“2014-cü ildə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası qanununa edilən müvafiq dəyişiklikdən sonra bələdiyyələr dövlət büdcəsindən məqsədli transfertlər-subvensiya almaq üçün müraciət etmək imkanı qazanıblar”.
“APA-Economics” xəbər verir ki, bu, Hesablama Palatasının ilk dəfə dərc olunan rəsmi məlumat bülletenində öz əksini tapıb.
Sənəddə qeyd olunub ki, dövlət büdcəsindən yerli büdcələrə subvensiya ayrılması prosesinin konkret mexanizminin yaradılmaması bələdiyyələrin bu dövlət maliyyəsindən faydalanmasına hələ də imkan verməyib.
Bələdiyyə orqanlarının büdcəsinin icrasına dair statistik bülleteninə əsasən 2016-cı ildən fəaliyyət göstərən 1606 bələdiyyə büdcəsinin gəlirləri 31 mln. 617,2 min manat təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 2,6% çoxdur.
“Təhlil göstərir ki, orta hesabla 1 bələdiyyəyə 19,7 min manat daxilolma düşür ki, buda bələdiyyələrin hər hansı bir sosial və iqtisadi fəaliyyətinin həyata keçirilməsinə imkan vermir. Daxilolmaların 12 milyon 989,1 min manatı və ya 41,1%-i vergilərdən 17 milyon 532,5 min manatı və ya 55,5%-i vergi olmayan gəlirlərdən, 1 milyon 95,5 min manatı və ya 3,5%-ı isə digər gəlirlərdən ibarətdir. Bələdiyyə xərclərinin təhlili göstərir ki, 2016-cı ildə yerli büdcənin xərcləri 31 milyon 328,6 min manat təşkil edib ki, bunun 18 milyon 984,6 min manatı və ya 60,6%-i yerli özünü idarətmə orqanlarının saxlanılmasına, 5 milyon 652,8 min manatı və ya 18%-i mənzil kommunal təsərrüfatı xərclərinə, 1 milyon 250,6 min manatı və ya 4%-i sosial müdafiə və sosial təminat xərclərinə, 402,1 min manatı və ya 1,3%-i kənd təsərrüfatı və meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə, 101,2 min manatı və ya 0,4%-i təhsil və səhiyyə xərclərinə və sair istiqamətlərə yönəldilib. Son üç ildə Azərbaycan Respublikasının dövlət büdcəsindən yerli büdcələrə (bələdiyyələrə) ayrılan dotasiya eyni məbləğdə olmaqla 5,2 milyon manat təşkil edib. Respublikada 01.01.2017-ci il tarixə 1607 bələdiyyənin fəaliyyət göstərdiyini nəzərə alsaq, 1 bələdiyyəyə orta hesabla 3,2 min manat vəsait düşür ki, bu da bələdiyyələrin cari ehtiyaclarının ödənilməsinə xidmət etsə də yerli inkişaf təşəbbüslərinin reallaşmasına kifayət etmir”, – deyə bülletendə vurğulanıb.
Paylaş: