Prezidenti İlham Əliyev Bakının Xətai rayonundakı 257 nömrəli tam orta məktəbin əsaslı təmir edilən və yenidən qurulan mövcud binasında, həmçinin yeni tikilən korpusunda yaradılan şəraitlə tanış olub.
Ovqat.com-un məlumatına görə, məktəbin yeni tikilən korpusu üçmərtəbəlidir. Foyedə ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təhsil sahəsinə göstərdikləri diqqəti əks etdirən fotostend quraşdırılıb.
Yeni korpusda 24 sinif otağı, 1 informatika kabineti, fizika, kimya və biologiya laboratoriyaları var. 672 şagird yerlik əlavə korpus təhsil ocağında birnövbəli dərs rejiminə keçməyə imkan yaradır. Yeni korpusun istifadəyə verilməsi ilə 257 nömrəli tam orta məktəb 1848 şagird yerlik olacaq.
Müasir səviyyədə inşa edilən binada videomüşahidə və yanğın xəbərdarlığı sistemləri yaradılıb. Yeni korpus internet, mebel-inventar və digər zəruri avadanlıqla da təchiz edilib.
Təhsil müəssisəsinin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.
Paylaş: