Xəbər lenti

 “Sony” korporasiyası 2018-ci ilin yanvarından etibarən yeni robot-it modelinin satışına başlayacağını elan edib. Şirkət bu tipdən olan əvvəlki qurğuların xatirəsinə onun adının “aibo” olacağını bildirib.

AZƏRTAC xəbər verir ki, internetə qoşulacaq yeni elektron it məişət elektrik cihazlarını idarə etmək qabiliyyətinə malikdir. Lakin “aibo”nun əsas funksiyası öz sahibi ilə oynamaqdır. Layihənin yaradıcıları robotun hərəkət və müxtəlif emosiyaları ötürmə imkanlarını xeyli yaxşılaşdırdıqlarını iddia edirlər.

“Bu, sevinc və şənlənmək qurğusudur, biz əminik ki, “aibo” ən sevimli “ev heyvanı” olacaq”, — deyə kompaniyanın prezidenti Kadzuo Hirai Tokioda keçirilən mətbuat konfransında bildirib.

“Aibo” adı – “süni intellekt” və “dost” ifadələrinin birləşməsindən yaranan söz oyunudur. Kompaniya robot-iti təxminən 214 min yapon yeninə (1,9 min dollar) satmağı planlaşdırır. Bundan əlavə, “aibo”nun istifadəsi üçün ona üç il xidmət göstərilməsi barədə müqavilə imzalanmalıdır. Bu isə ən ucuz variantda 90 min yenə (790 dollardan çox) başa gələcək.

Şirkət elektron itin əvvəlki modelinin istehsalını maliyyə çətinliyi ilə üzləşdiyi 2006-cı ildən dayandırmışdı.







Ana səhifəyə qayıt        Baxış: 1 063          Tarix: 2-11-2017, 09:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma