Xəbər lenti

Bir neçə gündən sonra Qarabağın dilbər guşəsi Şuşanın Ermənistan tərəfindən işğalının 25 ili tamam olacaq.

Bu işğal bütün tərəfləri ilə Ermənistan dövlətinin, onun havadarlarının adına yazlıb.

Keçmiş döyüşçü, Şuşanın işğalı zamanı bütün hadisələri öz gözləri ilə görmüş ehtiyatda olan zabit, Qarabağ əlili Qalib Rəhimov Modern.az saytına yolladığı yazıda Şuşa və Laçının əldən verilməsinin bəzi məqamlarını açıqlayıb.

Bir daha vurğulamaq istərdik ki, bu kimi işğal faktları Ermənistanın boynunda hər zaman dəyirman daşı olacaq. Ancaq keçmiş döyüşçü redaksiyamıza yolladığı yazıda işğala yol açan təxribatlar, Rəhim Qaziyevin xəyanəti, Rusiyanın o zaman hansı oyunlar oynadığı barədə mülahizələrini qələmə alıb.

Oxuculara maraqlı olar deyə, həmin yazını təqdim edirik.
Əbülfəz Elçibəy və Etibar Məmmədov...
1992-ci ilın martında Ayaz Mütəllibovu istefaya göndərdilər. Yaranmış vəziyyət elə idi ki, ölkə de-fakto hakimiyyətsiz qalmışdı. Bu elə bir zaman idi ki, Rusiyanın başı daha çox özünə qarışmışdı. Amerika və Avropa isə SSRİ-nin dağılmasının ŞOK-unu yaşayırdı. Yəni Cənubi Qafqaz bu güclərin təsirində olsa da, güc etməklə yerli iddiaları qismən gerçəkləşdirmək olardı.
Belə bir zamanda Azərbaycanda yeni prezident seçkilərinə start verildi. Bununla da Azərbaycan təhlükəli siyasi oyunların məkanına çevrildi. Hakimiyyət uğurunda gedən mübarizədə bir çox siyasi qüvvələr mübarizə aparırdı ki, bunların da içərisində Rusiyanın dəstəklədiyi qruplar və Qərbin maraqlarına uyğun siyasət aparan AXC-çilər daha çox fəallıq ğöstərməyə çalışırdılar.
Azadlıq uğurunda mübarizədə xalq arasında ciddi nüfuz qazanmış Əbülfəz Elçibəy və Etibar Məmmədov ən real namizəd idilər. Onların da hakimiyyətə gəlmək istəyi Moskvanı heç cür razı sala bilməzdı. Bu qüvvələr Rusiyanı Qafqazdan sıxışdırıb çıxartmaq istyən Qərb və ABŞ-dan dəstək alırdılar.

Canı hayında qalan Rusiya isə Cənubi Qafqazda, o cümlədən Azərbaycanda özünün strateji maraqlarını qoruyub saxlamaq üçün bütün vasitələrdən istifadə edirdi.
1992-ci ilin may ayında Rusiya dəstəklədiyi namizədlərin seckidə uduzacaqlarını görüb, yeni bir hərbi siyasi plan həyata keçirməyə qərar verdi.
Rusiyanın 1992-cil may planları: Şuşa, Laçın...
1992-ci ilin may ayının əvvəllərindən başlayaraq Şuşanı və ətraf kəndləri hücuma məruz qoydular. Əslində bütün bunları Rusiya həyata keçirirdi. Ad isə Ermənistanın idi. Çünki o zaman Ermənistan torpaq işğal etmək gücündə deyildi. Başqa məsələ ki, tarix boyu ermənilər Azərbaycan torpaqlarını işğal etmək üçün girəvə axtarıblar. Məhz 1992-ci ilin mayında belə bir fürsət onların əlinə düşmüşdü.

Azərbaycanın Müdafiə Nazirliyində olan çoxsaylı Rusiya meyilli yüksək rütbəli zabitlər bu planın həyata keçməsində hətta deyərdim ki, canfəşanlıqla iştirak edirdi.
Bunun sübut edilməsinə ehtiyac yoxdur: O yüksək çinli hərbçilər bu hucumların qarşısını almaq üçün heç bir tədbir görmürdülər.

Əksinə, ordunun içərisində özbaşınalıq, xaos yaradırdılar. Bundan istifadə edən erməni birləşmələri Şuşanın ətraf kəndlərini ələ keçirib şəhərə daxil olmağa imkan qazandılar.  


Niyə İran? Rusiyanın ikinci Mütəllibov layihəsi...

Həmin vaxt Şuşanın işğalının əsas məqsədin gizlətmək üçün İranda atəşkəs elan olunacaq deyə Azərbaycan və Ermənistan rəhbərlərini İrana dəvət etdilər.

Bu, həm də hədəfi yayındırmaq idi. Baxın, bir müddət işğal faktı İranın adı ilə bağlandı. Əslində isə nə baş verirdi...
Rusiya öz marağına xidmət edən Ayaz Mütəllibov hakimiyyətini yenidən bərpa etmək planını həyata keçirməyə başladı. Şuşanın işğalı da bu planın tərkib hissəsi idi. Şuşanın işğalı ilə daxildə bir xaos yaradıb, bu vəziyyətdən istəkləri ücün istifadə etməli idilər ki, bunu da həyata keçirdilər.

General Şahin Musayev parlamenti mühasirəyə aldı, adını qoydular ki, hərbçilər Şəhidlər Xiyabanında and içir...

Şuşada baş verən hadisələri Moskvanın sifarişi ilə Müdafiə Nazirliyində  Şahin Musayev idarə edirdi. İlk vaxtlar bu plana qarşı çıxan Rəhim Qazıyev və digərləri Şahin Musayevi vəzifədən uzaqlaşdırmağa çalışırdılar.

1992-ci ilin may ayının 4-5-də Şahin Musayev özünü müdafiə etmək üçün silahlı dəstələrlə parlament binasını mühasirəyə aldı və nəticədə onun öz postunda qalması üçün tərəflər razılığa gəldilər.

O zaman baş verən bu hadisələr gizli qalsın deyə, ora toplaşan hərbçiləri Şəhidlər Xiyabanına apardılar. Xalqa belə bəyan etdilər ki, hərbçilər Şəhidlər Xiyabanında andiçmə mərasimi kecirir.

Beləliklə, Şahin Musayev vəzifəsində qalıb, planları həyata keçirməkdə davam etdi.
Həmin gündən Prezident Aparatı da Şahin Musayevin nəzarətində olan hərbçilərin vasitəsilə mühafizə edilməyə başladı.

Bu da ona görə idi ki, digər hakimiyyət istəyən qüvvələrin binaya yiyələnməsinin qarşısı alınsın.
Bakıda başladılan AntiAzərbaycan kampaniyası əyalətlərə də ötürülürdü.

Qarabağın canı olan Şuşada artıq belə proseslər başlamışdı. Özbaşınalıq, ordu içərisində təxribat, biri-birlərini eşitməmək kimi hallar güclənmişdi. Bu da qəsdən edilirdi ki, şəhər boşaldılsın.

Bir daha qeyd etmək istərdim ki, bu zaman çirkli oyunlar Bakıda daha geniş şəkildə həyata keçirilirdi və çox təssüf ki, Şuşanı müdafiə etmək və antimilli qüvvələrə qarşı Bakıda dirəniş üçün heç bir güc  yox idi. Bütün siyasi qüvvələrin başı seçkiyə qarışmışdı.

Rəhim Qazıyev özü Moskvadan aslı olduğuna görə nazirlik də bu hadisələrə təsir göstərə bilmirdi.

O da Ayaz Mütəllibovun qayıdışının əleyhinə idi. Amma Mütəllibovun yenidən hakimiyyətə qayıtmasının qarşısını almaq ücün heç bir tədbir görmürdü.

Şuşa belə işğal edildi...

Bakıda bütün tədbirlərini görən Rusiyanın əlaltıları xalqımızın “qara tarixi” olan mənfur Şuşa əməliyatını həyata keçirdilər.

Bununla da 1992-ci ilin may ayının 7-8-də Şuşa şəhəri tamamilə ermənilərin əlinə keçdi. O zaman Azərbaycanın mərd oğulları ermənilərə qarşı ciddi mübarizə aparırdılar. Onların qurulmuş oyundan xəbəri yox idi.
Şuşadan çıxan ordu birləşmələri və Bakıdan göndərilən hərbi qüvvələr Laçının Turşsu kəndi ətrafına toplaşdılar.

Şuşanın işğalından Azərbaycanın daxilində süni gərginlik yaratmaq üçün istifadə etdilər. 

Ayaz Mütəllibovu qaytardılar...

Azərbaycanda hakimiyyətsizlik nəticəsində baş verənləri əldə əsas tutaraq Ali Sovetin sessiyasini çağırdılar. Sessiyada Ayaz Mütəllibovu yenidən öz vəzifəsinə qaytardılar. (Məqsəd bundan sonra Şuşa şəhərini geri alıb ölkədə müvəqqəti sabitlik yaratmaq və may ayının 16-da Bişkek şəhərində MDB-nin iclasında iştirak edərək, ora üzv olmaq və Rusiya ilə müqavilə bağlayıb onun Azərbaycandakı hərbi bazalarına status vermək idi. Beləliklə də Azərbaycan Rusiyanın maraq dairəsində qalmalı idi). 

Həmin vaxt Şuşa istiqamətində toplaşanların bir hissəsi AXC tərəfindən göndərilənlər, bir hissəsi Etibar Məmmədovla ora gələn qüvvələr və çox hissəsi Müdafiə Nazirliyi tərəfindən ezam olunanlar idi. Sonuncular Mütəllibovun hakimiyyətə gəlişindən sonra Şuşa əməliyyatını aparmalı idilər.


Etibar Məmmədovun Şuşanı geri almasına mane oldular

1992-ci ilin may ayının 10-11-də Turşsuda hərbçilər arasında keçirilən müşavirədə Etibar Məmmədov gətirdiyi qüvvələrlə Müdafiə Nazirliyi və DİN-nin qüvvələrini toplayıb Şuşanı geri qaytarmaq üçün əməliyyat aparmaq istədi.

Gerçəklik bu idi ki, Etibar Məmmədov bunu bacara biləcəkdi. Lakin bu əməliyyatın Etibar Məmmədovun seçkiqabağı reytinqinin artmasına xidmət edəcəyini iddia edən digər qüvvələr buna razı olmadılar.

Məsələdən xəbər tutan və Şuşa ətrafına toplaşmış hərbçilərin planlarını bilən Etibar Məmmədov gətirdiyi qüvvələri orada başsız qoyub geriyə, Bakıya qayıtdı.

Bundan sonra o, Bakıda AXC üzvlərini baş verəcək siyasi dəyişikliklərə hazır olmağa çağırır, özü isə Türkiyəyə yola düşür.

Mayın 14-də Mütəllibov hakimiyyətə gətirilir. Bu hadisədən xəbərdar olan AXC qüvvələri özlərinin tərəfdarlarını və silahlı dəstələrini parlament qarşısına toplayaraq, qanunsuz dəyişikliyə qarşı çıxdılar.

May ayının 15-nə keçən gecə Ayaz Mütəllibov təzyiqlərə tab gətirə bilməyib, qan tökülməsin deyə, Bakını tərk etdi. Bu, Mütəllibov tərəfdarlarının iddiası idi.

Moskva Rəhim Qazıyevə görə Mütəllibovu dəstəkləmədi

Əslində isə gerçəklik belə deyildi. Son məqamda Moskva Mütəllibovu dəstəkləmədi. Buna görə də o, sakit Bakını tərk etdi.

Moskvanın Mütəllibovu dəstəkləməməsinin səbəbi isə Rəhim Qazıyev oldu.

Mayın 14-də Mütəllibov hakimiyətə gələn kimi Rəhim Qazıyevi Daşkəndə toplantıya göndərir. O da Daşkənddə Qraçovla, Yeltsinlə görüşür. Necə deyərlər, Mütəllibovun “quyusunu qazır”. Bundan sonra rəsmi Moskva Mütəllibovu müdafiə etmir.

Mayın 15-də Rəhim Qazıyev Bakıya qayıdır və hakimiyəti öz əlinə almaq istəyir. Bu da baş tutmur. Parlamentdə hakimiyyət AXC fəallarının əlinə keçir. Belə bir vəziyyətlə razılaşmayan Rusiya Azərbaycan üçün daha ağır bir əməliyyat keçirdi.

Laçın niyə işğal olundu...
Bu dəfə Laçın rayonunu boşaldaraq, Ermənistandan Qarabağa dəhliz açdılar. (Burada məqsəd dəhliz vasitəsi ilə Qarabağa keçib, Azərbaycana təsir mexanizmlərini əldə saxlamaq idi ki, bunu da bacardılar. O zaman xeyli azərbaycanlı oğlanlar vuruşaraq şəhid oldular. Onlar da qurulmuş oyundan xəbərsiz idilər).

Bu dövrlərdə Azərbaycan və Ermənistan müdafiə nazirləri demək olar ki, Rusiya Müdafiə Nazirliyinin göstərişləri ilə hərəkət edirdilər.

Belə ki, Moskvanın göstərişi ilə Laçının boşaldılması başladı. Turşsu istiqamətində olan hərbi qüvvələr may ayının 15-də ermənilər cəbhə xəttini yardılar deyib, Laçın şəhəri istiqamətinə çəkildilər. Gecə ikən ordu içərisinə böyük təxribat saldılar.

Əsgərlər yüksək rütbəli zabitlərə inanmadılar və bu vəziyyəti orada olan Müdafiə Nazirliyinin nümayəndələri qəsdən yaratdılar.

Belə ki, bir neçə zabit qərargahdan gələrək əsgərlərə “Sizə geri, Turşsuya qayıt, əmri verəcəklər, qayıtmayın, sizi satıblar, orada ermənilər yerləşib, sizi qıracaqlar” dedilər.
Bu cür fikirlərlə əsgərlər arasında inamsızlıq yaradıldı. Bir müddət keçəndən sonra Turşsu kəndinə qayıtmaq əmri verildi, lakin buna cəhd edilmədi. Çünki məqsəd Laçını boşaltmaq idi. Əsgərlər bu vəziyyətə etiraz olaraq şəhəri tərk etdilər. Şəhərdə çox az qüvvə qaldı ki, onlar da qüvvələr nisbətində bir şey edə bilməzdilər. May ayının 18-də həmin qüvvələr itki verərək Laçını tərk etdi. Kooridor ermənilərin əlinə keçdi. Rusiyanın da istəyi bu idi. Bu vaxt Bakıda olan siysi qüvvələr Laçının işğalına əhəmiyyət vermədilər, hakimiyyət uğurunda mübarizələri davam etdirdilər.

Rusiya siyasi mübarizədə məğlub olsa da, bu koridor vasitəsi ilə Azərbaycana öz maraqlarını qəbul etdirmək üçün geniş imkanlar əldə etdi. Bu da sonrakı siyasi-hərbi proseslərdə özünü göstərdi...

 

Qalib Rəhimov

 




Ana səhifəyə qayıt        Baxış: 1 315          Tarix: 3-05-2017, 12:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma