Xəbər lenti

 

Azərbaycan filmlərinin məktəblilər arasında təbliğ edilməsi olduqca vacibdir.
Xüsusən də uşaqların həyatı ilə bağlı ekranlaşdırılan bədii filmlərin müasir uşaqların dünyagörüşünə müsbət təsir etməsi şübhə doğurmur. Bəzi filmlərdə bolşevizm ideologiyasının elementləri olsa da, bütövlükdə tərbiyəvi, didaktik mahiyyət daşıyan bədii uşaq filmləri müasir uşaqlar üçün maraqlıdır.
Azərbaycan uşaq filmlərinin məktəblilər arasında təbliğ edilməsi vacib məsələlərdən biridir. Nəzərə alsaq ki, bu gün uşaq filmləri çəkilmir və bu baxımdan sovet illərində çəkilən filmlərin təqdim edilməsi lazımdır. Müasir uşaq öz dövrünün filmlərini istəyir. Öz yaşından 50-60 il əvvəl çəkilən filmlərə bir tarix kimi yanaşır. Bununla belə, Azərbaycan filmlərinin yeni nəsil uşaqlara təqdim edilməsi vacibdir.
Bəzi məktəblərdə müəllimlər uşaqlara həftənin bir istirahət günü Azərbaycan filmlərinə baxmağı tövsiyə edirlər. Yəni bu, Azərbaycan filmlərinin uşaqlar arasında təbliğinə rəvac verir.
Azərbaycan filmlərinin, xüsusən də uşaqlar, gənclər və yeniyetmələr üçün vaxtilə istehsal edilən filmlərin bu gün təbliğ edilməsi zəruridir. Çünki o dövrdə çəkilən filmlərdə uşaqlarda humanizm, yaxşılıq etmək istəyi, mənəvi dəyərlərə hörmət hissi daha qabarıq şəkildə ifadə olunub. Bundan başqa, insanda uşaqlıqdan formalaşmalı olan cəsurluq, qorxmazlıq, düzlük kimi keyfiyyətlər də bu filmlərdə geniş əksini tapıb. Müasir şagirdlərin ən çox sevdiyi filmlərdən bir neçəsini qeyd etmək istəyirik. 1958-ci ildə kinorejissor Həbib İsmayılovun çəkdiyi “Ögey ana” filmi uşaqların çox sevdiyi filmlərdən biridir. Əlisəttar Atakişiyevin macara və fantastik janrda çəkdiyi “Bir qalanın sirri” filmi də müasir uşağın maraqla baxdığı filmlərdəndir.
Azərbaycan filmlərini məktəblilər, xüsusən də uşaqlar arasında hansı yolla təbliğ etmək lazımdır?
Mütəxəssislər qeyd edirlər ki, müasir uşaqların Azərbaycan filmlərinə sevgisini bir neçə yolla formalaşdırmaq olar. Onlar hesab edirlər ki, bu işə ilk olaraq ailədən başlamaq lazımdır. Bu qənaəti bölüşənlər bildirirlər ki, həftənin bir günü ailə olaraq Azərbaycan filminə baxılsa, uşaqların da filmlərimizə marağı artar. Ekspertlərin bildirdiyinə görə, elə ailələr var ki, heç ildə bir dəfə Azərbaycan filmlərinə baxmırlar. Bunun böyük nöqsan olduğunu deyən kinoşünas Səbinə Feyzullayeva bildirir ki, Azərbaycan kinosunun təbliğində ata-ana, yaxud ailənin daha yaşlı üzvləri əhəmiyyətli dərəcədə böyük rol oyana bilər: “Azərbaycan kinosunun uşaqlar, məktəblilər arasında təbliğ edilməsi əsas məsələlərdən biri olmalıdır. Təəssüf ki, bugünkü uşaqların böyük əksəriyyəti Azərbaycan filmlərindən xəbərsizdir. Çoxunun beyni xarici cizgi filmləri və uşaq psixikasını zədələyən filmlərlə dolub. Burada valideyn faktoru da var. Valideyn uşağına tövsiyə etsə ki, Azərbaycan filmlərinə bax, bizim filmlər yaxşıdır, uşaq təbii olaraq öz filmlərimizə maraq göstərəcək. Ailələrdə Azərbaycan filmləri təbliğ olunmalıdır. Bu işə məktəblərdə də xüsusi önəm verilməlidir. Azərbaycan dili və ədəbiyyatı müəllimləri, ibtidai sinif müəllimləri uşaqlar arasında filmlərimizi təbliğ etməlidirlər. Onlar şagirdlərə filmlərdən sərbəst iş də verə bilər. Yəni şagirdlər baxdıqları Azərbaycan filmi haqqında qısa esse də yaza bilər. Bu, təbliğatın yaxşı üsullarından biridir. Sonra məktəblərdə “Azərbaycan kinosu” günü də keçirmək olar. Bu da təbliğatın bir vasitəsi ola bilər. Bəzən deyirlər ki, Sovet dövründə çəkilən filmlərin uşaqlara müsbət təsiri azdır. Qətiyyən belə deyil. O dövrdə çəkilən filmlər uşaqlarda daha müsbət hisslər aşılaya bilər. Uşaqlar keçmiş filmləri tanımalıdırlar”.
Ekspert qeyd etdi ki, Azərbaycan filmlərinin mövzuları olduqca maraqlıdır və bu gün uşaqlarımıza təlqin edilən əcnəbi filmlərdən daha artıq faydası var.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızının fikrincə də Azərbaycan filmləri şagirdlər arasında təbliğ edilməlidir. O hesab edir ki, bu təbliğat elə həyata keçirilməlidir ki, uşaqlarımız milli filmlərimizə rəğbət bəsləsinlər: “Çoxlarımız Azərbaycan filmlərinə uşaqlıqdan baxmağa başlamışıq. Bu sevgini bizə valideynlərimiz aşılayıb. Sevə-sevə baxdığımız filmlər bizim tərbiyəmizdə əhəmiyyətli rol oynayıb. Düşünürəm ki, Azərbaycan filmləri şagirdlərə ən çox ailədə və məktəbdə sevdirilməlidir. Bu gün nəinki paytaxtda, hətta bölgələrdə də Azərbaycan filmlərinin nümayişi həyata keçirilir. Kinoteatrlarda, Heydər Əliyev mərkəzlərində, mədəniyyət müəssisələrində, bəzi ali və orta məktəblərdə Azərbaycan filmlərinin nümayişi həyata keçirilir. Film nümayişlərinə uşaqları da aparmaq olar. Hər yaş qrupuna uyğun filmlərimiz var ki, uşaqlar o filmlərdən böyük zövq ala bilər. Sovet dövründə çəkilən uşaq filmlərinin hər biri özünəməxsusdur, maraqlıdır. Filmlərimizi uşaqlarımıza sevdirmək lazımdır”.

İradə SARIYEVA




Ana səhifəyə qayıt        Baxış: 1 098          Tarix: 25-10-2017, 18:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma