Bu yaxınlarda Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Azərbaycanda çəkilən milli teleserialların keyfiyyətinin istənilən səviyyədə olmamasından danışıb.
O, xarici ölkələrdə serialların maarifləndirici xarakter daşıdığını, ancaq bizim seriallarda əks davranışlara yol verildiyini deyərək, kriminal mövzulara meyillənməni tənqid edib.
Sözügedən mövzu ilə bağlı Kult.az-a danışan C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının rəhbəri Müşfiq Hətəmov serialların sənət əsəri olmaqla yanaşı, informasiya çatdırılmasının bir növü olduğunu bildirib:
“İnformasiyalar iki cür olur: gündəlik xəbərlər vasitəsilə çatdırılan, bir də cəmiyyətin formalaşması üçün sənət vasitəsilə verilən mesajlar. Böyük dövlətlərdə çəkilən seriallarda insanların hansı situasiyalarda necə davranması ilə bağlı mesajlar izləyicilərə çatdırılır. Bu məsələ ssenaristlərin, eləcə də rejissorların qarşısına əsas məsələ kimi qoyulmalıdır. Bütünlükdə isə yerli seriallarda ümumi dəyərlərə aid informasiyalar verilməlidir. Nuşirəvan Məhərrəmlinin yerli seriallarda maarifləndirici mesajlara üstünlük verilməsi ilə bağlı dediklərini dəstəkləyirəm”.
M.Hətəmov hazırda milli seriallarda kriminal hadisələrə yer verilməsi məsələsinə də toxunub:
“Yerli seriallarda kriminal mövzulara üstünlük verilməsi daha çox bazarın tələbindən irəli gəlir. Bu mənada rejissorları başa düşmək olar, hamısı reytinq xatirinədir. Ancaq bu, problem deyil. Əsas məsələ seriallarda insanlara çatdırılan mesajların növü və onların keyfiyyətidir. Yaradıcılıq elə bir şeydir ki, onu boğmaq yox, dəstək olmaq lazımdır. Bizim serial bazarı tədricən formalaşır. İnanıram ki, bu səhvlərin hamısı get-gedə düzələcək. Məsələn, 5-10 il bundan əvvəl bu qədər serial çəkilmirdi. İndi serialların içərisində seçilənlər gündəmdə qalıb. Düşünürəm ki, keyfiyyət cəhətdən seçilən milli serialların rejissorlarını dinləmək, onların nə istədiyini bilmək, dəstəkləmək, daha sonra isə onlardan keyfiyyətli seriallar tələb etmək olar”.
Kinoşünas Aygün Aslan bildirib ki, mühüm olan mövzunu necə təqdim etməkdir:
“Serial bizdə təzə-təzə inkişaf etməyə başlayan bir sahədir. Ona görə də yerli serialların ssenarilərində dramaturji, texniki baxımdan problemlər var. Milli seriallarda kriminal mövzulara meyillənmə normaldır. Məsələn, bu dəqiqə dünyada ən çox baxılan serial “Taxtların oyunu”dur (“Game of Thrones”). Burada cinayət tərkibi çoxdur, taxt uğrunda mübarizə gedir və yaxud Türkiyədə yayımlanan “Eşkiya dünyaya hökmdar olmaz” serialında mafiyaların mübarizəsi, silah satışı haqdadır. Bu, normal şeydir. Serial ədəbi məhsuldur. Serialların məqsədi tamaşaçını ekranın qarşısına cəlb edib reytinq qazanmaq və gəlir əldə etməkdir. F.Dostoyevskinin “Cinayət və cəza” əsərinin tərkibində də cinayət dayanır. Əsas olan mövzunu necə təqdim etməkdir”.
Paylaş: