Xəbər lenti
Bu gün, 18:46
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
“Son günlər Ermənistan Xarici İşlər nazirinin, eləcə də bu ölkənin Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qanunsuz rejimin qondarma nümayəndəsinin bəyanatları bir daha Ermənistanın əsl xislətini nümayiş etdirib. Ermənistanın danışıqlar pərdəsi arxasında gizlənərək saxta görüntü yaratması, vaxt uzatmağa çalışması və işğala əsaslanan mövcud status-kvonu möhkəmləndirməsi siyasəti bir daha bütün dünyaya bəyan edilib”.
Strateq.az xəbər verir ki, bu sözləri Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev deyib.
İcma sədri qeyd edib ki, Ermənistanın münaqişənin həlli üzrə vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəstəklədiyi mərhələli həll variantını rədd etməsi danışıqlar prosesini tamamilə alt-üst edir:
“Məlum olduğu kimi, bir müddət öncə Ermənistanın baş naziri Madrid prinsiplərinin onlar üçün mövcud olmadığını bildirmişdi. Bütün bunlar həm də ATƏT-in Minsk Qrupunun həmsədrlərinə qarşı açıq-aşkar saymazlıqdır.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq Ermənistanın danışıqlar prosesinin təməl prinsiplərinə zidd olan son hərəkətləri ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrlərini qəti mövqe ifadə etməyə çağırırıq”.
Bəyanatda Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının son hadisələrlə bağlı mövqeyi diqqətə çatdırılıb:
“1. Ermənistan-Azərbaycan münaqişəsinin tərəfləri Ermənistan və Azərbaycandır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları ATƏM-in (indiki ATƏT) Helsinki Nazirlər Şurasının 1992-ci ildə təsbit etdiyi kimi münaqişənin bərabərhüquqlu maraqlı tərəfləridir. 2019-cu il ərzində ATƏT-in Minsk Qrupunun regiona səfərləri zamanı keçirilən görüşlər və səsləndirdikləri bəyanatlar bir daha bunu təsdiq edir.
2. Hamı tərəfindən qəbul edilmiş danışıqlar formatının dəyişdirilməsi mümkün deyildir. Buna cəhd edilməsi təxribatdır və danışıqlar prosesini pozur.
3. Ermənistanın iddia etdiyi təhlükəsizlik məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, əslində təhlükəsizliyə ən böyük təhdid Azərbaycanın işğal altındakı ərazilərində Ermənistan Silahlı Qüvvələrinin mövcudluğudur. Öz müqəddəratını təyin etmək pərdəsi altında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalına bəraət qazandırmaq cəhdləri nəticəsizdir və özünü aldatmaqdan başqa bir şey deyil. Dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların, ilk növbədə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələb etdiyi kimi Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazilərini tərk etməli və oradan qovulmuş azərbaycanlı əhali öz torpaqlarına geri qayıtmalıdır.
4. Azərbaycanın işğal edilmiş torpaqlarındakı qanunsuz rejim işğalçı Ermənistan tərəfindən idarə edilən qondarma bir alətdir və işğala don geyindirmək üçün istifadə olunur. Son qondarma “seçkilər”ə münasibət bir daha beynəlxalq ictimaiyyətin bu qanunsuz rejimi tanımadığını göstərdi. ATƏT-in Minsk Qrupunun həmsədrləri, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, NATO kimi beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələr öz mövqeyini aydın surətdə ifadə etdi.
5. Ermənistan işğal və etnik təmizləmə ilə əldə etdiyi vəziyyətdən öz məqsədləri naminə istifadə edərək Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mövcudluğunu belə inkar edir və icmanın sülhə, birgəyaşayışa yönəlmiş çağırışlarını cavabsız qoyur. Bununla da Ermənistan danışıqlar yolu ilə münaqişənin həlli perspektivini məhv edir. Dağlıq Qarabağ əhalisinin 3/1-ni təşkil edən azərbaycanlı icmasının öz evlərinə qayıda bilməməsi şəraitində təhlükəsizlikdən danışmaq qeyri-mümkündür. Ona görə də təhlükəsizliyin ən vacib şərtlərindən biri azərbaycanlı icmasının öz doğma torpaqlarına qayıdışıdır.
6. Ermənistanın və qondarma rejimin Azərbaycanı hədələməsi boş illüziyadan başqa bir şey deyil. 2016-cı ilin aprelində Ermənistanın bu kimi təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin ilk növbədə təmas xəttində yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün həyata keçirdiyi əks-həmlə tədbirləri bunu sübut edir.
7. Ermənistan tərəfindən işğalın davam etdirilməsi onun və regionun təhlükəsizliyini möhkəmləndirmir, əksinə ciddi zərbə altına qoyur. Bunun məsuliyyətini isə yalnız Ermənistan daşıyacaq.
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində erməni icması ilə sülh şəraitində birgə yaşamağa hazır olduğunu bir daha bəyan edir”.
strateq.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar