 Hər günün öz rəngi,öz ahəngi var,
 Mənim günlərimsə eyni rəngdədir.
 Axşamım axşamdı,səhərim səhər,
 Hamısı bir dəstdə,bir çələngdədir.


 Biz ki nə yatmışdıq,nə yuxu görək,
 Tale  bizi saldı burulğanına.
 Gözü yaşlı qalan qönçə arzular,
 Dözmədi şaxtalı qış boranına.


 Nə ünvanın bəlli,nə də sorağın,
 Elə bil sən adlı adam yox imiş.
 Mən səni qınaya bilmirəm,axı,
 Görünür,taleyin bəxti beləymiş.

 

Yenə də səninçün nigaranam mən,
 Eşitsən səsimi səsimə səs ver.
 Ölmüsən,qalmısan,bilmirəm ki, mən,
 Qayıt ruhumuza təzə nəfəs ver.

.
 NAXÇIVANIMIN
 

 Dağları dağımdı,bağları bağım,
 Aranlı,yaylaqlı Naxçıvanımın.
 Süsənli,sünbüllü,güllü növrağı,
 Hüsnünə bəzəkdir Naxçıvanımın.
 
 Tarixə şahiddir onun hər daşı,
 Qovğalar çəkibdir bəlalı başı.
 Beş min ildən çoxdur bu yurdun yaşı,
 Tarixdir sirdaşı Naxçıvanımın.
 
 Bir yanı Təbrizdir,bir yanı Göyçə,
 Bir yanı Ərzurum,bir yanı Gəncə,
 Əlinə əl çatar üçü deyincə,
 Süfrəsi halaldır Naxçıvanımın.
 
 Xanəli,bu yurda vurğun olandan,
 İlhamı almısan dağdan,arandan,
 Qorxun yox çovğundan,qardan,borandan,
 Hər çağı gözəldir Naxçıvanımın.


 NAXÇIVAN
 
Bir ovuc torpaqdı,bir çəngə oddu,
 Tarixlər şahidi ulu Naxçıvan.
 Qorqud düşüncəli,Babək qeyrətli,
 Bəşərin qibləsi,yolu Naxçıvan.


 Baharı bahardı,qışı da qışdı,
 Torpağı dərmandı,havası xoşdu,
 Şeirdə,sənətdə başlardan başdı,
 Qüdrətdən yaranıb dolu Naxçıvan.


 Görənlər olubdu hüsnünə heyran,
 Səcdəsi Allahdı,kitabı “Quran”,
 Ürək tək döyünən,ürək tək vuran,
 Canlı bir aləmdi nurlu Naxçıvan.


 Xanəli qəlbinin şah damarıdı,
 Gözünün nurudu,könül varıdı,
 Xalqının qüruru,namus,arıdı,
 Şərəfli,şöhrətli,şanlı Naxçıvan.

 PAZ OĞLU PAZDI...

“ Hərdən-bir yazılan
 
şeirlər” silsiləsindən.
 Tanrı qələmini bir cürə çəkib,
 Kimi gursaçlıdı,kimi də dazdı.
 Birini yaradıb mələk simalı,
 Birini yaradıb-paz oğlu pazdı.


 Nə asqıraq bilir,nə də öskürək,
 Nə hörmət qanandı,nə də duz-çörək.
 Fikri də,zikri də “baxaq”,”qoy görək”,
 Çöhrəsi bəyazdı,ağlı dayazdı,
 Bu heyvərə,vallah,paz oğlu pazdı.


 Qışın qışlığında yaz havasında,
 Ruhunu kökləyib “saz” havasında,
 Ömrü axıb gedir “söz” davasında,
 Başı dumanlıdı,fikri ayazdı,
 Bu heyvərə,vallah,paz oğlu pazdı.


 Gah qaşın oynadır,gözün süzdürür,
 Gah suyun altından saman üzdürür,
 Toyda,mağarlarda yaman süzdürür,
 Hərdən görürsən ki,naz oğlu nazdı,
 Bu heyvərə,vallah,paz oğlu pazdı.


 Yeriyir astaca,gülür astaca,
 Seçdiyi hədəfi vurur ustaca,

Fikri var bir yol da yollansın haca,
 Məqsədi,amalı şərdi,güdazdı,
 Bu heyvərə,vallah,paz oğlu pazdı.


 Yapışır yaxandan qırsaqqız olub,
 Çoxunun yaxası əlində qalıb,
 Nə qədər “ad-san” var hamısın alıb,
 Şöhrət düşgünüdü, şöhrətə bazdı,
 Bu heyvərə,vallah,paz oğlu,pazdı.


 Nə utanmaq bilir,nə də qızarmaq,
 Birinə daş atır,birinə qarmaq,
 Niyyəti,peşəsi müftəcə vurmaq,
 Şəninə nə qədər “tost” desən,azdı,
 Bu heyvərə,vallah,paz oğlu pazdı.

 Oxucum,bəlkə də,qınarsan məni,
 Vallah,bu, qoxudub bütün aləmi,
 Nə dostu qalıbdı,nə də həmdəmi,
 Yenə fərqə varmır, kefi də sazdı.
 Bu heyvərə,vallah,paz oğlu pazdı,
 Billah,bu heyvərə paz oğlu pazdı.




Ana səhifəyə qayıt        Baxış: 1 578          Tarix: Dünən, 19:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma