Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.
Ali qonaq görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə tər güllər düzüb.
Sonra Rəcəb Tayyib Ərdoğan Şəhidlər xiyabanını ziyarət edib. Burada onun şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib. Türkiyə Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.
Dövlət başçısı Bakıdakı Türk şəhidliyini ziyarət edib, 20-ci əsrin əvvəllərində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş türk əsgərlərinin şərəfinə ucaldılan abidə önünə əklil qoyub, xatirə dəftərini imzalayıb.
“Əziz şəhidlərimiz, iyunun 24-də tarixi seçkilərdən sonra prezident üsulidarəçilyinin birinci prezidenti olaraq, mənəvi hüzurunuzda olmaqdan çox xoşbəxtəm. Sizlərin fədakarlığından aldığımız ilhamla bu günə qədər olduğu kimi inşallah, bundan sonra da Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə genişlənib, inkişaf etməsi üçün fəaliyət göstərəcəyik. Ruhlarınız şad olsun”, -deyə R.T.Ərdoğan vurğulayıb/Report.
Paylaş: