Külli miqdarda dələduzluqda ittiham edilən şəxslər növbəti dəfə hakim qarşısına çəxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluqda təqsirləndirilən həbs edilən Əli Hacı Ağaevli və Fuad Kərimov narazıdırlar.
Məhkəmənin hökmü ilə F.Kərimov 5 il və Ə.Ağaevli isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar apellyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini istəyirlər.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə baxılıb.
Əli Hacı Ağaevlinin vəkili vəsatət verərək müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib. Vəkil həmçinin deyib ki, dəymiş zərərin ödənilməsi üçün çalışırlar.
Məhkəmə iclası 2019-cu il, yanvarın 4-də davam etdiriləcək.
Qeyd edək ki, Ə.Ağaevli və F.Kərimov zərərçəkmiş Qabil Mehdiyevdən yarım milyon manata yaxın pul alaraq, dələduzluq yolu ilə mənimsəməkdə ittiham olunurlar.
Xatırladaq ki, Ə.Ağaevli 2013-cü ildə prezidentliyə namizədliyini irəli sürüb. Daha sonra MSK-ya məktub yazaraq qeydə alınmaqdan imtina edib.
Bildirək ki, 2015-ci ildə Əli Hacı Ağaevlinin 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülüb və qeydə alınıb. O, “Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar” İnstitutunun direktoru, Dünya Azərbaycanlıları Konqresinin Məşvərət Məclisi sədrinin birinci müavini olub.
"Varliq” qəzetinin təsisçisi və baş redaktoru olub. 1996-1998 ci illərdə “Varlıq” şirkətinin prezidenti kimi fəaliyyət göstərib. O, eyni zamanda şairliklə məşğul olur, bir neçə şeir kitabı çap olunub.
İlkin Muradov,
Musavat.com
Paylaş: