Əmlak Məsələləri Dövlət Komitəsinin son 10 gündə apardığı monitorinqlər nəticəsində kommunikasiya xətlərinin mühafizə zolaqlarında 122 qanunsuz tikinti və qeyri-qanuni istifadə halı müəyyən edilib.
Komitədən verilən məlumata görə, respublika üzrə kommunikasiya xətləri və mühafizə zolaqlarında yerləşən torpaqların istifadəsi ilə bağlı aparılan monitorinqlər nəticəsində 400-ə yaxın qeyri-qanuni torpaq istifadəsi halları ilə bağlı hüquq-mühafizə orqanlarına sənədlər təqdim edilib: “Artıq 20 hal barədə daxili işlər orqanlarına müraciətlər olunub, bu istiqamətdə mütəmadi olaraq tədbirlər davam etdirilir”.
Qeyd edilməlidir ki, belə hallar paytaxtın Xətai rayonunda yerləşən ərazisində qeydə alınıb. Babək prospektində yüksək gərginlikli elektrik xətlərinin, avtomobil və dəmir yollarının mühafizə zolaqlarında yerləşən torpaqlarda qeyri-qanuni tikintilərin inşası dayandırılıb. Məlum olub ki, tikinti işləri Torpaq Məcəlləsinin və “Torpaq icarəsi haqqında” qanunun müvafiq maddələrinin tələblərini pozur. Yerquruluşu işləri aparılmadan və müvafiq rəy alınmadan tikinti qərarları qəbul edilir.
Digər qanunsuz tikililər Abşeron rayonunun Saray qəsəbəsi ərazisində müəyyən edilib. Yüksək gərginlikli qaz kəmərinin və dövlət əhəmiyyətli Bakı-Novorassiyski neft kəmərinin mühafizə zolağında çoxlu sayda fərdi yaşayış evləri, digər obyektlər aşkar olunub. Bununla əlaqədar aidiyyəti orqanlara müraciət edilib.
Belə hallar ətraf mühit və əhali üçün təhlükə mənbəyi olmaqla yanaşı, hüquqların dövlət qeydiyyatına alınmasında da çətinliklər yaradır. Eyni zamanda, qanunsuz tikintilərin mühafizə zolaqlarında aparılması həmin kommunikasiya xətlərinə cavabdeh olan təşkilatların fəaliyyətində də problemlər yaradır. Bununla əlaqədar olaraq həmin təşkilatların məsuliyyətinin artırılması məqsədi ilə Komitə tərəfindən onlara rəsmi müraciətlər olunub, Nazirlər Kabinetinə məktub ünvanlanıb.
Qanunsuz torpaq sahəsinin ayrılması və tikintilərin aparılmasının qarşısının alınması aidiyyəti yerli və mərkəzi icra hakimiyyəti orqanlarının birgə fəaliyyəti nəticəsində mümkün ola bilər. Qeyd edilməlidir ki, bununla əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Komitəsi ilə Şəhərsalma və Arxitektura Komitəsi arasında əməkdaşlıq memorandumu imzalanıb, bir sıra pozuntu halları ilə bağlı hüquq mühafizə orqanlarına və digər aidiyyəti qurumlara müraciətlər olub/Report.
Paylaş: