Xəbər lenti

 

Lent.az-ın müsahibi Azərbaycanın tanınmış uşaq cərrahı, uşaq cərrahiyyəsi və urologiyası uzmanı, Mərkəzi Klinik Xəstəxananın əməkdaşı Fuad Hüseynov olub.

Milli.Az müsahibəni təqdim edir:

- Valideynlər sizə daha çox hansı problemlərlə bağlı müraciət edirlər?

- Konkret bir söz demək çətindir. Çünki hər bir xəstəliyin görülmə sıxlığı var. Adi bir qasıq yırtığını götürək. Demək olmur ki, bu, sağlam əhali arasında, erkən və ya normal doğulmuş uşaqlarda faiz etibarı ilə nə qədərdir. Hər bir patologiyanın özünün görülmə sıxlığı olduğu üçün dəqiq rəqəm demək olmur. Elə olur ki, qasıq yırtığı ilə bağlı əməliyyat, elə də olur, cinsiyyət orqanında olan problemin əməliyyatı sıx-sıx həyata keçirilir.

- Bəzən oğlan uşaqlarında xaya yerinə oturmur. Bir çox həkimlər isə deyir ki, 5 yaşına qədər gözləmək lazımdır, ola bilər, həmin xaya öz yerinə otursun. Bu fikir doğrudurmu?

- Tamamilə yanlış fikirdir. Ümumiyyətlə, dünyada enməmiş xayanın əməliyyatını gözləmək üçün qəbul edilmiş yaş 1 yaşdır. 1 yaşdan sonra mütləq əməliyyat olunmalıdır. 5-6, hətta 12 yaşa qədər gözləyənlər də var. Bilmirəm bunu hansı düşüncə ilə edirlər. Tam yanlış bir taktikadır. Çünki bir yaşından sonra xaya torbaya enmədiyi müddətdə yavaş-yavaş istinin təsirinə məruz qalaraq atrofiya olur və balacalaşmağa başlayır. Xayaların torbada yerləşməsinin səbəbi odur ki, burada 34.5-35 dərəcəlik bir mühit var. Normal inkişaf edib böyüməsi üçün xayanın torbada yerləşməsi şərtdir. Selsi ilə götürdükdə qasıq kanalının içərisində bu istilik 37, qarın boşluğunda isə 37 yarım dərəcədir. Xaya o istiliyin təsirində qalaraq atrofiyaya uğrayır.

- Bu problem sonsuzluğa səbəb ola bilərmi?

- İki tərəfli atrofik testis olsa, sonsuzluq yarada bilər. Amma biri normal torbada yerləşsə, digəri atrofiya olsa, bu, sonsuzluq yaratmaz.

- Bəs uşaqları kim sünnət etməlidir? Dəllək, yoxsa...?

- Bəli, valideynlərin sünnəti kimə etdirməsi çox əhəmiyyətlidir. Sünnət xırda müdaxilə sayılsa da, yarana biləcək problemlər sonsuzdur. Sünnət əsnasında zədələnmiş, cinsiyyət üzvünün başı, sidik axarı kəsilmiş o qədər xəstə var ki... İlk öncə ailə bilməlidir ki, uşaqları ev şəraitində, yaxud həyətdə, küçədə tutduğumuz yerdə sünnət etdirmək olmaz. 21-ci əsrdə yaşayırıq. Artıq anesteziyanın, tibbi ləvazimatların hamısının inkişaf etdiyi bir dövrdə, qamışla, qayçıyla sünnət etmək düzgün deyil. Deyəcəm ki, bu, cərrahların işidir, o zaman bir çoxları ilə problem yaranacaq. Amma dermatoloqların, stomatoloqların və başqalarının uşağı sünnət etməsi həm gülməli, həm yolverilməz, həm də qanuna ziddir.

- Sünnət etdirmək üçün ən uyğun yaş hansıdır? Bu haqda mütəxəssis fikirləri belə haçalanır.

- Bir çox ailələrdə uşaq doğulduğu an sünnət edək, xəstəxanadan çıxmamış sünnət edək və sair kimi fikirlər olur. Şəxsən mənim fikrimcə, bunlar yanlışdır. Ümumiyyətlə, ilk altı ay ərzində körpənin sünnət edilməsi məntiqli və məsləhətli deyil. Bunun özünəməxsus səbəbləri var. Birinci səbəb odur ki, uşaq ana bətnində olduğu ilk altı ayında ananın qanındakı hormonlar sirkulyasiya ilə uşağa da keçir və cinsiyyətinin böyüməsinə kömək edir. Doğulduqdan sonrakı ilk altı ayda da bu sirkulyasiya davam edir. Məsələn, qız uşaqlarının yumurtalıqlarında fizioloji kista görürük. Bu da ana hormonlarına bağlıdır. İkincisi, sünnət dərisi sıx yapışıq olur. Biz onu ayırırıq və istər-istəməz yaralayırıq. Gözlə görülməyəcək dərəcədə olsa da, yaralar əmələ gəlir. Sağalandan sonra da bu, gələcəkdə uşaqda hissiyyatın azalmasına səbəb ola bilir. Üçüncüsü, erkən olunmuş sünnətlərdə sidik kanalının daralması kimi problemlərə də rast gəlinir. Ona görə ilk altı ay uşağı sünnət etdirmək məsləhət görülmür. Uyğun yaş isə 6 ay ilə 2 yaş arasıdır. Çünki o arada olan müdaxiləni uşaq gələcəkdə yadında saxlamır. Yaxud 5 yaşından sonra. O zaman uşaq bağçada, ya məktəbdə görür ki, dostlarının, tanışlarının arasında sünnət olmaq faydalıdır. Buna psixoloji olaraq da hazır olurlar. 2-5 yaş arasında olan uşaqların da sünnət olması məsləhət deyil, çünki bu zaman o, psixoloji zərbə alır.

- Sünnətin yerli keyitmə, yoxsa anesteziya vasitəsilə edilməsi məsləhətdir?

- Birmənalı olaraq anesteziya vasitəsi ilə edilməlidir. Biz artıq neçə ildir ki, yerli keyitmə ilə sünnət etmirik. Çünki uşağa həmin anda verilən stress heç bir şeyə dəyməz. Onun əl-ayağını tutursan, bu 15 dəqiqəlik prosesi vahimə içində qalır.

- Lazer üsulu ilə sünnət etdirmənin zərərli olduğu barədə də fikirlər var...

- Lazerlə sünnət deyə bir şey yoxdur. Bu, bəzilərinin reklam məqsədilə, pasient cəlb etmək üçün istifadə etdikləri termindir. Normal, klassik üsulla bıçaqla kəsilir, qanama sızan damarlar onların dediyi lazerlə yandırılır. Yəni bu, elektrokoaqulyator deyilən "tok"dur. Sonra normal tikişlərlə yara bağlanır, bitdi. Yəni lazerlə sünnət edilməsi uydurmadan başqa bir şey deyil.

- Anesteziya ilə bağlı da insanlar arasında bir qorxu var, bu, nə dərəcədə doğrudur?

- Hər hansı bir müdaxilənin, istər cərrahi, istər anestezioloji olsun bir riski var. İndiyə qədər bəlkə 10 minlərlə sünnət etmişik, anesteziya ilə bağlı heç bir problem yaşamamışıq. Amma 100 faiz də belə bir problemin olmayacağına söz vermək olmaz. Çünki o, canlı insandır. Burada hər şey, verilən dərmanlar uşağın kilosuna uyğun hesablanır. Verdiyimiz dərmanlar da qaraciyərdə bəlli bir müddətdən, vaxtı keçdikdən sonra neytrallaşır və təsiri itir. Adətən analarda, nənələrdə belə bir fikir var ki, uşaq narkozu qusmalıdır. Narkoz bir əşya, maye deyil ki, onu qusasan və özünü rahatladasan.

- Genetik qüsurlu uşaqların erkən əməliyyatı məsləhətdirmi?

- Cərrahiyyədə təxirəsalınmaz, planlı və həyati göstərişlər üzərində aparılan əməliyyatlar var. Genetik qüsur olduqda da baxılır ki, uşağın hazırda həyatı üçün təhlükə var, ya yox. Planlı şəkildə əməliyyat olursa, biz gözləyirik ki, uşaq bəlli bir kilo alsın, özünə gəlsin, tam rahatlaşsın, fizioloji mühitə uyğunlaşsın, ondan sonra müdaxilə edək. Amma bəzi patologiyalar da var ki, əməliyyat edilməzsə, xəstəni itirmək olar. Bu, həyati göstəriş sayılır.

- Genetik qüsurları ana bətnində müəyyən etmək mümkündürmü?

- Patologiyaların çoxunu biz artıq ana bətnində tanıya bilirik. Azərbaycanda ana bətnində olan döllərin USM ilə inkişafına baxan fetal qrup var. Onlar hamiləliyin erkən dönəmlərində problemləri görə bilirlər. Prosesi izləyir, cərrahiyyəyə uyğun iş olsa danışır, məsləhətləşirik. Baxırıq ki, hamiləliyin sonlandırılmasında fayda var, yoxsa uşaq doğulsa, əməliyyat nəticəsində tam normal uşaq olacaq. Bütün bunlar barədə məsləhətləşirik. Artıq ailə də psixoloji hazır olur və uşaq doğulanda pis sürprizlə qarşılaşmırlar. Ana-ata psixoloji olaraq hazır olur ki, uşaq doğulanda filan əməliyyat oluna bilər. Bu zaman bizim işimiz də daha rahat olur.

- Cinsi bilinməyən uşağı əməliyyat etmənizlə bağlı məlumatlar oxuduq. Bu məsələ ilə bağlı bilgisizlik mövcuddur. Bu, necə bir problemdir və əməliyyatla tam aradan qaldırmaq mümkündürmü?

- Burada ikiləşmiş cinsiyyət, yaxud cinsiyyəti tam bəlli olmayan, inkişaf etməyən xəstələri ayırmaq lazımdır. Adıçəkilən əməliyyatda xaricdən tam bəlli deyildi ki, bu uşaq oğlandır, ya qız. Amma qan və bütün xromosomların analizində, daxili orqanları araşdırdıqdan sonra gördük ki, bu, 100 faiz oğlan uşağıdır. Bunda sadəcə xarici problemlər var və onları əməliyyatla bərpa edib göndərdik. Elə xəstələr də var ki, hermofroditizm dediyimiz hormonal səviyyənin inkişafında ciddi qüsurları olan uşaqlardır. Onları hansı tərəfə yönləndirsən də, sonucda onun valideyn olma ehtimalı yoxdur. Misal üçün qızdır, amma daxildə uşaqlığı, yumurtalığı yoxdur. Biz sadəcə psixoloji olaraq uşağı gələcəkdə problemlər yaşamasın deyə düzəldirik. Amma onların normal qız, ya oğlan kimi böyüyüb, qadın və kişi olma ehtimalları qalmır. Kişidirsə, kişi funksiyalarını yerinə yetirə bilmir, qadındırsa, qadına məxsus orqanları və ana olma ehtimalı yoxdur. Burada psixoloji problemdən əlavə, fizioloji və anatomik problemlər var.

- Belə uşaqların valideynləri nə edirlər?

- Ən böyük problem odur ki, belə uşaqlar doğulandan sonra valideynlər bunu çox vaxt gizlədir. Sonra üzə çıxır ki, məsələn, uşaq üzdən qızdır, amma daxili orqanları tamamilə oğlandır. Valideynlər 6-7 ildir qız kimi böyütdükləri övladlarını ətrafa, qohum-qonşuya oğlan kimi təqdim edə bilmirlər. Ona görə də qalırlar ortalıqda və onu gizlətməyə davam edirlər. Onlarda da 17-18 yaşlarında psixoloji inkişaf tamam fərqli yöndə gedir. Bu, istər-istəməz 12-13 yaşında, ikinci hormonal aktivlik başlayan dövrdə özünü qız kimi yox, oğlan kimi aparmağa başlayır. Futbol oynamaq, oğlanlarla dostluq etmək istəyir, bədənin quruluşu da dəyişir. Oğlan tipində bilirsiniz ki, çiyinlər geniş olur, çanaq hissə dar olur. Bunlarda da belə olur. Ondan sonra uşaq üçün ən ciddi psixoloji problemlər başlanır. Özünü cəmiyyətə qəbul elətdirə, özünə uyğun davrana bilmir, ona görə problemlər artır və bu hallar intihara belə yol açır.

- Hazırda bu cür xəstələriniz varmı?

- 8-9 yaşlarında bir-iki xəstəmiz var. Onlardan birini oğlan kimi bilirlər. Biz araşdırdıq ki, daxilində qadınlara məxsus yumurtalıqları var. Valideyn isə deyir ki, həmin yumurtalıqları götürün, biz onu oğlan kimi böyütməyə davam edək.

- Sözügedən qüsurlu halları yaradan faktorlar bəllidirmi?

- Deyərdim ki, buna səbəb olan faktorlar çoxdur. Ümumiyyətlə, oğlan və ya qız dölünə bölünmə ana bətnində 7-8-ci həftədən etibarən başlayır. Yəni çox erkəndən başlayır. Sadəcə olaraq, bunu həkim kimi görməyimiz 12-13-14-cü həftələrdən sonra olur. Səbəbləri arasında genetik səbəblər, inkişaf dövründə hansısa bir hüceyrənin səhv tərəfə yönəlməsi və sair var. Qadın geninə və kişi geninə cavabdeh olan hüceyrələr var ki, onların hardasa bir addım axsaması bu problemləri yaradır.

- Maraqlıdır, yadınızdan heç çıxmayan əməliyyatınız olub?

- Əməliyyatlar yox, amma bəzi pasiyentlərim var ki, yadımdan çıxmır. Bir neçə xəstəmiz olub ki, onlara deyiblər, uşağı aparın, yaşamayacaq. Ən son çarə olaraq əməliyyata gəliblər. Onu əməliyyat edərək, tam normal şəkildə evə göndərmişik. Axırıncı uşağımız iki yaşında Mələk adlı bir qız idi. Onu rayonda, burda iki-üç xəstəxanaya aparmışdılar,  demişdilər ki, iki saat yaşayacaq. Amma biz onu əməliyyat edib tam sağlam şəkildə evə göndərdik.

- Övladlarına bu cür səhv diaqnozların qoyulmaması üçün valideynlər nələrə diqqət etməlidir? 

- Valideynlərə məsləhətim odur ki, hansısa problem olanda uşağı uşaq həkiminə aparsınlar. İstər pediatr olsun, uroloq olsun və sair. Biz tez-tez eşidirik ki, uşağı filan yerdə əməliyyat ediblər. Kim edib? Deyirlər ki, ümumi cərrah. Tamamilə səhv bir əməliyyat aparılır. Ya da uşaqda uroloji problem var, aparırlar böyüklər üçün olan uroloqun yanına. Təbii ki, bütün ölkə üzrə tanınan uroloqlar var, amma onlar təhsil aldığı müddətdə uşaq görmürlər. Dünyada bu cür qəbul edilib - 18 yaşdan aşağı uşaqdır, ondan yuxarı böyük. Ona görə 18 yaşdan aşağı hər hansı xəstəyə müdaxilə olunacaqsa, bunu ya uşaq cərrahı etməlidir, ya da uşaq uroloqu. Bu, dünyada qəbul edilmiş bir qanundur, bizdə isə hələ oturda bilmirik. Uşaq gətirirlər ki, onun sidik kisəsini açıb, 5 ayında əməliyyat ediblər. Amma uşağın sidik kisəsini 1 yaşına qədər açmaq ümumiyyətlə olmaz. Bu, onda gələcəkdə şikəstliyə qədər aparıb çıxara bilər.

- Siz uşaqlarla işləyirsiniz, dediyiniz kimi, onlar üzərində saysız əməliyyatlar aparırsınız. Bəs öz oğlunuzu,yaxud qızınızı hansısa vəziyyətlə bağlı əməliyyat edərsinizmi? Yəni adət olunan həkim soyuqqanlılığını o zaman da qoruya bilərsinizmi?

- Bilirsiniz, bu, individual bir məsələdir. Mənim uşağımda yırtıq var idi. Onu özüm əməliyyat etmədim. Həmçinin sünnətini də özüm etməmişəm. Öz uşağın olanda hardasa psixoloji olaraq stress keçirirsən. Məncə, əməliyyat vaxtı uşağa edilən müdaxiləni heç bir valideyn görmək istəməz. Elə həkimlər də var ki, öz uşağını özü əməliyyat edir. Amma əgər ağır, təhlükəli bir hal olsa, "məndən çox can yandıran olmaz", - deyib əməliyyatı özüm edərəm.




Ana səhifəyə qayıt        Baxış: 1 228          Tarix: 29-09-2017, 18:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma