Xəbər lenti

 

Bir müddət öncə Sumqayıt şəhərində yerləşən “Şərq Bazarı”nda söküntü işlərinin aparılacağı ilə bağlı açıqlama verilmişdi. Açıqlamada bu ərazinin qısa müddətdə abadlaşdırılaraq orada müasir ticarət mərkəzinin inşa ediləcəyi bildirilmişdi.

Sözügedən bazarda obyekti olan sahibkarların Publika.az-a verdiyi məlumata görə, abadlıq işləri çərçivəsində görülən söküntü işlərinə mane olan qüvvələr var.

İddiaya görə, onların başında keçmiş "bazarkom" Rəşid Babayev və onun havadarları durur.

“Belə ki, ərazidəki bütün obyeklər, o cümlədən 66 sahibkarın dükanı tez bir zamanda sökülsə də Rəşid Babayevə məxsus binalar hələ də tam sökülməyib”.

Sumqayıt şəhər İcra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Eyvaz Qocayev Publika.az-a açıqlamasında sahibkarların iddiaları ilə razılaşmadığını dedi: “Hər bir sahibkar öz obyektini sökür. Bu işlər başa çatandan sonra abadlıq işlərinə başlayacağıq. Bütün sahibkarlar söküntü ilə razılaşıb. Rəşid Babayevin obyektlərində də söküntü işləri aparılır. Bu gün ərazidə olmuşam, işlər dayanmadan davam etdirilir”.

Söküntü işlərinin nə zaman başa çatacağına gəldikdə, E.Qocayev bu müddəti İcra Hakimiyyətinin müəyyən etmədiyini deyib: “Yəqin ki, qısa müddətdə yeni ticarət mərkəzinin tikintisinə başlanılacaq. Hazırda ərazidə həm söküntü işləri aparılır, həm də söküntü qalıqlarından təmizlənir”.

Gülxar




Ana səhifəyə qayıt        Baxış: 991          Tarix: 13-06-2017, 14:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma