Xəbər lenti

“Cənub Qaz Dəhlizi”nin açılışı vaxtında atılmış və müdrik addımdır”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, dünya neftinin tarixi Azərbaycandan başlayır. 1846-cı ildə dünya miqyasında ilk dəfə olaraq sənaye üsulu ilə neft məhz Azərbaycanda, Bakıda hasil edilib:

“O tarixi anı əks etdirən abidə şəhərimizin mərkəzində bir neçə il bundan əvvəl ucaldılıb. O vaxt, XIX əsrin II yarısında, XX əsrin əvvəlində Azərbaycan dünya neft hasilatının əksəriyyətini təmin edirdi. Ancaq Azərbaycan xalqı bundan bəhrələnə bilibmi? Əlbəttə ki, yox. O illərin şəkillərinə, statistik məlumatlarına baxmaq kifayətdir ki, hər kəs görsün ki, xalq səfalət içində yaşayırdı, yoxsulluq hökm sürürdü, heç bir sənaye inkişafından söhbət getmirdi. Sadəcə olaraq Azərbaycan resurs mənbəyi idi və Azərbaycandan çıxarılan “qara qızıl” Azərbaycan xalqının inkişafına xidmət etmirdi. Bizim neftimiz tükənirdi. Neftdən əldə edilən gəlir Azərbaycan xalqının rifahına yönəldilmirdi. Eyni zamanda, biz Abşeron yarımadasında böyük ekoloji problemlərlə üzləşmişdik. Bu problemləri bu gün müstəqil dövlət həll edir. Bu gün müstəqil Azərbaycan və bizim uğurlu neft-qaz siyasətimiz göstərir ki, ancaq müstəqillik şəraitində, müstəqillik dövründə Azərbaycan xalqı öz təbii resurslarından istifadə edə bilər. Azərbaycan ancaq müstəqillik dövründə uğurla inkişaf edə bilər. Bu gün biz müstəqil dövlət kimi ayaqda möhkəm dayanmışıq, ölkə qarşısında duran bütün vəzifələri uğurla icra edirik. Belə nəhəng layihələri tərəfdaşlarımızla birlikdə icra edirik və Avropanın enerji xəritəsini yenidən tərtib edirik”.

İlham Əliyev xatırladıb ki, 24 il bundan əvvəl imzalanmış “Əsrin müqaviləsi”nin müddəti keçən il 2050-ci ilə qədər uzadıldı: “Yəni bu, özlüyündə onu göstərir ki, bu yataqda nə qədər böyük neft ehtiyatları var. “Əsrin müqaviləsi” Azərbaycana nəfəs verdi, ölkəmizin canlanmasına xidmət göstərdi. İlk dəfə olaraq Xəzər dənizi xarici şirkətlər üçün açıldı, biz o xarici şirkətləri dəvət etdik”.

 

Prezident bildirib ki, bu gün “Əsrin müqaviləsi”nin icrası çox uğurla gedir və bu müqavilənin imzalanmasından sonra Azərbaycanın yeni neft strategiyası icra olunmağa başlayıb:

“Mən o tarixi günləri yaxşı xatırlayıram, çünki o vaxt Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi bu işlərlə bilavasitə məşğul idim. O vaxt Azərbaycanın neft strategiyası müəyyən olundu və bu gün biz bu strategiyanın, görülən işlərin bəhrəsini görürük. 1994-cü ildən sonra ikinci böyük müqavilə “Şahdəniz” qaz yatağı üzrə imzalanmışdır. Onu da qeyd etməliyəm ki, bu müqavilə 1996-cı il iyunun əvvəlində məhz Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanmışdır və beləliklə, Azərbaycan dünyaya özünü nəinki neft ölkəsi, qaz ölkəsi kimi də təqdim etdi. Onu da yaxşı xatırlayıram ki, o vaxt dünyada enerji təhlükəsizliyi məsələlərində qaz amili o qədər də ciddi rol oynamırdı. Hətta qaz yataqlarının işlənməsi o qədər də böyük maraq doğurmurdu. Çünki mənfəət neft yataqları ilə müqayisədə daha aşağı idi. Ona görə bu layihəyə investorları cəlb etmək o qədər də asan məsələ deyildi. Ancaq bu gün bu tarixi gündə “Cənub Qaz Dəhlizi”nin açılışını qeyd edərkən biz görürük ki, bu, nə qədər vaxtında atılmış və müdrik addımdır. “Şahdəniz” qaz yatağı “Cənub Qaz Dəhlizi”nin əsas resurs bazasıdır. 1997-ci ildə isə “Əsrin müqaviləsi”nin icrası nəticəsində Çıraq platformasından ilk neft çıxarılmışdır. Bu tarixi videokadrlar artıq göstərilir. Doğrudan da tarixi bir gün idi. İlk dəfə olaraq xarici şirkətlər tərəfindən Xəzərdə yeni yataqdan neft hasil edilmişdir”.

 

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan açıq dənizlərə çıxışı olmayan bir ölkədir: “Ona görə də neft kəmərləri tikilməli idi və 1999-cu ildə artıq birinci neft kəməri – Bakı-Supsa kəməri istifadəyə verilmişdir. Yəni bu onu göstərir ki, nə qədər qısa müddət ərzində biz bu böyük işləri görmüşük və bu böyük işlər həm böyük maliyyə vəsaiti tələb edir, həm də texniki cəhətdən çox çətin layihələrdir. Onu da deməliyəm ki, 1999-cu ildə bizim hələ böyük pulumuz da yox idi. Bakı-Tbilisi-Ceyhan neft kəməri hələ ondan sonra istifadəyə verildi. Ona görə bu layihələrin həyata keçirilməsi doğrudan da böyük səylər tələb edirdi, böyük müdriklik tələb edirdi. Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi ilə biz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Qara dənizlə neft kəməri ilə bağlamışıq. Ondan sonra 2002-ci ildə artıq biz “Azəri-Çıraq” yatağından böyük neft gözləyərkən məhz burada Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoyduq. 2006-cı ildə bu kəmər istifadəyə verildi və bu gün Azərbaycan xalqına xidmət edir, bütün dost ölkələrə xidmət edir”.

 

İlham Əliyev qeyd edib ki, bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, digər ölkələrin nefti də nəql edilir: “Xəzərdə digər ölkələr tərəfindən çıxarılan neft, Xəzərin şərq sahillərində çıxarılan neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır və Azərbaycan bu gün eyni zamanda etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir. 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bu da çox önəmli layihədir və bu layihə olmadan “Şahdəniz” yatağının işlənməsi mümkün deyildi. Beləliklə, ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazı Gürcüstana və Türkiyəyə nəql edilməyə başlanmışdır. O günü də mən çox yaxşı xatırlayıram, Ceyhandakı mərasimi də yaxşı xatırlayıram. Bu gün bura gələrkən bütün o tarixi anlar, o günlər bir daha mənim yaddaşımda oyandı və mən bir daha demək istəyirəm ki, doğrudan da bütün bunlar tarixi nailiyyətlərdir. Və “Şahdəniz” yatağının gələcək işlənməsi ilə bağlı addımlar atılmağa başlandı. Təbii ki, biz hamımız yaxşı bilirdik ki, böyük həcmdə Azərbaycan qazını dünya bazarlarına çıxarmaq üçün qaz kəməri lazımdır və beləliklə, “Cənub Qaz Dəhlizi”nin yaradılması ilə bağlı əməli praktiki işlərə start verildi. Çox ciddi işlər aparıldı, danışıqlar aparıldı. Nəhayət, 2012-ci ildə Azərbaycanla Türkiyə arasında TANAP – Transanadolu qaz kəməri üzrə müqavilə imzalandı və beləliklə, “Cənub Qaz Dəhlizi”nin reallaşmasına güclü təkan verildi”.

 

Azərbaycan Prezidenti bildirib ki, TANAP layihəsi “Cənub Qaz Dəhlzi”nin önəmli hissəsidir: “Gələn ay TANAP layihəsinin istifadəyə verilməsini də qeyd edəcəyik. 2014-cü il sentyabrın 20-də – bu da çox rəmzi məna daşıyır, çünki “Əsrin müqaviləsi” 1994-cü il sentyabrın 20-də imzalanmışdır – “Cənub Qaz Dəhlizi”nin təməli qoyulmuşdur. Yəni 20 ildən sonra. Bu gün isə biz bu layihənin rəsmi açılışını qeyd edirik. Bu, doğrudan da böyük və tarixi hadisədir. “Cənub Qaz Dəhlizi” nəhəng infrastruktur layihəsidir. Bu layihənin icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulubdur və qoyulur”.

 

Dövlət başçısı deyib ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir: “Əminəm ki, bundan böyük həcmdə resurslarımız var və gələcək kəşfiyyat və işlənmə işləri bunu təsdiqləyəcək. Bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Mən ilk növbədə regional əməkdaşlığı qeyd etmək istərdim. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihələrini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar. Ona görə bu layihələrin icra edilməsində bu üç ölkənin birgə səyləri xüsusi yer tutur”.

İlham Əliyev əlavə edib: “Mən bu gün fürsətdən istifadə edərək həm Türkiyə, həm də Gürcüstan rəhbərliyinə əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm. Mən bu gün Amerika Birləşmiş Ştatlarının hökumətinə də təşəkkürümü bildirmək istəyirəm, çünki Amerika Birləşmiş Ştatları bütün layihələrimizdə bizə böyük dəstək olub, bizə köməklik göstərib, həm siyasi dəstək, həm mənəvi dəstək verib. Əlbəttə ki, bu layihələr böyük resurslar tələb edir və maliyyə resurslarının böyük hissəsi banklar tərəfindən verilir. ABŞ hökumətinin bu işdə də çox böyük səyləri olub, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və “Cənub-Qaz Dəhlizi”nin reallaşmasında bu dəstəyi biz həmişə hiss etmişik, hiss edirik və bu dəstək bu layihənin icra edilməsində çox böyük rol oynamışdır. Böyük Britaniya hokuməti də həmişə bizim yanımızda olub. Bildiyiniz kimi, BP şirkəti energetika sahəsində bizim əsas investorumuzdur. Böyük Britaniya hökuməti bu layihələrin reallaşmasında həmişə bizə dəstək göstərmişdir, bu gün də biz bu dəstəyi hiss edirik. Keçən ay Londonda Baş nazir xanım Mey və mənim iştirakımla BP ilə SOCAR arasında növbəti müqavilə imzalanmışdır. Bu bizim strateji əlaqələrimizi bir daha əks etdirir”.

Prezident vurğulayıb ki, Avropa İttifaqı bu layihənin icrasında çox önəmli rol oynamışdır. Hələ 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub Qaz Dəhlizi” haqqında birgə bəyannamə imzalanmışdır: “Bu illər ərzində biz daim Avropa İttifaqının dəstəyini hiss etmişik. Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə son 4 il ərzində Bakıda hər il “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının iclasları keçirilir. 2015-ci ildən bu günə qədər Avropa İttifaqı bu toplantılarda ən yüksək səviyyədə təmsil olunur. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru təbii ki, çox böyük yer tutur. Bu layihələrin həyata keçirilməsi maliyyə institutlarının maliyyəsi olmadan mümkün olmazdı. Mən bugünkü mərasimdə bizə dəstək olan, beynəlxalq səviyyədə tanınmış banklara da öz təşəkkürümü bildirmək istəyirəm. Onlar da bizə inanaraq öz maliyyə resurslarını ayırıblar və onlar da əmindirlər, biz də əminik ki, Azərbaycan etibarlı tərəfdaşdır, bütün borcları vaxlı-vaxtında qaytarır və qaytaracaqdır. Biz sözlə, geniş beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən bu layihə əminəm ki, gələcəkdə nəinki energetika sahəsində, bütün başqa sahələrdə, Avropada və bizim bölgədə əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək”.

Dövlət başçısı xatırladıb ki, “Cənub Qaz Dəhlizi”nin icrasında 7 ölkə iştirak edir: “Mən bu gün o ölkələrin adlarını çəkmək istərdim: Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Geniş beynəlxalq əməkdaşlıq yaradılıb. Eyni zamanda, əminəm ki, üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi növbəti mərhələdə bu layihəyə qoşulacaqlar. Cənub Qaz Dəhlizinin qolları olmalıdır. Biz ixrac imkanlarımızı genişləndirmək istəyirik və bilirik ki, Avropada da Azərbaycan qazına tələbat var. Biz də istəyirik ki, Avropaya daha çox qaz sataq. Çünki Avropa bazarı bizim üçün ən əlverişli bazardır”.

Azərbaycan Prezidenti qeyd edib ki, “Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi məsələlərinin həllinə də köməklik göstərəcək: “Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi şəkildə dayanıb. Ölkələrin milli təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır. “Cənub Qaz Dəhlizi” enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli layihədir və hesab edirəm ki, əvəzolunmaz layihədir. Biz bu layihədə həm mənbələrin, həm də marşrutların şaxələndirilməsini görürük. Çünki ancaq bu təqdirdə tam mənada enerji resurslarının diversifikasiyası, şaxələndirilməsi haqqında danışa bilərik. Sadəcə olaraq yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz isə sözün əsl mənasında enerji şaxələndirilməsi layihəsini icra edirik”.

İlham Əliyev söyləyib ki, Azərbaycan qazı yeni mənbədir və “Cənub Qaz Dəhlizi” yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir: “Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib və bu da çox önəmlidir. Maraqlar balansı burada gözlənilib. Hasilatçı ölkə Azərbaycan, tranzit ölkələr, o cümlədən Azərbaycan və başqa ölkələr. Və istehlakçı ölkələr, hansılar ki, Azərbaycan qazını alternativ qaz kimi alacaqlar və beləliklə, onlar üçün enerji təhlükəsizliyi məsələləri daha da dolğun şəkildə, tam təmin ediləcək. Yəni bu maraqlar balansı olmasaydı, bu layihə həyata keçirilə bilməzdi. Bizim enerji siyasəti ilə bağlı yanaşmamız məhz bundan ibarətdir. Bütün iştirak edən tərəflər, şirkətlər, ölkələr öz mənfətini götürməlidirlər. Əlbəttə ki, Azərbaycan resursların sahibi kimi öz mənfəətini götürür və götürəcək.

Çıxışımın sonunda bu layihələrin ölkəmizə nə qədər böyük fayda gətirdiyini qeyd etmək istərdim. Bu gün Azərbaycan ayaqda möhkəm duran bir ölkədir, müstəqil ölkədir, müstəqil siyasət aparan, güclü iqtisadiyyata malik bir ölkədir. Son 15 il ərzində Azərbaycanda ümumi daxili məhsul 3 dəfədən çox artıb. Ölkə iqtisadiyyatına son 15 il ərzində 230 milyard dollardan çox sərmayə qoyulub. Azərbaycanda xarici dövlət borcu çox aşağı səviyyədədir, ümumi daxili məhsulumuzun cəmi 20 fazini təşki edir. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə çoxdur. Yəni biz istənilən vaxtda bütün borcları rahatlıqla ödəyə bilərik. Azərbaycanda son 15 il ərzində yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,4 faizə çatıb. İşsizlik 5 faiz səviyyəsindədir. Bu onu göstərir ki, “qara qızıl”, neft və qaz insan kapitalına çevrilib. Onu göstərir ki, bizim siyasətimiz ondan ibarət olub ki, biz neft-qaz əməliyyatlarından əldə olunan gəlirləri bərabər, ədalətli şəkildə cəmiyyətdə bölək və ölkə iqtisadiyyatı üçün, inkişafı üçün lazım olan layihələrə yönəldək”.

Dövlət başçısı xatırladıb ki, Dünya Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb: “Bu onu göstərir ki, biz iqtisadi şaxələndirmə siyasətini uğurla aparırıq. Neftdən əldə edilmiş gəlirləri iqtisadiyyatın qeyri-neft sektoruna yönəldirik. Davos Forumunun hesablamalarına görə, inkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan 3-cü yerdədir. Bu işlərin təməlində bizim uğurlu neft-qaz siyasətimiz dayanır. Ancaq eyni zamanda və böyük dərəcədə bu işlərin təməlində düşünülmüş siyasət dayanır. Bir çox ölkələr var ki, onların bizdən qat-qat böyük neft resursları var, neft hasilatı var. Ancaq ölkələrin uğurlu inkişafını təbii resurslar həll etmir. Uğurlu inkişafı siyasət, xalq-iqtidar birliyi, şəffaflıq, bütün azadlıqların təmin edilməsi, düşünülmüş iqtisadi siyasət və regional əməkdaşlıq təmin edir. Bu gün bu tarixi gündə mən bu tarixi məqamları bir daha sizin və Azərbaycan xalqının diqqətinə çatdırmaq istərdim. Çünki bu günün təməli məhz o illərdə qoyulub. Sadəcə olaraq, biz ardıcıllıqla bütün bu işləri görmüşük və bu gün bizim ölkəmizin həyatında çox əlamətdar tarixi bir gündür. Bu gün də mən “Cənub Qaz Dəhlizi”nə uzun və uğurlu ömür arzulayıram. Sağ olun”. (Trend)

 




Ana səhifəyə qayıt        Baxış: 659          Tarix: 29-05-2018, 16:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma