Tanirverdiyev adlı Azərbaycan vətəndaşının bu açıqlaması bu Vətəni canı qədər sevən, bu dövlətin varlığını qorumaq üçün hər cür fədakarlığa hazır olan insanlardan biri kimi məni o qədər də üzmədi. Heç olmazsa, adam danışaraq hansı təhlükəli düşüncənin mövcudluğu barədə bizləri xəbərdar etdi. Bir daha başımıza döyəclədi ki, dövlət orqanlarımızın içinə bu cür separatçı güclər hansısa əllərin köməyi ilə yerləşə biliblər.
Bu sözləri millət vəkili Fazil Mustafa Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanirverdiyevin Feysbuk səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşmasına münasibət bildirərkən qeyd edib. Onun sözlərinə görə, bu məsələyə hüquq-mühafizə orqanlarımız prinsipial münasibət bildirdilər və lazımi tədbirləri görəcəklər:
“Azərbaycanda hər bir xalqın təmsilçisinin öz xalqını sevməyinə kimsə irad səsləndirə bilməz. Bu, bir təməl insan haqqıdır. Ancaq həm Türkiyənin, həm də Azərbaycanın əleyhinə olan böyük güclərin bu layihəsini sevinclə qarşılamaq Azərbaycana və Türkiyəyə qarşı nifrəti ortaya qoymaqdır. Həm də məsul vəzifə tutan bir məmurun bunu açıq şəkildə etməsi hamımızı dərindən düşündürməlidir”.
Qeyd edək ki, Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Füzuli Tanirverdiyevin bu addımı ilə bağlı Baş Prokurorluq araşdırmalara başlayıb.\Axar.az\
Paylaş: