Aztəminatlı vətəndaşlar mülki mübahisələrlə bağlı məhkəməyə müraciət etmək, hüquqi müdafiə imkanlarını gerçəkləşdirməkdə çətinlik çəkirlər. Bəzi hallarda ümumiyyətlə, bu hüquqlarından istifadə edə bilmirlər. Çünki vəkil tutmağa pulları yoxdur.
Azadlıq Radiosu paytaxt sakini Reyhan Balabəyovanın timsalında yoxsulluq üzündən bu hüququndan faktiki məhrum olmuş vətəndaşların problemini təqdim etdi. 58 yaşlı qadının gəlini bir neçə il öncə dünyasını dəyişib, oğlu da ağır xəstədir, iki azyaşlı nəvəsini himayəsinə götürməyə çalışır, ancaq maneələrlə üzləşir. Buna görə icra hakimiyyətini məhkəməyə vermək istəyir, o da alınmır. Çünki vəkillə müqavilə bağlamağa pulu yoxdur.
Ekspertlər hesab edir ki, nümayəndəlik institutunun məhdudlaşdırılması bu sahədə vəziyyəti ağırlaşdırıb. Vəkillər Kollegiyasının sədri Anar Bağırov da Azadlıq Radiosuna məsələni şərh edərkən problemin mövcudluğunu təsdiqləyib. Çünki qanunvericilikdə inzibati xəta, cinayət işləri və kassasiya instansiyasında (Ali Məhkəmə) vətəndaşa pulsuz hüquqi yardımın göstərilməsi əksini tapsa da, mülki işlərlə bağlı heç nə yoxdur. Vətəndaş mülki mübahisəsini məhkəmə qaydasında həll etmək istəyirsə, bunu ancaq öz vəsaiti hesabına etməlidir. Mülki işlər üçün dövlət hesabına vəkil nəzərdə tutulmayıb.
Həm ekspertlər, həm də Vəkillər Kollegiyasının rəhbərliyi pulsuz hüquqi yardımla bağlı qanunvericilikdə dəqiq tənzimləmələrə ehtiyac duyulduğunu söyləyir. Bəs 2017-ci ilin sonunda nümayəndəlik institutunun məhdudlaşdırılmasına (mülki mübahisələrlə bağlı məhkəmə işlərinə də nümayəndə kimi ancaq Vəkillər Kollegiyasının üzvləri çıxa bilər) qərar verən parlament yaranmış problemə necə yanaşır?
Hüquqşünas deputat Fazil Mustafa Azadlıq Radiosuna bildirib ki, belə problemlərin yaranması gözlənilən idi. Vəkillər Kollegiyasına son qəbuldan sonra üzvlərin sayı artırılsa belə, yenə də Azərbaycanda vəkillərin sayının az olduğunu söyləyən millət vəkili deyir ki, həm bu amili, həm də aztəminatlı vətəndaşları nəzərə alıb, nümayəndəlik institutunun bu şəkildə məhdudlaşdırılmasının əleyhinə idi:
«Vəkillə müqavilə bağlamaq aztəminatlı vətəndaş üçün əlçatan deyil. Nümayəndəlik institutu tam fəaliyyət göstərəndə belə, vətəndaşlar cüzi məbləğə bu problemlərini həll edə bilirdilər. Adamın cəmi 10 manata gücü çatırsa, vəkilin onunla 10 manatlıq müqavilə bağlaması nə dərəcədə realdır? Vəkil müqavilə əsasında işə çıxır, vergi ödəyir, onun da işə çıxmaq üçün marağı olmalıdır. Yoxsul insana hamı eyni vicdan meyarı ilə yanaşıb, özünün başqa işlərini atıb, var gücü ilə ona kömək etməyəcək ki… Üstəlik, aztəminatlı vətəndaşı müəyyən eləmək də çətindir. Bu cür vətəndaşların sayı da get-gedə artmaqdadır».
F.Mustafa hesab edir ki, nümayəndəlik institutunun Qazaxıstan modelinə keçmək daha doğru olardı. Qazaxıstanda hüquqşünaslar Vəkillər Kollegiyasının üzvü olmadan da nümayəndə kimi fəaliyyət göstərə bilirlər:
«Əvvəllər bizdə başqa peşə sahibləri də nümayəndə kimi fəaliyyət göstərirdilər. Biz təklif elədik ki, sırf hüquqşünaslara bu hüquq verilsin. Yaxud beş ildən çox iş təcrübəsi olan hüquqşünasa nümayəndəlik etmək imkanı yaradılsın. Bunun özü təsadüfi adamların nümayəndə kimi məhkəmələrdə işə çıxmasının qarşısını alardı. Beləcə, biz vətəndaşların hüquqi yardım çətinliklərini aradan qaldırmaqda onlara kömək edə bilərdik. Təəssüf ki, bu fikirlər nəzərə alınmadı, nümayəndəlik institutu demək olar, ləğv edildi. Nəticə də odur ki, yüzlərlə insan, xüsusən yaşlı adamlar məhkəməyə müraciət etmək, hüquqi-müdafiə kimi hüquqlarını gerçəkləşdirə bilmirlər. Dəyişikliyin tərəfdarları olanlar belə çətinlikləri görməliydilər. Hesab edirəm ki, burada böyük bir yanlışlığa yol verilib».
«Vətəndaşın vəziyyətini yüngülləşdirmək niyyəti olsa…»
«Parlament ortaya çıxan problemləri nəzərə alıb, bu qanunu yenidən müzakirə edə bilərmi» sualına cavab verən deputat deyir ki, hər şeyi yenidən müzakirə etmək mümkündür, yetər ki, vətəndaşın vəziyyətini yüngülləşdirmək niyyəti olsun. F.Mustafa yada salır ki, nümayəndəlik institutu ilə bağlı məsələ parlamentdə müzakirə olunanda da bu məhdudlaşdırmanın tədricən gerçəkləşdirilməli olduğunu söyləyib. Millət vəkili vətəndaşların onsuz da məhkəmələrlə bağlı yetərincə çətinliklərlə üzləşdiyini bildirir: «Vəkilliyin nüfuzunu artırmaq istəyiriksə, bunu da uyğun şəkildə həyata keçirmək lazımdır. Onsuz da, insanların məhkəmələrlə bağlı yetərincə problemləri olur. Böyük vəsaitlər ödənilir, məhkəmə xərcləri olur. Bir çox hallarda obyektiv qərarlar çıxarılmır, nəticədə vətəndaş ciddi itkilərə məruz qalır. Xüsusən mülkiyyət hüququ ilə bağlı çox yarıtmaz qərarlar var. Bəzən Ali Məhkəmə səviyyəsində elə qərarlar verilir ki, sonra onun düzəldilməsi də mümkün olmur. Çünki Ali Məhkəmə sonuncu məhkəmə instansiyadır. Vətəndaşın vəziyyətini yüngülləşdirmək imkanları kifayət qədər var. Əgər belə niyyət olsa, onu növbəti sessiyada operativ həll etmək mümkündür».
Paylaş: