Xəbər lenti
Bu gün, 19:24
Bu gün, 17:52
Bu gün, 15:34
Bu gün, 14:44
Bu gün, 13:25
Bu gün, 09:18
Dünən, 22:00
Dünən, 20:00
Dünən, 17:29
Dünən, 16:46
Dünən, 15:56
Tural Abbaslı: “Bu, kampaniya xarakterli olmamalıdır”
Dekabrın 10-da Vətən müharibəsindəki möhtəşəm qələbəmizlə əlaqədar Bakıda keçirilən Zəfər paradının ən gözəl hədiyyələrindən biri də Azərbaycanın qardaş Türkiyə ilə viza rejimini tam aradan qaldırması oldu. Bu tarixi qərarın ardınca İran və Gürcüstanla bağlı da belə bir addımın atıla biləcəyi barədə ehtimallar səslənməyə başlayıb. Bunun indiki şəraitdə mümkün olub-olmadığı yönündə ən müxtəlif fikirlərə rast gəlirik.Məlumdur ki, hər iki ölkədə xeyli sayda soydaşımız yaşayır və onlar Azərbaycana gəlmək istəyəndə diskomfortla üzləşirlər. Bütün bunlardan çıxış edərək, iki qonşu ölkə ilə də viza rejiminin aradan qaldırılmasının vacibliyindən çıxış edənlər çoxluq təşkil edirlər.
AĞ Partiya başqanı Tural Abbaslı qərarın tarixi əhəmiyyətinin çox böyük olduğunu söylədi: “Azərbaycan və Türkiyə arasında viza rejiminin tam yığışdırılması çox müsbət, pozitiv bir addımdır. Nəhayət, hər iki qardaş ölkənin vətəndaşları artıq özlərinin şəxsiyyətlərini təsdiq edən sənədlə bir-birilərinin ərazilərinə daxil ola biləcəklər. Bu qərardan sonra əlavə heç bir sənədləşməyə ehtiyac qalmayıb. Qloballaşan dünyada bir çox dövlətlər arasında viza rejimi yığışdırılıb. Vətəndaşlar artıq vizasız hərəkət edə bilirlər.
Amma burada bəzi nüanslar var ki, hər bir dövlət özünün iqtisadi, siyasi və digər sahələrdəki təhlükəsizliyinə görə viza məsələsini tam yığışdıra bilmir. Düşünmürəm ki, hər bir dövlətlə viza rejimi aradan qaldırılmalıdır. Azərbaycan hansı dövlətlə arasındakı viza rejimini aradan qaldırmağı düşünəndə həmin dövlətə ayrılıqda yanaşmalıdır. Azərbaycan ölkəyə gəlib-gedənlərin hamısının vizalarını ləğv etsin deyə bir anlayış yoxdur. Biz hər bir dövlətə həmin dövlətin xarakterinə, Azərbaycana münasibətinə görə baxmalıyıq. Eyni zamanda hazırkı şəraitdə bu addımın ölkəmizə gətirə biləcəyi xeyirlər vura biləcəyi ziyanlar ölçülüb-biçilməlidir. Bu, kampaniya xarakterli olmamalıdır. Tam vizasız sistemə keçmək mümkünsüzdür.
Dövlət təhlükəsizliyi, siyasi və iqtisadi təhlükəsizlik daim öndə olmalıdır. Əhalinin sosial təhlükəsizliyi, miqrasiya məsələləri filan da nəzərə alınmalıdır. Risklər, imkanlar dəyərləndirilib, sonunda belə addımlar atılmalıdır”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu viza məsələsinin artıq İran və Gürcüstanla bağlı da aktuallaşdığını düşünür: “Rəcəb Tayyib Ərdoğan Bakıda olanda iki dövlət arasında bir neçə müqavilə imzalandı. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu elan etdi ki, bundan sonra Azərbaycanla Türkiyə arasında viza rejimi götürülür. Azərbaycandan Türkiyəyə və ya Türkiyədən Azərbaycana səfər etmək üçün xarici pasporta ehtiyac olmayacaq, hər iki dövlətin vətəndaşları, sadəcə, şəxsiyyət vəsiqələri ilə bir-birilərinə səfər edə biləcəklər. Bu, çoxdan gözlənilən qərar idi. Çünki Türkiyə eyni anlaşmanı Ukrayna və Gürcüstanla imzalamışdı. Rəsmi Bakı bir müddət Türkiyə vətəndaşlarına qarşı tətbiq etdiyi viza rejimini ”texniki səbəblərlə" izah edirdi. Halbuki həmin “texniki səbəblər” çoxdan həll olunmalıydı. Keçmiş xarici işlər naziri
Elmar Məmmədyarov da bu məsələni həll etmək əvəzinə hər zaman “texniki səbəbləri” bəhanə gətirirdi. 44 günlük müharibə Türkiyənin Azərbaycana verdiyi hərtərəfli dəstəyin nümunəsi idi. Bundan sonra viza məsələsini uzatmaq olmazdı. Şəxsiyyət vəsiqələri ilə səfərlərin həyata keçirilməsi Azərbaycanda və Türkiyədə böyük sevinclə qarşılandı. Bu qərardan sonra İranla bağlı da qərar aktuallaşacaq.
Rəsmi Tehran da Azərbaycanla viza rejiminin qaldırılmasını istəyir. Rəsmi Bakı Türkiyə misalında olduğu kimi İranla bağlı da qərarı “texniki səbəblərlə” izah edirdi. Ancaq İran da Türkiyə kimi bir neçə il əvvəl birtərəfli qaydada Azərbaycan vətəndaşlarına qarşı viza tətbiqindən imtina etmişdi. Deməli, rəsmi Bakı Türkiyə vətəndaşları üçün viza rejimini qaldırdıqdan sonra eyni qərarı İran üçün də verməlidir. Görünür, Azərbaycan İranla bağlı müəyyən təhlükəsizlik məsələlərini nəzərə alır. Azərbaycan İranla mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək istəyir. Bu hər iki dövlətin maraqlarına uyğundur. Azərbaycanla İran arasında ortaq layihələrin icrası müzakirə olunur. 44 günlük müharibədə İran rəsmiləri ölkəmizin ərazi bütövlüyünü dəstəklədilər və Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu vurğuladılar. Rəsmi Bakı İranın bu siyasətini yüksək qiymətləndirdi. Təsadüfi deyil ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov müharibədən sonra ilk xarici səfərini İrana reallaşdırdı. Bu mənada İran vətəndaşları üçün viza rejiminin qaldırılması aktualdır, hətta mümkündür ki, gələcəkdə Türkiyə ilə olduğu kimi sadəcə şəxsiyyət vəsiqələri ilə gediş-gəliş reallaşsın. Bu, İranla Azərbaycan arasında əlaqələrin və gediş-gəlişin artmasına şərait yarada bilər. Gürcüstanla da eyni əsasda anlaşmanın imzalanması mümkündür".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər