Xəbər lenti

 

Təbriz Vəfalı: "Bu telekanalda zabit kimi hərbi qulluq keçmiş, ehtiyata buraxılmış və hazırda ölkə mediasının tanınmış simalarından olan populyar jurnalistlərin işləməsinə şərait yaratmaq lazımdır"

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Azərbaycan Respublikasının Milli Məclisinin noyabrın 22-də keçirilmiş plenar iclasında 2018-ci ilin dövlət büdcəsi ilə bağlı çıxışında bir sıra məqamlara toxunub. Deputat qeyd edib ki, heç şübhəsiz ki, Azərbaycan ordusu regionda ən güclü ordudur: «Əgər sülh yolu ilə olmasa, torpaqlarımızı ordumuzun sayəsində işğaldan azad edəcəyik. Ancaq reallıq budur ki, bu gün bir kəndimizi belə geri almağa cəhd göstərsək, beynəlxalq güclərin ciddi təzyiqi ilə üzləşəcəyik. Ona görə indiki durumda informasiya müstəvisindəki fəaliyyətimizi daha mükəmməl qurmalıyıq. Bir tankın alınmasına xərclənən pulla güclü bir televiziya kanalı yaratmaq mümkündür. Müxtəlif dillərdə yayımlanacaq proqramlar Azərbaycan həqiqətlərini daha geniş auditoriyaya çatdıra bilər. Bu isə şübhəsiz, sülh danışıqlarında həm də əlavə üstünlüyümüzdür. Buna görə də dövlət büdcəsindən ümumən media ilə bağlı vəsaitin həm məğləğinin artırılmasını, həm də belə demək mümkünsə, təyinat istiqamətlərinin genişləndirilməsini təklif edərdim».
Tanınmış tədqiqatçı jurnalist, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti, baş leytenant, Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri və www.azim.az internet portalının baş redaktoru Təbriz Vəfalı Əflatun Amaşovun çıxışındakı məqamlarla bağlı saytımıza açıqlama verib. Deputatın fikirlərini dəstəklədiyini deyən həmsöhbətimiz bildirir ki, informasiya müharibəsində qələbə qazanmaq və üstünlüyü əldə saxlamaq üçün elektron və yazılı media orqanlarının əməkdaşları ilə sıx əməkdaşlıq etmək, hərbi telekanal və ya internet televiziyası yaratmaq, xəbərləri və çəkilişləri müxtəlif dillərdə yayımlamaq dövlətiçiliyimizin qorunmasında, Azərbaycanın siyasi və hərbi nüfuzunun artmasında, dövlətimizin beynəlxalq aləmdə söz sahibi olmasında, respublika vətəndaşlarında ordumuza və müdafiəmizə ciddi inamın yaranmasında mühüm rol oynaya bilər: «Ancaq burda məsələ təkcə maliyyə problemindən getmir. İqtisadi inkişafımız və dövlət büdcəsinin ilbəil zənginləşməsi sözügedən telekanalın və ya internet televiziyasının yaradılması üçün maliyyə vəsaitinin ayrılması üçün kifayət edir. Lakin problem dövlət və hərbi sirlərin qorunmasından gedir. Elan olunmamış Qarabağ müharibəsinin başladığı ilkin dövrlərdə, 1992-1993-cü illərdə döyüşçülərimizin, hərbçilərimizin tutduqları döyüş mövqeləri, silah-sursat, hərbi texnika və digər hərbi məsələlərlə bağlı məqalələrin yazılması və fotoşəkillərin çəklməsi, onların qəzetlərdə dərci, televiya çəkilişlərinin aparılması, radioxəbərlərinin yayımlanması və sair Azərbaycana çox baha başa gəldi. Çünki ermənilər bəzən danışılanlardan, yazılanlardan, fotoşəkillərdən və telekadrlardan döyüş mövqelərimizin yerlərini və bizimkilərin hərbi güclərini öyrəndilər və top mərmisi, «Kristal» və «Alazan» raketləri ilə atəşə tutmaqla, həmçinin əks həmlə ilə hücuma keçməklə xeyli döyüşçümüzü şəhid etdilər, bəzi döyüşçülərimiz yaralandı, müəyyən strateji döyüş nöqtələri düşmənlərin əllərinə keçdi. Ona görə də Əflatun Amaşovun təklif etdiyi telekanalın, yaxud, internet televiziyasının yaradılması ilə iş bitmir. Burda kadr məsələsinə xüsusi diqqət yetirmək lazımdır. Mənim fikrimcə, ilk növbədə Müdafiə Nazirliyi, Respublika Baş Prokurorluğu, Hərbi Prokurorluq və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarından ibarət koordinasiya şurası yaradılmalıdır. Üstəlik, Azərbaycan Silahlı Qüvvələrində zabit kimi hərbi qulluq keçmiş, ehtiyata buraxılmış və hazırda ölkə mediasının tanınmış simalarından olan populyar jurnalistlərin həmin telekanalda və ya internet televiziyasında işləməsinə şərait yaratmaq lazımdır. Çünki onlar hərbi sirrin nə olduğunu, nəyi yazmağın, nəyi danışmağın, nəyin şəklini çəkməyin vacib olduğunu digər jurnalistlərdən, xüsusilə də xanım jurnalistlərdən daha yaxşı bilirlər. Bunları deməkdə məqsədim odur ki, keçmiş hərbçi-zabit olan jurnalistlərdən ibarət peşəkar komandanı və haqqında bəhs etdiyim koordinasiya şurasını yaratmadan, sözügedən telekanalın və ya internet televiziyasının yaradılması əhəmiyyətsiz görüntüdən başqa bir şey olmayacaq».
Təbriz Vəfalı deyir ki, keçmiş döyüşçü olan, həmçinin ordu sıralarından ehtiyata buraxılan və hazırda jurnalist kimi fəaliyyət göstərən şəxslər vətəndaşlarımızın ordumuza inamının artırılmasında mühüm rol oynaya bilərlər. Mərkəz rəhbəri bunun üçün iki təklif irəli sürür: «Müdafiə Nazirliyinə və Azərbaycanda fəaliyyət göstərən media qurumlarına təklif edirəm ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmiş, ehtiyatda olan zabit və gizir, eləcə də döyüş mövqelərində xidmət göstərmiş əsgər, həmçinin Qarabağ müharibəsində döyüşçü olmuş jurnalstlər barədə kitab hazırlansın və çap olunsun. Həmin kitabda sözügedən jurnalistlərin döyüş və hərbi xidmət xatirərləri öz əksini tapsın. Digər təklifim də budur ki, Müdafiə Nazirliyi, deputatlarımız, Azərbaycanda fəaliyyət göstərən jurnalist qurumları və KİV-lər ildə bir dəfə heç olmasa 26 iyun Silahlı Qüvvələr Günündə döyüşçü və zabit olmuş jurnlaistlərlə bağlı tədbirlər keçirsinlər. Hər iki təklifin reallaşdırılması keçmiş hərbçilərə dövlət qayğısının və diqqətinin tükənmədiyini göstərəcək və bununla da vətəndaşlarımızda ordumuzun keçmişi, hazırki durumu və gələcəyi barədə müsbət rəy və fikir formalaşdıracaq».\\NEWCENTER.AZ





Ana səhifəyə qayıt        Baxış: 602          Tarix: 28-11-2017, 22:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma