Xəbər lenti

 

Bəzən bir baş insan çiyninə ağırlıq edərkən, meksikalı Paskual Pinon ikinci başı ilə qürür duyurdu. 1889-cu ildə Meksikada doğulan Paskal öz qəribəliyi ilə hər kəsi heyrətə gətirir. Körpənin alın nahiyəsində bir başı da var idi.

Ovqat.com "ikibaşlı möcüzə" Paskal Pinon haqda yazını təqdim edir:

Paskalın ikinci başının olması tibbi cəhətdən tam araşdırılmayıb. Mənbələrə görə, onu Con Şaydler adlı səyyah Meksika torpaqlarında tapıb, haqqında məlumat qələmə almışdı.

Paskalla ilk görüşünü belə təsvir edirdi: "Mən uzun müddət onun axtarışına çıxdım. Meksika ərazisini qarış-qarış gəzdim. Hər kəsi sorğu-sual etdim. Lakin heç kim onun yerini demək istəmirdi. Bəlkə də, ehtiyat edirdilər. Qəbilənin insanlarına bir-bir yaxınlaşıb, ikibaşlı insan hardadır deyirdim. Onlar da mənə acıqlı-acıqlı baxıb, üzlərini çevirirdilər. Günlərin bir günü bəlli oldu ki, Paskala iblisin varisi deyib, onu qapalı mağarada saxlayırlar. Qəbilənin sakinləri düşünürdülər ki, onu gizlətməklə bütün bəlalar sovuşacaq".

Şaydler Paskalı görəndə gözlərinə inanmır. İnsanlar onu yedirir, içirir lakin əllərini bağlayıb, vəhşi heyvan kimi davranırdılar. Qədərsiz Paskal bütün həyatını gün üzü görmədən qaranlıq soyuq daşların arasında keçirdirdi. Şaydler Meksika hakimiyyəti ilə əlaqə saxlayıb, bu haqsızlığın qarşısını almaq istəyir. Hakim dairələr dünya ictimaiyyətin qınağından qorxub, məsələni gündəmə gətirmək istəmirlər. Sonunda səyyah arzusuna çatır və zavallı Paskalı bu məşəqqətdən xilas edir.

Paskal hesab edirdi ki, ikinci başı müqəddəs Məryəmə aiddir və ona dərin hörmətlə yanaşırdı. Mağarada keçirdiyi illərini isə yada salmaq istəmirdi.

Bir dəfə Con Şaydler Pinona maraqlı təklif irəli sürür. Sirklərdə çıxış edib, pul qazanmaq tövsiyə edir. Paskal razılaşır və tezliklə kifayət qədər məşhurlaşır. İnsanlar şlyapanın içindən çıxan ikinci başı görəndə heyrətə gəlirdilər. Bu baş dodaqlarını tərpədir, onlara baxır hətta sakit səslə danışırdı. Paskal çox su içəndə "Məryəm"in ağzının suyu axır, hıçqırmağa başlayırdı.

Paskal haqda hər yerdə şaiələr gəzirdi. Bəziləri düşünürdü ki, onun ikinci başı əslində şişdir. Üzərinə maska yapışdırıb, pul qazanır. Lakin bu, doğru təxmin olsaydı, Paskalın yalanı ifşa olunar və Ginnesin rekordları kitabına salınmazdı. Məsələyə tibbi cəhətdən yanaşsaq, güman etmək olar ki, onun ikinci başı inkişaf etməmiş əkiz qardaşına məxsusdur. Paskalın ikinci başı bəzən gülümsəyirdi, bu zaman düyüyə bənzər ağ və nazik dişləri üzə çıxardı.

Paskal bəzən insanların ona qəribə davranışlarından təngə gəlir, elə tamaşa zamanı səhnəni tərk edib, tənhalığa qapılırdı. Günlərin bir günü əzazil seyrçilər onun üzərinə yumurta, pomidor atmağa başlayırlar. Bu Paskalın səhnədə ən son çıxışı olur. O sirkdən uzaqlaşıb, özünə qapılır. Bir müddət sonra isə özündə qeyri-adı bacarıq hiss edir. Paskal artıq qarşısındakı insanın gələcək taleyini üzündən oxuya bilirdi. İnsanlar onun iqamətgahına gəlir, pul verib, arzu tuturdular. Bəzi mənbələrə görə, Pinon hətta xəstələrə şəfa verirmiş.

Paskal Pinon çox az yaşayıb. Onun dəfn mərasimində isə qohumlarından heç kim iştirak etməyib. Yəqin ki, onun doğmaları bədheybət Paskaldan utanıblar. Hazırda Paskal Pinonun Meksika muzeylərinin birində fiquru saxlanılır. Fiqurun yanında şlyapa qoyulub. İnsanlar ora pul atıb, arzularının gerçəkləşəcəyinə ümid edirlər. Çünki düşünürlər ki, Pinonun ruhu onlara nəzarət edir. (publika.az)




Ana səhifəyə qayıt        Baxış: 822          Tarix: 13-10-2017, 22:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma