Xəbər lenti

 

Daxili işlər orqanları şəxsiyyət əleyhinə olan, quldurluq və adam oğurluğu cinayətlərinin qarşısının alınması və bu tipli qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsinə (PB) müraciət edən Qazax rayon sakini İsmayıl Umudov əvvəldən tanımadığı şəxslərin onu oğurlayaq bir gecə naməlum evdə saxladıqlarını, orada döyərək 90 manatını və 1400 türk lirəsini quldurluq yolu ilə aldıqları barədə məlumat verib.

Bölmə əməkdaşları tərəfindən dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Cavid İbrahimov, onun qardaşı Valid, Aqil Nüsrətli, Xəzər rayon sakinləri Kənan Cəlali, Cavid Fərzəliyev və Ağsu rayon sakini Amil Quliyev saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, zərərçəkən İsmayıl Umudov Türkiyədə yaşayır və o, hadisədən bir neçə gün əvvəl mobil telefon vasitəsilə dəstə üzvü C.İbrahimovun ailə üzvlərindən biri ilə tanış olub. Bundan xəbər tutandan sonra isə C.İbrahimov İ.Umudova sms göndərərək onu Bakıya Buzovna qəsəbəsinə görüşə dəvət edib. Qeyd edilən ünvanda görüşə gələn İ.Umudovu isə C.İbrahimovla bərabər qardaşı və adları çəkilən 4 dostu qarşılayıb.

Saxlanılan şəxslər zərərçəkənə xəsarətlər yetirib cibindəki pulları götürəndən sonra onu C.İbrahimovun “Opel” markalı avtomobilinin yük yerində dəstənin digər üzvü C.Fərzəliyevin Albalılıq qəsəbəsindəki evinə apararaq orada bir gün saxlayıblar. Həmin evdə isə İ.Umudovun çılpaq şəkillərini çəkərək polisə şikayət edəcəyi təqdirdə onu bu görüntülərini sosial şəbəkələrdə yayacaqları ilə hədələyiblər.

Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 




Ana səhifəyə qayıt        Baxış: 811          Tarix: 12-06-2017, 13:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma